Ziyalı
adına kölgə salmayaq
Ziyalı sözü, ziyalı mövqeyi tarix boyu bütün cəmiyyətlərdə böyük rol oynayıb. Çünki əsl ziyalılar öz əməlləri ilə daim tərəqqiyə, xalqın intibahına xidmət ediblər. Elə buna görə də təsadüfi deyildi ki, dahi siyasətçi, görkəmli dövlət xadimi, xalqımızın böyük oğlu Heydər Əliyev ziyalıların cəmiyyətimizdəki yerinə xüsusi önəm verirdi. Ulu öndərin siyasi xəttinin layiqli davamçısı İlham Əliyev də ziyalıların cəmiyyətdəki rolunu daim yüksək qiymətləndirir. Elm adamlarının, şair və yazıçıların, sənətkarların yaradıcılıq fəaliyyətlərinin, layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində intensiv atılan addımlar bunun bariz təcəssümüdür.
Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, inkişafı bir çox xarici dairələri daim narahat edib. Ənənəvi olaraq ölkəmizə qarşı müxalifət kartından istifadə edən antiazərbaycançı şəbəkə indi də deyəsən ziyalılardan istifadə etməyə cəhd göstərir. Onların əsas hədəfi isə öz fəaliyyəti ilə cəmiyyətdə heç bir maraq kəsb etməyən Ziyalılar Forumundan yararlanmaqdır. Öncə qeyd edək ki, bu qurum ona görə ictimai maraq doğurmur ki, burada təmsil olunanlar Azərbaycanın əsl ziyalı elitasını əhatə etmir. Bu forumda əsasən öz siyasi əqidəsizliyi ilə seçilənlər, Azərbaycan hakimiyyətindən məhz şəxsi mənafeləri ucbatından incik düşənlər, növbəti dəfə deputat seçilməyənlər çoxluq təşkil edir. Məhz belələri qurumu hakimiyyət uğrunda yeni mübarizə formatı kimi qələmə verərək, bu istiqamətdə antiazərbaycançı şəbəkədən də yardım almaq niyyətlərini gizlətmirlər. Bu isə ziyalılıq meyarı ilə bir araya qətiyyən sığmır.
İndiyədək Dağlıq Qarabağla bağlı bir dəfə də olsun müzakirə keçirməyən bu forumun işdə yol verdiyi nöqsanlara görə vəzifəsindən azad olunan Azərbaycan Dövlət Neft Akademiyasının Avtomatlaşdırılmış idarəetmə sistemləri kafedrasının müdiri Rafiq Əliyev barədə canfəşanlığı, bununla bağlı ali təhsil müəssisəsinin qərarına siyasi don geydirmək cəhdi çirkin və qərəzli niyyətlərdən başqa bir şey deyildir.
Bununla bağlı ziyalıların mövqeyi də qətidir. Qəzetimizə müsahibəsində bu məsələyə münasibət bildirən Azərbaycan Müəllimlər İnstitutunun rektoru, siyasi elmlər doktoru, professor, Milli Məclisin deputatı Aqiyə Naxçıvanlının sözlərinə görə, Ziyalılar Forumu adlanan qurumun fəaliyyəti, əslində, ziyalı təfəkkürü, ziyalı dünyagörüşü, ziyalı mədəniyyəti, həyata ziyalı baxışı ilə qətiyyən uzlaşmır. Məhz belə qurumların fəaliyyəti ziyalı adına hörmətsizlik gətirir. Müstəqillik illərində Azərbaycan ziyalısı yeni, müasir və qüdrətli dövlət quruculuğu prosesinin ən fəal iştirakçısı kimi cəmiyyətin inkişafında yaxından iştirak edib. Ziyalılarımız Azərbaycanı gözü götürməyən xarici dairələrin yaratmağa cəhd etdikləri siyasi proseslər zamanı da sağlam mövqe sərgiləyərək dövlətimizin və xalqımızın milli maraqlarının təmin olunmasında qətiyyətli mövqe nümayiş etdiriblər. Daşıdıqları mənəvi statusa uyğun olaraq, daim cəmiyyət həyatının bütün sahələrində ön mövqedə olan ziyalılar ölkəmizdə vətəndaş sülhünün formalaşmasında, milli-mənəvi dəyərlərin qorunub möhkəmlənməsində öz dəyərli sözlərini deyiblər. Amma bu forumda cəmləşənlərin fəaliyyəti ziyalı adına sadəcə ləkə gətirir, onların cəmiyyətdəki nüfuzuna zərbə vurur.
Aqiyə Naxçıvanlı təəssüflə bildirdi ki, forumda cəmləşənlər indiyədək müxtəlif bəyanatlar veriblər. Amma bunların heç birində Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemindən bəhs edilmir, erməni silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı nəticəsində Azərbaycanın beynəlxalq hüquqlarının pozulduğu qeyd olunmur. Məhz bu amil göstərir ki, forumun məramı Azərbaycan dövlətinin və xalqının maraqları ilə üst-üstə düşmür.
R.Əliyevin vəzifəsindən azad edilməsinə gəldikdə isə Aqiyə Naxçıvanlı dedi ki, bəzi insanların - köhnə və ənənəvi vərdişlərinə sadiq qalaraq ağa qara deməyə adət etmiş radikal müxalifət təmsilçilərinin, antiazərbaycançı şəbəkədən aldıqları qrant hesabına düşmən dəyirmanına su tökənlərin, əqidəsini satanların R.Əliyevin vəzifədən azad olunması ətrafında süni ajiotaj yaratmağa, məsələyə "siyasi don" geydirməklə Azərbaycan hakimiyyətini tənqid hədəfinə çevirməyə cəhd etməsi yalnız təəssüf doğurur. Belələri yanılırlar. Çünki elmi ictimaiyyət R.Əliyevin kafedra müdiri vəzifəsindən azad olunmasında heç bir siyasi məqsədin güdülmədiyini, onun ictimai-siyasi mövqeyinin bu məsələdə heç bir rol oynamadığını çox gözəl bilir.
Aqiyə Naxçıvanlı qeyd etdi ki, istənilən ali məktəbdə kafedra müdiri olmaq çox məsuliyyətli vəzifədir. Bu vəzifəni daşıyan insan kafedranın işini yüksək səviyyədə nizamlamalı, elmi-pedaqoji işini təmin etməyi bacarmalıdır. Əgər kafedra rəhbəri öz əsas vəzifəsini kənara qoyub, digər işlərə daha çox vaxt ayırarsa həmin kafedranın işi iflic vəziyyətinə düşər. R.Əliyev də kafedra müdiri idi. Ona Neft Akademiyasının ən aparıcı kafedralarından birinin rəhbəri vəzifəsi həvalə olunmuşdu. Amma o, aylarla öz vəzifəsinə deyil, daha çox digər işlərə diqqət ayırıb. Ona görə onun kafedra müdiri vəzifəsindən azad edilməsində heç bir qəbahət yoxdur.
Aqiyə Naxçıvanlı onu
da bildirdi ki, R.Əliyev vaxtilə Mərkəzi Komitədə
ideologiya sahəsində fəaliyyət
göstərəndə də bir sıra
səhvlərə yol verib.
Görünür ki,
həmin səhvlərdən nəticə
çıxarmayıb və kafedra müdiri kimi də nöqsanlara yol verib. R.Əliyevin gözəl alim
olmasına şübhə yoxdur. O, Azərbaycan
Müəllimlər İnstitutunda da mühazirələr oxuyub.
Amma, görünür,
onda təşkilatçılıq
bacarığı yoxdur. "Biz hamımız müəllimik. Heç birimizin alnına
yazılmayıb ki, ömrümüzün
axırınadək ya kafedra
müdiri olmalıyıq, ya
da rektor. R.Əliyev hətta
Mərkəzi Komitədəki vəzifəsindən azad ediləndə belə hay-küy
olmamışdı. Gündə neçə kafedra
müdiri vəzifəsindən, prorektorluqdan azad edilir. Amma onların ətrafında belə süni
ajiotaj yaradılmır" -deyən Aqiyə
Naxçıvanlı əlavə etdi ki, bəzi insanların R.Əliyevin vəzifədən
çıxarılmasına sensasion
yanaşmaları, "siyasi don" geydirməyə
çalışmaları, müxalifətin bunu
əlində bayraq etməsi mənəviyyatsızlıqdır.
Əslində R.Əliyevin vəzifədən azad edilməsi onun özü üçün
daha münasib
olmalıdır. Çünki vəzifədən
kənarlaşdırılması onun daha intensiv şəkildə
elmi fəaliyyətlə məşğul
olmasına imkan verəcək. Kafedra müdiri olmaq bir vəzifə
daşımaq deməkdir. Bu vəzifənin
isə müəyyən dərəcədə aktiv elmi fəaliyyətlə
məşğul olmasına maneçilik
yaratması təbiidir.
Aqiyə
Naxçıvanlı ziyalı adından sui-istifadə edənləri
bu ada kölgə salmamağa çağırdı: "Hər
bir ziyalının əməli, fəaliyyəti xoş
assosiasiya doğurmalıdır. Cəmiyyət məhz buna
görə ziyalıya dəyər verir. Bu gün
özünü ziyalı kimi qələmə verib hər
şeydən danışanlar, şəxsi maraqlarını
ümummilli mənafedən, milli birlikdən üstün
tutanlar, Qarabağ həqiqətini dilə gətirməyənlər,
bir kafedra müdirinin vəzifədən
çıxarılmasını siyasi hadisə kimi cəmiyyətə
sırımağa çalışanlar unutmamalıdırlar
ki, xalqımız onların əqidəsini də,
keçmişini də çox gözəl bilir. Ona görə
belə insanların hansısa qurumda bir araya gələrək
açdıqları gərəksiz müzakirələr
ziyalı adına kölgə salır. Məsləhət
görərdim ki, belələri daha səmərəli, cəmiyyətə
xeyir verən fəaliyyətlə məşğul
olsunlar".
Söhbəti yazdı: R.CƏFƏRLİ
Azərbaycan.- 2011.- 13 noyabr.- S. 3.