Azərbaycan
Avropanın enerji təhlükəsizliyində mövqeyini
gücləndirir
Qloballaşan dünyada dövlətlərin milli təhlükəsizliyinin qorunması enerji məsələsi ilə də bağlıdır. Xüsusən son illərdə dünyada cərəyan edən, ələlxüsus əvvəlcədən proqnozlaşdırılmayan müxtəlif siyasi və iqtisadi proseslər - yeni müharibə ocaqlarının yaranması, enerjidaşıyıcılarının nəqli sahəsində problemlərin yaşanması göstərir ki, ayrı-ayrı dövlətlər enerji təhlükəsizliyi üçün daha ciddi düşünməlidirlər.
Bu il Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü tamam olur. Dövlət müstəqilliyimizin ilkin çağlarında bir çox tarixi sınaqlarla üzləşən respublikamız yalnız ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra bütün təhlükələri dəf etdi. Ulu öndərin sayəsində ölkəmizdə müstəqil dövlət quruculuğu prosesinə, bütün sahələrdə islahatların aparılmasına start verildi.
Bu dövrdə xalqımızın nail olduğu ən böyük uğurlardan biri ümummilli lider Heydər Əliyevin müəllifi olduğu yeni neft strategiyasının ölkəmizə verdiyi siyasi və iqtisadi dividendlərdir. Əvvəlki hakimiyyətlərin neft-qaz sahəsindəki siyasətindən kəskin fərqlənən bu strategiyanın əsas mahiyyəti Azərbaycan dövlətinin və xalqının milli maraqları ilə uzlaşması idi. Məhz bu strategiyanın uğurla reallaşmasının nəticəsi olaraq dünyanın aparıcı neft şirkətləri Xəzərin Azərbaycan sektorunda neft hasilatının birgə işlənilməsinə cəlb olundular. Ölkəmiz tədricən dünya birliyində enerji təhlükəsizliyinin təmini baxımından etibarlı və strateji tərəfdaş kimi öz yerini möhkəmləndirdi.
Təbii ki, Azərbaycanın dünyanın enerji təhlükəsizliyində oynadığı mühüm rol həm də neft-qaz ehtiyatlarını şaxələndirilmiş formada ixrac edə bilməsi imkanlarına sahib olmasından irəli gəlir. Prezident İlham Əliyevin ulu öndərin müəllifi olduğu yeni neft strategiyasını uzaqgörənliklə, qətiyyətlə davam etdirməsinin nəticəsi olaraq Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin çəkilişinin başa çatdırılmasından sonra karbohidrogen ehtiyatların nəqli ilə bağlı bütövlükdə Xəzər hövzəsində tamamilə yeni vəziyyət yarandı. Yəni, Xəzərin karbohidrogen ehtiyatları ilk dəfə olaraq alternativ yollarla dünya bazarlarına çıxarılmağa başlandı. Hazırda Azərbaycan neftini və qazını müxtəlif istiqamətlərə nəql edən 7 boru kəməri var. Bu kəmərləri genişləndirmək, şaxələndirmək və sayını artırmaq üçün yaxşı imkanlar da mövcuddur. Rəsmi Bakı neft-qaz təchizatı marşrutlarının şaxələndirilməsi ilə bağlı səslənən təklifləri hər zaman dəstəkləyir.
Xəzər dənizinin Azərbaycana aid hissəsi təkcə neftlə deyil, təbii qazla da zəngindir. İndiyə qədər neft sahəsində bütün iri layihələr icra edildiyi üçün indi Azərbaycan özünün enerji siyasətini daha çox qaz amili üzərində qurur. Bunun nəticəsi olaraq son bir neçə ildə respublikamızda təbii qaz hasilatı əhəmiyyətli dərəcədə artıb. "Şahdəniz" qaz yatağının kəşfi və buradan hasilatın başlaması isə ölkəmizin enerji təhlükəsizliyinin təmin olunmasında və dünya enerji bazarında böyük hadisə olmuşdur. Ötən il respublikamızda 27 milyard kubmetr qaz hasil edilmişdir.
2010-cu ildə Azərbaycan neftçiləri və mütəxəssisləri tərəfindən aşkarlanan "Ümid" yatağı ölkəmizin enerji potensialının dünya bazarlarına təqdim edilməsi üçün böyük hadisə oldu. "Ümid" yatağının kəşf olunması Azərbaycanın dünyada təkcə neft yox, eyni zamanda, təbii qazla zəngin olan dövlət imicini də yaratdı. Digər tərəfdən, bu yataq ölkəmizi istəməyənlər tərəfindən Azərbaycanın qaz ehtiyatları barədə təhrif olunan informasiyalara son qoydu. Burada kəşf edilən qaz ehtiyatları Azərbaycanın enerji potensialına böyük töhfə verdi. Gələcəkdə buradan hasilatın başlaması nəticəsində respublikamızın qaz ixracı daha da artacaq.
Respublikamızın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ərəfəsində Xəzərdən gələn bir xoş xəbər hamını sevindirdi, qürurlandırdı. Dənizin Azərbaycan sektorundakı "Abşeron" blokunda Fransanın "Total" şirkəti tərəfindən aparılan qazma və kəşfiyyat işləri nəticəsində burada böyük qaz yatağının olduğu aşkar edildi. Xatırladaq ki, hələ ötən il Prezident İlham Əliyev "Ümid" qaz yatağının açılması münasibətilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin rəhbərliyi ilə görüşündə demişdi: "Ümid edirəm ki, "Abşeron" yatağında növbəti kəşfiyyat işləri uğurlu olacaq və qaz ehtiyatlarımız böyük dərəcədə artacaqdır".
Bəli, bu yataqla bağlı bütün ümidlər özünü doğrultdu, gözləntilər elə əvvəldən proqnozlaşdırıldığı kimi oldu. İlkin hesablamalarına görə, "Abşeron" yatağının ehtimal olunan karbohidrogen ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Bu, Azərbaycanın neft və qaz potensialının indiyəcən təsdiqlənmiş ehtiyatlardan qat-qat çox olduğunun növbəti sübutudur. "Abşeron" müstəqillik dövründə Xəzərin Azərbaycan sektorunda kəşf olunan 3 ən böyük qaz yatağından biridir. Prezident İlham Əliyev "Abşeron" blokunda yeni böyük qaz yatağının kəşfi münasibətilə deyib: "Bu bizə imkan verəcək ki, öz qaz strategiyamızı daha da inamla irəliyə aparaq, Azərbaycanı qaz ixrac edən ölkə kimi dünyada daha da tanıtdıraq, Azərbaycan xalqının maraqlarını təmin edək. Uzun müddət bundan sonra, onilliklər bundan sonra Azərbaycan qaz ixrac edən ölkə kimi dünya miqyasında özünü göstərəcək və bizim ölkə kimi əhəmiyyətimiz, şübhəsiz, daha da artacaqdır".
Azərbaycan qaz yataqlarının kəşfi, proqnozlaşdırılan karbohidrogen ehtiyatlarla bağlı hər zaman ehtiyatlı mövqe nümayiş etdirir. Bu mənada, "Abşeron" blokunda böyük qaz ehtiyatının tapılması respublikamızın karbohidrogen ehtiyatları ilə bağlı mülahizələrin ehtimallar üzərində qurulmadığını növbəti dəfə nümayiş etdirdi. Növbəti illərdə isə yeni kəşfiyyat quyularının qazılmasının bu ehtiyatların çoxalmasına gətirib çıxaracağı şübhəsizdir.
Xəzərdə yeni qaz yataqlarının aşkar edilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mövqeyini gücləndirməklə əhəmiyyətini də artırır. Ümumiyyətlə, Avropanın enerji təhlükəsizliyi istiqamətində Azərbaycanla bağlı gözləntiləri də çoxdur. Yaxın illərdə "Şahdəniz"də qaz ixracı maksimum mərhələyə çatacaq. Təbii ki, o zaman enerji təhlükəsizliyi Avropanı indikindən daha da çox düşündürən aktual məsələ kimi gündəmdə olacaq. "Ümid" və "Abşeron"dan hasilatın başlaması isə Azərbaycanı yaxın gələcəkdə faktiki olaraq dünyada iri qaz ixracatçısı olan ölkə kimi tanıdacaq.
Xəzərin Azərbaycan sektorunda son illərdə yeni qaz yataqlarının kəşfi ölkəmizin neft-qaz strategiyasının uğurla həyata keçirilməsinin bariz təcəssümüdür. Eyni zamanda, bir daha təsdiq olundu ki, Azərbaycanda neft-qaz sahəsində bütün işlər uğurla aparılır. Ən əsası, yeni qaz yataqlarının kəşf olunması onu göstərir ki, ölkəmizin çox böyük imkanları, böyük potensialı və çox gözəl gələcəyi var.
Rəşad CƏFƏRLİ
Azərbaycan.- 2011.-13 noyabr.- S. 1.