Azərbaycandan Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkənlərə növbəti yardım göndərilmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən noyabrın 12-də səhər saatlarında avtomobil karvanı ilə Türkiyənin Van bölgəsində zəlzələdən zərər çəkmiş insanlara növbəti yardım yola salınmışdır.

AzərTAc xəbər verir ki, avtomobil karvanı ilə 200 çarpayı, 150 çadır təbii fəlakət bölgəsinə göndərilmişdir.

FHN-in Mülki Müdafiə Qoşunlarının komandanı, general-mayor İlham Abdullayev bildirmişdir ki, yardım aparan avtomobil karvanı İran ərazisindən keçərək Türkiyəyə gedəcəkdir.

İlham Abdullayev demişdir ki, Azərbaycan Prezidenti İlham Əliyevin göstərişi ilə bundan əvvəl Fövqəladə Hallar Nazirliyi tərəfindən 1250 ədəd çadır, 700 səhra yataq dəsti, 5000-dən artıq adyal, 2000 yataq dəsti, 40 generator, 40 dəst mətbəx ləvazimatı və 2 səhra mətbəxi təbii fəlakətdən zərər çəkmiş bölgəyə çatdırılmışdır.

Xatırladaq ki, Van bölgəsində xilasetmə əməliyyatlarında yaxından iştirak edən Azərbaycan xilasediciləri tərəfindən dağıntılar altından 12 şəxs xilas edilmiş, 60 cəsəd çıxarılmışdır.

 

 

Azərbaycan.- 2011.- 13 noyabr.- S.  1.