Şəxsi maraq milli mənafedən üstün tutulmamalıdır
Hər bir xalqın tarixində daha çox yadda qalan onun ziyalısı, sərkərdəsi, dövlət başçısı olur. Azərbaycan xalqı da özünü tanıyandan və bəşəriyyətə təqdim edəndən ziyalılarının zəkasından bəhrələnib. Ziyanın işıq, nur olduğunu isə, əlbəttə, sadə əmək adamından, elm xadimlərimizədək hər birimiz bilirik. Belə örnəyə çevrilmiş ziyalılarımızın fəaliyyəti təkcə təmsil etdiyi xalqın deyil, ümumbəşəri sayılır və daim dəyərləndirilir.
Bu gün dünyanın ən tanınmış simaları arasında xalqımızın da ziyalılarının olması, ən azı, qürur və iftixar yerimizdir. Bir sözlə, öndə gedənlər, öz təfəkkür tərzi ilə digərlərinə örnək sayılan, zəkasının işığı zülmətlər yaran ziyalılarımız, nə yaxşı ki, barmaqhesabı sayılmır. Xalqımız daim öz ziyalılarını öndə görüb və onların simasında tanınıb.
O da məlumdur ki, Azərbaycanımızın ərazisi kimi, əhalisi də o qədər çox deyil ki, bir-birimizi tanımayaq. Azərbaycanda yaşamaq nə qədər şərəflidirsə, ondan da artıq məsuliyyətlidir. Müxtəlif quruluşlar yola salmış xalqımız dövlət müstəqilliyinin yenidən bərpasından ötən 20 illik bir zamanda keçdiyi sürətli inkişaf yolunu nə danmaq, nə də inkar etmək mümkündür. Dünyanın aparıcı dövlətləri sırasına çıxan, bir sıra beynəlxalq və nüfuzlu təşkilatların üzvlüyünə qəbul edilən dövlətimizin aparıcı qüvvəsi ilk növbədə daxili və xarici siyasət kursunun düzgün seçilməsidirsə, ikinci mühüm amil isə ziyalılarımızın zəkasından səmərəli şəkildə istifadə olunmasıdır.
Təbii ki, demokratik quruluşlu cəmiyyətlərdə fikir müxtəlifliyi labüddür və bundan qaçmaq mümkün deyildir. Ötən əsrin 90-cı illərindən ölkəmizdə də iqtidar-müxalifət düşərgəsi arasında fikir ayrılığı, plüralizm mövcud olmuşdur. Azad mətbuat da məhz demokratik cəmiyyətin formalaşdığını təsdiq edən amillər sırasındadır. Lakin, təəssüf hissi ilə qeyd edilməlidir ki, bəzən ziyalıların nüfuz və hörmətindən sui-istifadə halları da özünü göstərmişdir. Ötən əsrin sonlarından başlayan bu tendensiya bu gün də davam etdirilməkdədir. İqtidar və müxalifət düşərgəsindən tamamilə uzaq, əvvəlki "yağlı tikə"sini öz niyyətinə qurban verib, sonradan "üçüncü qüvvə" kimi müxalifətin "şinelinə bürünən", əslində isə heç bir tərəfi təmsil etməyən belələri unudurlar ki, bununla onlar hər iki cəbhəni itirir və cəmiyyətin süpürüb atdığı çamura çevrilirlər. Bu "kateqoriya"ya məxsus bəzilərinin bir araya gələrək Ziyalılar Forumunda xalqımızın adından danışmaq, onun "vəkili"nə çevrilmək istəklərinin arxasında dayanan çirkin niyyətlər məlumdur. Çünki belə cəhdlərin dəfələrlə şahidi olmuşuq. Ölkəmizdə istər elmə, istərsə də, ümumiyyətlə, ziyalılarımza göstərilən dövlət qayğısını unutmaq, ağa qara demək, ən azı, özünü gülünc vəziyyətə salmaq deməkdir.
Bu günlərdə adı daha çox hallanan ADNA-nın kafedra müdiri Rafiq Əliyevin vəzifəsindən çıxarılmasını bir şouya çevirmək istəyənlərin yersiz "arqumentləri" bu mənada çox cılız və yersiz görünür. Onun müdafiəsi ilə bağlı göstərilən "canfəşanlıq", sadəcə, gülüş doğurur. Doğrudanmı xalqımızın ziyalı təbəqəsini düşündürən və narahat edən qlobal problem yoxdur? Bəs Qarabağ?! Professorun doğulduğu Qarabağın 20 ildir ki, düşmən tapdağı altında qalması bu Ziyalılar Forumunda toplaşanları niyə əndişələndirmir? Bəlkə bu məsələnin onlara aidiyyəti yoxdur. Azərbaycan cəmiyyətində kimin kim olduğu və hansı ictimai fəaliyyətlə məşğulluğu gün kimi aydındır.
Əlbəttə, yuxarıda qeyd etdiyim kimi, ziyalı sözünə daim ehtiyac olub və bundan sonra da duyulacaq. Amma ziyalını nüfuz və hörmətdən salmağa göstərilən cəhd kimi qiymətləndirilən bu siyasi oyunbazlıq, spekulyasiya dövlətimizin inkişafı yolunda xidmətlər göstərmiş insanların əleyhinə yönəlmiş bir cılız kampaniyadır. Dünənki millət vəkili, cəmiyyətdə müəyyən mövqe nümayiş etdirmiş (əslində isə mövqesizlik göstərmiş), bu gün isə mandatını itirən və ya vəzifəsindən uzaqlaşdırılan kimlərinsə bütünlüklə xalqımızın ziyalıları adından danışmaq haqqını haradan qazandıqları məlum deyil. Ziyalı təkcə dünən deputat mandatı daşıyan və ya hakimiyyətdə təmsil olunan, bu günsə müxalifət düşərgəsinə "xidmət" göstərən ola bilməz. Xalqımızın milli birliyinə kölgə salmaq cəhdi isə heç bağışlanası deyil. Biz, əlbəttə, bugünkü inkişafa milli birliyimizlə, hakimiyyətlə xalqın bir məqsəd uğrunda mübarizəsi zəminində nail olmuşuq. Demək, bu nailiyyətdə həmin insanların əməli fəaliyyəti olmayıb ki, milli birlik axtarışındadırlar.
Rafiq Əliyev savadlı adamdır, odur ki, professor
özü bu işdən
çıxmanı təbii qarşılayır, ancaq digərləri nədənsə,
narahatlıq keçirirlər. Deməli, antiazərbaycançı
şəbəkə bundan da
öz çirkin məqsədləri
üçün istifadə edir. Əgər
Rafiq Əliyev ADNA-nın müəllimi, professoru olaraq həmin təhsil
ocağında qalırsa, hətta mühüm
bir proqram-layihədə rəhbərliyini
davam etdirirsə, burada
inciməli, əlavə hay-küy
qaldırmalı nə var?! Əksinə, professorun daha
sanballı elmi yaradıcılıqla məşğul
olmağa daha çox vaxtı olacaq.
Mən
özüm və ailə üzvlərimiz 1948-ci ildə Qərbi
Azərbaycandan, Vedidən, dədə-baba
torpaqlarımızdan deportasiya edilmişik. O vaxtdan Şəmkirdə
yaşayırıq, yaxşıların yaxşısı olan
həyat şəraitimiz var, amma torpaq itkisi, el-oba həsrəti
başqa dərddir. Mənə elə gəlir, su
bulandırmaqla məşğul olan bəzi
"ziyalılar" intriqa, dedi-qodu yaratmaqdansa, dünya
şöhrətli alimin Qarabağ dərdinə şərik
çıxsalar, onun anadan olduğu, hazırda erməni qəsbkarlarının
tapdağı altında inləyən Ağdamın,
ümumiyyətlə, işğal altında olan
torpaqlarımızın azadlığı haqqında dünya
ictimaiyyətinə müraciət
etsələr, buna Rafq müəllim özü də çox
sevinər, biz oxucular da. İllərlə doğma yurd həsrəti
ilə yaşayan ziyalı kimi sizi inandırıram ki, Rafiq
müəllimin bəlkə də ən böyük arzusu
yaşının bu vaxtında Ağdamda, anadan olduğu evdə
olması, istirahət etməsi, doğmaları uyuyan torpaqları azad görməsi və
o yerlərdə asudə gəzməsidir. Əsl ziyalı
el-oba dərdi, vətən və xalq
təəssübü çəkəndir. Mənə
belə gəlir, Ziyalılar Forumunda cəmləşənlər
bu istiqamətdə hörmətli professora dəstək
olsalar, bu, həm Rafiq müəllimin mövqeyinə, həm də
həmin ziyalıların özlərinə hörmət gətirər.
Əbdül İSGƏNDƏROV,
Şəmkir rayonu, müəllim
Azərbaycan.- 2011.-13 noyabr.- S. 3.