Samux müasirləşir
Lüksenburq kəndində təqribən eyni vaxtda iki mühüm obyektin açılışı oldu. Əvvəlcə mobil tipli su təmizləyici qurğusu işə başladı. Sonra üçmərtəbəli məktəb binası istifadəyə verildi. Beləcə, Samuxun yeni-yeni ünvanları aybaay, ilbəil artır.
Samux, ölkəmizin təzə rayonlarından biri, müstəqilliyin yaşıdıdır. Ötən iyirmi il ərzində bu yerlər hər mənada azı iyirmi mərtəbə ucalıb. Xanlar rayonundan ayrılanda (indiki Göygöl) Samux sadə bir kənd idi. Küçələr tozlu-torpaqlı, evlər də ki, yöndəmsiz. Nə düz-əməlli qazı var idi, nə suyu, nə də işığı. Doxsanıncı illərin burulğanında çox şey dağılıb getmişdi. Rayon təzə, şərait yox, oturmağa yer tapmaq olmurdu. Ən mühüm idarə və təşkilatlar belə yarıqaranlıq, uçuq-sökük binalarda yerləşirdi. Dövr çox mürəkkəb idi. Hər yanda millət "qəhrəmanları", silahlı quldur dəstələri at oynadırdılar. Qətl, qarət adi hala çevrilmişdi.
Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişi ilə Samuxun yeni həyatı başlandı. Silahlı dəstələr ləğv edildi, sabitlik, əmin-amanlıq bərqərar olundu. İslahatlar aparıldı, əmlak özəlləşdirildi, torpaq öz sahibinə verildi, bələdiyyələr yaradıldı. Beləliklə, bütün ölkədə olduğu kimi, bu yerlərdə də həyat öz axarına düşdü.
Samuxlular xalqın xilaskarı Heydər Əliyevə, onun yaratdığı dövlətə, dövlətçiliyə, ulu öndərin layiqli davamçısı İlham Əliyevə sədaqəti, məhəbbəti hər sahədə öz əməli işləri ilə nümayiş etdirirlər. Rayonda iqtisadiyyat sürətlə inkişaf edir. Abadlıq-quruculuq getdikcə daha geniş miqyas alır. Sosial məsələlərə, mənəvi problemlərə xüsusi önəm verilir.
İndi bu yerləri tanımaq olmur. Geniş prospektlər, yaraşıqlı küçələr göz işlədikcə uzanır. Asfalt yollar güzgü kimi parlayır. Bir-birindən yaraşıqlı binalar ucalır. Parklar, bağlar, fəvvarələr göz oxşayır, işıqlandırma sistemi başdan-başa təzələnir. Səkilər sahmana salınır, binaların fasadları milli ornamentlərlə bəzədilir.
Görəndə ki rayon öz köhnə sərhədinə sığmır, tədricən yeni-yeni yaşayış massivləri salındı. Yollar çəkildi, binalar tikildi, hər cür infrastruktur yaradıldı. İndi Samux eninə-uzununa böyüyür, ulu öndər Heydər Əliyevin adını daşıyan prospekt və Heydər bağı əsl seyrangaha çevrilib.
Həmin yaraşıqlı prospekt
boyu Samux rayonu Gəncəyə doğru
uzanır. Yolun hər iki
tərəfində bir-birindən yaraşıqlı fərdi
və ictimai binalar
ucalır. Samuxun yeni ünvanlarına fikir verin: maliyyə
şöbəsinin, statistika idarəsinin,
poçtamtın, baytarlıq mərkəzinin, polis
şöbəsinin, ağır atletika idman kompleksinin və başqa idarə və təşkilatların müasir quruluşlu
binaları, mərkəzdə isə icra
hakimiyyətinin müasir üslublu
üçmərtəbəli binası, bir
də müqəddəs Bayraq
meydanı. Bunların hamısı son illərin
yadigarlarıdır.
Samux
rayonu, bax beləcə, dövlətin tükənməz
qayğısı və diqqəti sayəsində qısa bir
vaxtda şəhər səviyyəsinə çatdı. Prezident
İlham Əliyevin sərəncamı ilə Gəncənin
yaxın qonşusu, Nizami yurdunun kiçik qardaşı Samuxa
şəhər statusu verildi. Bu, son illərdə
ardıcıl surətdə görülən
genişmiqyaslı abadlıq və quruculuq işlərinin bəhrəsidir.
Bəli, Samux müasir görkəmli şəhər oldu.
Bununla da abadlığın, quruculuğun miqyası getdikcə
genişlənir.
Samux
əsasən bitkiçiliklə və maldarlıqla
tanınırdı. Burada hər il təqribən otuz min ton
taxıl, çoxlu üzüm, meyvə və tərəvəz,
habelə ət, süd, yun, yumurta istehsal olunur. Aqrar sahənin
sürətli inkişafı ilə yanaşı, indi Samux
güclü-qüvvətli sənaye mərkəzinə
çevrilir.
Məsələn,
çox da böyük olmayan bir rayonda 500 kilovoltluq
yardımçı yarımstansiya tikilib. Mütəxəssislər
deyirlər ki, o, ölkə üzrə bu qəbilli ikinci
stansiya sayılır. Bununla da "Samux"
yardımçı stansiyası Gəncə şəhərindəki
poladəritmə zavodlarını elektrik enerjisi ilə təmin
edəcəkdir.
"Universal H.A.A" meyvə
emalı və saxlama anbar-kompleksi
Qərb bölgəsinin ən iri, ən gərəkli
obyektlərindən biridir. Burada
iyirmidən artıq soyuducu kamera işləyir. Kartof, soğan,
kələm və digər meyvə-tərəvəzlə
yanaşı, ət və süd məhsullarının
mühafizəsi üçün hər
şərait yaradılıb. İndi onun nəzdində mürəbbə zavodunun, kənd təsərrüfatı məhsullarının
pərakəndə və topdan
satışı məqsədi ilə "Yaşıl Bazar" kompleksinin
tikintisinə başlanmışdır. Həmin ərazidə
avtovağzalın inşası da nəzərdə
tutulmuşdur.
Müasir
istehsal-emal müəssisələrindən biri Sərkar kəndində
fəaliyyət göstərən Quşçuluq fabrikidir. Yeni
yaradılan broyler sexi ilin hər çağında əhalinin
quş əti ilə təmin olunmasına kömək göstərir.
Rayon mərkəzində inşa olunan ət-süd
kombinatında isə işlər başa çatmaq üzrədir.
Dünən
adicə kənd təsərrüfatı rayonu kimi tanınan
Samuxda güclü-qüvvətli sənaye-emal müəssisələrinin
yeni-yeni ünvanları yaranır. Qarayeri qəsəbəsində
"Qaraçanaq" şərab zavodu istifadəyə
verilib. "Qoşqar" un fabriki hər yanda tanınır.
"Bizim ailə" adlı tumdoldurma mərkəzinin məhsulları
respublikanın hər guşəsinə, hətta sərhəddən
kənara da gedir. "Çinar" müəssisəsində
ictimai və fərdi binalar üçün mişar
daşından milli ornamentli bəzək hissələri
hazırlanır.
Bütün
bunlarla yanaşı, sosial obyektlərin inşasına da
xüsusi fikir verilir. Respublika əhəmiyyətli Gəncə-Samux
magistralı yenidən qurulur. Qısa müddət ərzində
Lək, Qarayeri, İnstitut yollarında genişmiqyaslı təmir
işləri aparılıb, yolların ətrafına minlərlə
ağac və gül kolları əkilib. Sərkar, Ziyadlı,
İstixana, Qovlarsarı, Qarayeri, Seyidlər,
Sarıqamış və Qədili kəndlərindən Gəncə
şəhərinə çıxışı təmin edən
Sərkar-Qədili avtomobil yolunun əsaslı təmiri
başa çatmaq üzrədir.
Rayon
icra hakimiyyətinin başçısı Vilyam Hacıyev
deyir ki, son beş ildə kənd təsərrüfatı sahəsində
məhsul istehsalı təqribən dörd dəfə, sənayedə
isə 8,5 dəfə çoxalıb. Həmin müddət ərzində
əsaslı kapitala yönəldilən investisiyanın həcmi
23,2 dəfə artıb. Bu, heç də son hədd deyil.
Qarşıda daha böyük vəzifələr durur. Cari
ilin doqquz aylığının yekunları müzakirə
edilərkən bu barədə ətraflı söhbət
getdi və irəli sürülən iradların, arzu və təkliflərin
icrası üçün konkret tədbirlər planı qəbul
olundu.
Samux
rayonu həmişə dövlət
başçısının diqqət mərkəzindədir.
Bu yerlərə səfəri zamanı görülən
işlərə yüksək qiymət verən Prezident
İlham Əliyev görüşlərin birində
demişdir: "Samux rayonuna mən birinci dəfə deyil ki gəlmişəm,
əvvəllər də gəlmişdim. Hər dəfə gələndə
sevinirəm ki, burada hansısa bir yeniliyi görürəm,
inkişafı, abadlığı görürəm".
Bəli,
müstəqilliyin yaşıdı Samux rayonu yeniləşir,
inkişaf edir, abadlaşır. Aylar, illər keçdikcə
rayonun mərkəzində, qəsəbə və kəndlərdə
bir-birindən dəyərli yeni-yeni ünvanlar yaranır.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 13 noyabr.- S. 4.