Macar rapsodiyası
Bu bizim ümumi, eyni zamanda, çətin və şərəfli tariximizi xatırladır
"...Biz hər il böyük, mühüm tədbirlər həyata keçiririk. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində, həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik."
Pal Şmitt,
Macarıstan Prezidenti
Macarıstan Prezidentinin bu günlərdə ölkəmizə rəsmi səfəri bir çox cəhətdən yaddaqalan oldu - müqavilələr imzalandı, hər iki ölkənin iş adamlarını əhatə edən biznes forumu keçirildi, müxtəlif beynəlxalq və regional xarakterli məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
Mədəni əlaqələrin inkişafı da diqqətdən kənarda qalmadı. Macarıstan Prezidenti Pal Şmittin çıxışlarında ümumi köklərimizlə əlaqədar söylədikləri xüsusi maraq doğurdu: "Mən mədəniyyət, idman, təhsil, elm sahələrindəki əməkdaşlığımızı da qeyd etmək istərdim. Mən cənab Prezidentin diqqətini bir fakta yönəltdim ki, biz hər il böyük, mühüm tədbirlər həyata keçiririk. Onlardan biri qurultay adlanır və həmin tədbirdə dörddəbir milyon şəxs iştirak edir. Əslində, həmin tədbirlər çərçivəsində biz öz ümumi köklərimizi müzakirə edirik. Hesab edirəm ki, ölkələrimiz arasında münasibətlər dostluğa əsaslanır."
Onu da qeyd etmək lazımdır ki, Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlər arasında Macarıstan da var. Macar və Azərbaycan xalqlarını bir-birinə bağlayan tarixi köklər çox qədimlərə gedib çıxır. Dövlət başçısı İlham Əliyev bu münasibətlərə toxunarkən qeyd etmişdir: "Bu gün biz Sizinlə mədəniyyət, humanitar sahədə əməkdaşlığa da toxunduq. Bu sahədə əməkdaşlığın qədim tarixi kökləri vardır. Eyni zamanda, indiki dövrdə də bu sahədə əməkdaşlığımızın genişlənməsi üçün yeni imkanlar açılır. Bizim ölkələrin vətəndaşları bir-birini daha da yaxından tanımalıdırlar, daha da sıx təmasda olmalıdırlar."
Avropada xüsusi yeri olan Macarıstan Respublikasını macarlar özləri "Magyar Kostarsasag" adlandırırlar. Əhalinin əksərini təşkil edən macarlar özlərinin qədim türk kökləri ilə fəxr edirlər. Onlar özlərini "Hinqarian", yəni, qədim Hunlar ölkəsinin sakinləri sayırlar. Macarıstanda ən son siyahıyaalma 2001-ci ildə keçirilib və onun nəticələrinə görə ölkədəki əhalinin 9 627 057 nəfəri macar, 205 720 nəfəri qaraçı, 120 344 nəfəri alman, 39 266 nəfəri slovakdır.
Avropanın gözəl guşələrindən birində öz dövlətini quran macarları koreyalılar, finlər, norveçlər kimi, türklərlə qədim qohumluq əlaqələri də bağlayır. Tarixçi alim Y.Mahmudov onları türklərlə "əmiuşağı" hesab edir. Vaxtilə Ural dağlarının ətrafında məskunlaşan bu xalqlar tarixin ədalətsiz hökmü ilə bir-birindən ayrı düşsə də, öz tarixi köklərini araşdırmağa çalışır, mədəni-iqtisadi əlaqələri inkişaf etdirirlər.
Macarıstanın relyefi daha çox düzənliklərlə seçilir. Ölkənin şimalında əzəmətli dağları da var. Orta Dunay ovalığı geniş bir sahəni əhatə edir. Təbii sərvətləri - daş kömür. Neft, qaz, mis, uran, boksit yataqları az olsa da, mülayim iqlimi, bərəkətli torpaqları kənd təsərrüfatının inkişafı, turizmin vüsət almasına yaxşı şərait yaradır. Ərazisinin 16 faizini təşkil edən meşələr, Dunay və Tisa kimi çayları, Balaton gölü və başqa təbii imkanları ölkənin iqtisadi həyatında mühüm rol oynayır.
Bugünkü inkişafa qədər Macarıstanın keçdiyi yol təzadlarla zəngindir. O, 1818-ci ilə kimi Avstriya-Macarıstan imperiyasının tərkibində olub. Birinci dünya savaşının nəticələrindən biri kimi 1918-ci il noyabrın 16-da Macarıstan Respublikası elan edilib. Bununla, Habsburqların 400 illik səltənətinə son qoyulub. Kommunistlərlə sosial-demokratlar 1919-cu il martın 21-də ölkəni Sovet Respublikası elan etsələr də, hakimiyyətdə çox qala bilməyiblər. Həmin ilin avqustunda Macarıstan Sovet Respublikası süquta uğrayıb. Hakimiyyətə gələn kontr-admiral Miklos Xorti Trianon sülh müqaviləsinə əsasən, ərazinin üçdə ikisini, əhalisinin üçdə birini və dənizə çıxışı itirsə də, bu haqsızlıq bizim Qarabağ savaşından fərqli olaraq çox uzun sürməyib. Qraf Betlenin hökmranlığı dövründə Slovakiya, Cənubi Karpat Ukraynası və Transilvaniya torpaqlarında macar hakimiyyəti yenidən bərpa olunub.
Macarıstan Prezidentinin Azərbaycana rəsmi səfəri xalqlarımız arasındakı əlaqələrin daha da möhkəmlənməsinə xidmət edəcəyi şəksizdir. "Xalqlarımız və dövlətlərimiz tarixən bir-birinə hörmətlə yanaşıblar" - deyən Prezident Pal Şmitt, tarixə nəzər salaraq bir faktı xüsusi qeyd etdi: "Azərbaycan və macar xalqları arasında münasibətlərin tarixi uzaq keçmişə təsadüf edir və həmin vaxtlardan etibarən hər iki millət hunlar, skiflər, xəzərlər kimi eyni toplumun bir hissəsi olaraq ümumi qədim irsə malikdirlər və qan qohumluğu, mədəniyyət və dil sahələrində oxşarlıqlar bizi bir-birimizə bağlayır. Gələn ilin avqust ayında Macarıstanda keçiriləcək Millətlər Məclisinin 4-cü qurultayı həmin qan qohumluğunun mühüm təzahürü olacaq və biz həmin tədbirdə Azərbaycan xalqının da nümayəndələrini gözləyirik."
Görüşlərdə vurğulandığı kimi bu münasibətlərin inkişafı üçün mədəniyyət, elm və təhsilin rolu əvəzsizdir. Musiqinin, mədəniyyətin yada saldığını, söylədiyini heç kim o cür ifadə edə bilməz. Xüsusilə, ortaq bir keçmişdən, ümumi bir mədəniyyətdən söhbət gedirsə. Noyabrın 11-də "Üns yaradıcılıq səhnəsi" teatrında məşhur macar bəstəkarı, X!X əsr Avropa romantik musiqisinin məşhur nümayəndələrindən olan bəstəkar, pianoçu, pedaqoq, publisist kimi tanınan Ferens Listin anadan olmasının 200 illiyinə həsr olunan konsertə qatılan Macarıstan Prezidenti tamaşaçıların alqışlarını elə bu yaxınlığın və qan qohumluğunun ifadəsi kimi qəbul etdi. Konsertdə gənc pianoçu Murad Hüseynovun ifa etdiyi əsərlər - Ferens Listin "La Campanella", "İspan rapsodisi", "Sevgi yuxusu" və "Macar rapsodisi" hər bir dinləyicini ümumi, eyni zamanda, çətin, mürəkkəb, şərəfli tariximizlə tanış edir, hamını XX əsrin bəlasına çevrilən yaddaşsızlıq və manqurtluqdan qorumağa çağırır. "Macar rapsodisi" həm də bu gün üçündür - torpaq, Vətən sevgisilə yaşayan hər bir macar əsgəri və bir də Budapeştdə həbsxana həyatı yaşayan igid əsgərimiz Ramin Səfərov, ona oxunan ədalətsiz hökm üçündür. Ümid edirik ki, Macarıstan Prezidentinin bu səfəri illərdir müşgülə çevrilən bu problemin həllinə də kömək göstərəcək. Macarıstan Prezidentinin ölkə Prezidenti ilə görüşdə söylədiyi kimi: "Biz Sizin adət-ənənlərinizə və dəyərlərinizə hörmətlə yanaşırıq."
Bəxtiyar QARACA
Azərbaycan.- 2011.-13 noyabr.- S. 2.