Seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutan qanunvericilik sistemi və məsuliyyət növləri

 

 Seçki praktikasının təkmilləşdirilməsi sahəsində görülən tədbirlərin səmərəliliyinin artırılması, seçkilərə hazırlıq dövründə və səsvermə günü Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq vətəndaşların seçki hüquqlarının daha dolğun təmin edilməsi Mərkəzi Seçki Komissiyasının ali məqsədidir.  Seçki qanunvericiliyində seçicilərin seçib-seçilmək hüququ təsbit edilməklə yanaşı, vətəndaşların seçki hüququnun pozulmasına görə məsuliyyət də nəzərdə tutulub.  Bu məsuliyyət Azərbaycan Respublikasının Seçki Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, eləcə də Azərbaycan Respublikası Prezidentinin 11 may və 25 oktyabr 2005-ci il tarixli sərəncamları ilə tənzimlənir. Seçki hüquqlarının pozulmasına səbəb olmuş əməllər qanunvericiliyə  uyğun olaraq, cinayət, mülkiya inzibati məsuliyyət yaradır.

Seçki Məcəlləsinin 115-ci maddəsi vətəndaşların seçki hüquqlarının pozulmasına görə məsuliyyət nəzərdə tutur. Həmçinin Seçki Məcəlləsinin 116-cı maddəsinə əsasən məntəqə və dairə seçki komissiyaları, Mərkəzi Seçki Komissiyası namizəd, qeydə alınmış namizəd, habelə onların və siyasi partiya, siyasi partiyalar blokunun, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri barəsində bu Məcəllədə nəzərdə tutulmuş hallarda qanun pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən inzibati xəta protokolu tərtib etmək və cərimənin tədbiqi üçün məhkəməyə müraciət etmək hüququna malikdirlər. İnzibati Xətalar Məcəlləsinin altıncı fəsli siyasi, sosial və əmək hüquqları əleyhinə olan inzibati xətaların dairəsini müəyyən edir və 6-cı fəslin 39-48.2-ci maddələri vətəndaşların seçki hüquqlarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutur.

Inzibati Xətalar Məcəlləsinin 39-cu (Seçkiqabağı və ya referendumla bağlı təşviqatın aparılması qaydalarının pozulması), 40-cı (Təşviqat-nəşr materiallarını qəsdən məhv etmək və ya namizədin seçicilərlə görüşünə mane olma), 41-ci (Namizəd haqqında bilərəkdən yalan məlumatlar yayma), 42-ci (Seçki komissiyası (referendum) üzvünün, müşahidəçilərin, vəkil edilmiş şəxslərin, namizədlərin, siyasi partiyaların bloklarının, referendum üzrə təşviqat qrupunun səlahiyyətli nümayəndələrinin, kütləvi informasiya vasitələri nümayəndələrinin hüquqlarının pozulması), 42-2-ci (Seçicilər haqqında məlumatların düzgün, tam və vaxtında verilməməsi), 42-3-cü (Seçki bülletenlərinin, səsvermə protokollarının və vəsiqələrinin verilməsi və saxlanması qaydalarının pozulması), 42-4-cü (Dövlət avtomatlaşdırılmış informasiya sistemindən istifadə qaydalarının pozulması), 43-cü (Seçki (referendumla bağlı hədə-qorxu və ya zorakılığa çağıran çıxışlar və ya bu cür materialların yayılması), 43-1-ci (Seçicinin bilərəkdən birdən çox seçici siyahısına daxil edilməsi), 44-cü (Seçici siyahıları ilə vətəndaşların tanış olmaq hüquqlarının və digər hüquqlarının pozulması), 45-ci (Seçkilərdə (referendumda) iştirak etmək üçün məzuniyyətin verilməsindən imtina etmə), 45-ci (Qeydə alınmış namizədin seçkilərdə iştirak etdiyi müddətdə xidməti vəzifələrinin icrasını dayandırmaması), 45-2-ci (Seçici imzalarının toplanması qaydasının pozulması), 46-cı (Seçkilərin (referendumun) maliyyələşdirilməsi və ya maliyyə hesabatlarının təqdim edilməsi qaydalarının pozulması), 47-ci (Anonimya təşviqat materiallarının və ya reklamların hazırlanması, yayılması qaydalarının pozulması), 48-ci (Səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında məlumatların bilərəkdən təqdim edilməməsi və ya dərc olunmaması) və 48.2-ci (Səsvermənin yekunlarına və nəticələrinə aid məlumatların bilərəkdən qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətdə dərc edilməməsi) maddələrinə görə fiziki, hüquqi və vəzifəli şəxslər müxtəlif məbləğlərdə cərimə olunurlar.

İnzibati Xətalar Məcəlləsinin təsir dairəsinin əhatəsindən kənar vətəndaşların seçki hüquqlarının pozulmasına görə cinayət məsuliyyəti də nəzərdə tutulur.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159, 159-1, 160, 161-ci maddələri seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə, seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamamayaxud səsvermənin gizliliyini pozma halları  qanunvericiliyə görə cinayət əməli hesab edilir.

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 159-cu maddəsi (Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma) 20 iyun 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmişbu maddəyə görə vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə mane olma, vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına mane olma, vətəndaşı öz iradəsinə zidd səsverməyə məcbur etmə və ya onun səsverməsinə mane olma kimi əməllər müəyyən maliyyə vahidi məbləğində cərimə, habelə iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Seçki Məcəlləsinin 159.4 maddəsinə əsasən bu Məcəllənin 159.1 - 159.3-cü maddələrində nəzərdə tutulmuş əməllər ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - şərti maliyyə vahidinin beş yüz mislindən min mislinədək miqdarda cərimə və ya üç ilədək müddətdə müəyyən vəzifə tutmaya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etməklə və ya edilməməklə üç ilədək azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət Məcəlləsinin 159-cu maddəsinin əlamətləri altına düşən əməlin - cinayətin obyekti Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsində təsbit olunmuş seçki hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Həmin normaya əsasən  Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək, bələdiyyələrə seçmək və seçilmək, habelə referendumda iştirak etmək hüququ vardır. Cinayət nəticəsində zərərçəkmiş qismində 18 yaşına çatmış fəaliyyət qabiliyyətli, seçki hüququna malik Azərbaycan vətəndaşlarıdır. Bu maddə blanket xarakterli olduğundan onun dispozisiyasında əks olunmuş və pozulmasına görə məsuliyyət nəzərdə tutulan qaydalar Azərbaycan Respublikası Seçki Məcəlləsində, habelə Mərkəzi Seçki Komissiyasının qəbul etdiyi təlimatlar və s. normativ hüquqi aktlarda öz əksini tapmışdır. Qeyd olunan cinayət vətəndaşın seçki hüquqlarının həyata keçirilməsinə, habelə ümumxalq səsverməsində (referendumda) iştirak etməsinə mane olmada istifadə olunur.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində nəzərdə tutulan cinayət obyektiv cəhətdən aşağıdakı əməllərdə ifadə olunur: a) vətəndaşı namizədin lehinə imza atmağa məcbur etmə;

b) namizədin müdafiəsi üçün imza toplanmasına mane olma.

Cinayət Məcəlləsinin 159.2-ci maddəsində vətəndaşı hər hansı namizədin lehinə imza atmağa məcbur etmə dedikdə, Cinayət Məcəlləsinin 159.4.1-ci maddəsində nəzərdə tutulmuş üsullar istisna olmaqla, hər hansı bir başqa üsulla seçicini namizədliyi irəli sürülmüş namizədin xeyrinə öz iradəsinin ziddinə imza vərəqəsinə imza atmağa məcbur etmə başa düşülməlidir. Vətəndaşın öz iradəsinin əleyhinə hər hansı namizədin lehinə imza atması bütün hallarda məcburetmə hərəkəti kimi qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin şərh olunan 159.3-cü maddəsində nəzərdə tutulan cinayətin obyektiv cəhəti iki qrup hərəkətlərlə xarakterizə olunur: a) vətəndaşı öz iradəsinin ziddinə səsverməyə məcbur etmə;

b) vətəndaşın səs verməsinə mane olma.

Cinayət Məcəlləsinin 159-1 maddəsinin dispozisiyasında göstərildiyi kimi, namizədlərin, partiyaların, siyasi partiyalar blokunun seçki (referendum) kampaniyalarına müdaxilə etməsi və ya onu pozması Cinayət Məcəlləsinin 159-1.1-ci maddəsinin əlamətləri altına düşür. Cinayət Məcəlləsinin 159-1.2-ci maddəsi seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olma əməli ilə əlaqədardır.

Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma 159-1.3 maddənin təsiri altına düşür.

Cinayət Məcəlləsinin 160-cı maddəsi (Seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə) 30 dekabr 2003-cü il tarixli qanunla yeni redaksiyada verilmişdir. Həmin normaya əsasən seçki (referendum) komissiyalarının işinə müdaxilə etmə və ya təsir göstərmə və ya seçki komissiyası üzvünün öz vəzifələrini yerinə yetirməsi ilə bağlı fəaliyyətinə müdaxilə etmə məsuliyyət yaradır.

Eyni hərəkətlər: ələ alma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiq etmə hədəsi ilə; qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə.

Vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən  istifadə etməklə törədildikdə ağırlaşdırıcı hal hesab edilə bilər.

Cinayət Məcəlləsinin 160-cı maddəsində nəzərdə tutulmuş cinayətin obyekti seçki komissiyalarının normal fəaliyyətini təmin edən ictimai münasibətlərdir. Bu cinayətin ictimai təhlükəliliyi ilk növbədə onunla müəyyən olunur ki, seçki komissiyalarının qanuni fəaliyyətinə mane olma, eyni zamanda, vətəndaşların seçki hüquqlarının tamreal həyata keçirilməsi üçün də təhlükə yaradır.

Cinayət Məcəlləsinin 161-ci maddəsində seçki (referendumda iştirak) sənədlərini saxtalaşdırma, bilə-bilə səsləri düzgün hesablamama, yaxud səsvermənin gizliliyini pozma barədə məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 161.1-ci maddəsinin tələbinə əsasən seçki komissiyasının üzvü tərəfindən seçki (referendumda iştirak) sənədlərinin saxtalaşdırılması və ya saxta sənədlərin təqdim edilməsi, bilə-bilə səslərin düzgün hesablanmaması, səsvermənin nəticələrinin düzgün müəyyənləşdirilməməsi və ya səsvermənin gizliliyinin pozulması cinayətdir. Cinayət Məcəlləsinin 161.2-ci maddəsində seçki sənədlərinin başqa şəxslər tərəfindən saxtalaşdırılması, saxta sənədlərin təqdim edilməsi, başqa şəxslərin yerinə səs verilməsi, bir şəxs tərəfindən seçki qutusuna birdən artıq seçki bülleteninin atılması cinayət hesab olunur.

Bu maddədə başqa şəxslər anlayışına seçki (referendum) komissiyasının üzvü olmayan 16 yaşına çatmış istənilən anlaqlı fiziki şəxs daxildir. Başqa şəxslərin yerinə səs verilməsi dedikdə, adı seçici siyahısında olan seçicinin şəxsiyyətini təsdiq edən sənədi təqdim etməklə və ya etməməklə həmin seçicinin əvəzinə seçici siyahısında imzalamaqla hər hansı şəxsin səs verməsi başa düşülməlidir.

 

 

Nizami NADİROV,

Azərbaycan Respublikası 

Mərkəzi Seçki Komissiyasının üzvü

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  6.