Azərbaycan və
Bolqarıstan prezidentləri mətbuata bəyanatlarla
çıxış etmişlər
Noyabrın
14-də təltif olunma mərasimindən sonra Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev və
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov mətbuata
bəyanatlarla çıxış etmişlər.
Azərbaycan Prezidenti İlham Əliyevin
bəyanatı
-
Hörmətli cənab Prezident!
Hörmətli
qonaqlar, xanımlar və cənablar!
Cənab
Prezident, Sizi Azərbaycanda bir daha salamlayıram!
Siz Azərbaycanın
yaxın dostusunuz. Ölkəmizdə dəfələrlə olmusunuz
və hər dəfə biz görüşəndə
aramızda olan dostluq əlaqələri ikitərəfli münasibətlərə
də müsbət təsir göstərir.
Biz bu gün
Sizinlə həm təkbətək formatda,
həm nümayəndə
heyətlərinin iştirakı
ilə geniş fikir mübadiləsi apardıq, mühüm məsələləri müzakirə
etdik və bir daha gördük
ki, Bolqarıstan-Azərbaycan
əlaqələri çox
sürətlə və
uğurla inkişaf edir.
Biz Sizinlə demək olar ki, hər
il görüşürük.
Bizim təmaslarımız mütəmadi
xarakter daşıyır
və Bolqarıstan-Azərbaycan
əməkdaşlığının inkişafı üçün
bu əlaqələr çox vacibdir. Müzakirə etdiyimiz məsələlər sonradan
qərarlara çevrilir
və əməkdaşlığımızın
inkişafı üçün
müsbət rol oynayır. Son illər
ərzində ikitərəfli
münasibətlərimiz yeni
pilləyə qalxmışdır,
siyasi əlaqələr
çox yüksək
səviyyədədir. Biz bütün beynəlxalq
təşkilatlarda da uğurlu əməkdaşlıq
edirik. Siyasi əlaqələrimizin inkişafı
sahəsində və
digər sahələrdə
də inamlı inkişafa nail ola
bilmişik.
Bu ilin statistikasına
baxanda görürük
ki, ticarət dövriyyəsi də artmaqdadır. Özü də böyük
artım müşahidə
olunur. Əminəm ki, növbəti
illərdə daha da artacaq və
ticarət dövriyyəsinin
strukturu da təkmilləşdiriləcək. Beləliklə, siyasi əlaqələr
iqtisadi sahədəki
əlaqələrə də
müsbət təsir
göstərir.
Bu gün müzakirə
etdiyimiz məsələlərdən
biri də energetika sahəsindəki əməkdaşlıqdır. Bu mövzu daim gündəliyimizdədir. Mən çox şadam ki, indi bu
məsələ ilə
bağlı aparılan
fikir mübadiləsi keyfiyyətcə yeni məzmun daşıyır.
Çünki artıq Azərbaycanın
enerji resursları Avropaya ixrac edilir. Azərbaycan nefti Avropa ölkələrinə, o cümlədən
Bolqarıstana daha da böyük miqdarda ixrac edilir. Eyni zamanda, Azərbaycan
qazını Avropa bazarına çatdırmaq
üçün yeni imkanlar yaradılmışdır.
Bu yaxınlarda Türkiyə ilə Azərbaycan arasında imzalanmış tranzit sənədləri bu imkanları reallaşdırır.
Beləliklə, əminəm ki, növbəti illərdə
qaz sahəsində Bolqarıstan-Azərbaycan əlaqələri
daha da intensiv
olacaq və bu əlaqələr getdikcə daha da dərinləşəcəkdir. Əminəm ki, növbəti mərhələlərdə qarşılıqlı
investisiya qoyuluşu məsələləri, birgə
müəssisələrin yaradılması
istiqamətində də
inamlı və təsirli addımlar atılacaqdır. Biz bu barədə də fikir mübadiləsi
apardıq. Aramızda bu
barədə fikir ayrılığı yoxdur.
Enerji sahəsinə gəldikdə,
biz burada həm ikitərəfli formatda əməkdaşlıq
edirik və müvafiq şirkətlərimiz
də bir-biri ilə danışıqlar
prosesindədir. Eyni zamanda,
Avropa İttifaqı-Azərbaycan
əlaqələri də
bu məsələ ilə bağlı müsbət rol oynayır. Bildiyiniz kimi, bu ilin əvvəlində Avropa İttifaqı ilə Azərbaycan arasında "Cənub"
qaz dəhlizi üzrə Bəyannamə
imzalanmışdır. Ondan sonra işçi qrupu yaradılmışdır.
İşçi qrupu fəaliyyət
göstərir və əminəm ki, növbəti mərhələlərdə
bu əməkdaşlıq
daha da genişmiqyaslı
olacaqdır. Azərbaycan "Cənub" qaz dəhlizinin reallaşması
üçün səylərini
göstərir. Bizim zəngin
qaz yataqlarımız həm Azərbaycanın enerji təhlükəsizliyini
təmin edir və edəcək, eyni zamanda, tərəfdaşlarımızın
enerji təhlükəsizliyinin
təmin edilməsində
də öz rolunu oynamaqdadır. Əminəm
ki, növbəti illərdə bu sahədə və digər sahələrdə
əməkdaşlıq daha
da uğurlu olacaqdır.
Eyni zamanda, Avropa İttifaqı-Azərbaycan
əlaqələrinin inkişafı
üçün Bolqarıstan
da öz səylərini göstərir. Bolqarıstan bütün dövrlərdə
bizim bu mövzu ilə bağlı təşəbbüslərimizə
çox müsbət
yanaşmışdır. Hesab edirəm ki, hazırda biz Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
gələcək inkişafı
ilə bağlı çox vacib mərhələdəyik. İndi uzunmüddətli əlaqələrin
formalaşması prosesi
getməkdədir. Mən tam əminəm
ki, bu əlaqələr
çox möhkəm,
sağlam zəmin üzərində qurulacaqdır,
qarşılıqlı maraqlar
təmin ediləcəkdir.
Qarşılıqlı maraqların təmin
edilməsi üçün
əlbəttə ki,
biz bu məsələdə
çox dəqiq olmalıyıq. Uzunmüddətli, bundan sonra bəlkə
də onilliklər ərzindəki əməkdaşlığın
təməli məhz bu dövrdə qoyulur. Deyə bilərəm ki,
biz bu məsələyə
çox böyük ümidlərlə və nikbinliklə yanaşırıq.
Hazırda Azərbaycanın bütün Avropa İttifaqına üzv ölkələrlə ikitərəfli
müstəvidə çox
işgüzar və səmimi münasibətləri
mövcuddur. Bu münasibətlər bütövlükdə
Avropa İttifaqı-Azərbaycan
əlaqələrinin inkişafına
da müsbət təsir göstərir.
Bu gün müzakirə
etdiyimiz məsələlərin
arasında əlbəttə
ki, regional təhlükəsizlik
məsələləri də
kifayət qədər
böyük yer tutmuşdur. Mən Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
həlli ilə bağlı vəziyyətin
son mərhələsi haqqında
Sizə məlumat verdim. Bu məsələ
dəfələrlə müzakirələrimizin
mövzusu olur. Demək olar ki, biz hər
bir görüşdə
bu məsələ ilə bağlı fikir mübadiləsi aparırıq. Bir də
demək istəyirəm
ki, Azərbaycan məsələnin tezliklə
həlli üçün
səylərini göstərir.
Azərbaycan məsələnin ancaq beynəlxalq hüquq normaları əsasında həll olunmasını məqbul hesab edir. Beynəlxalq təşkilatların qərar
və qətnamələri
qeyd-şərtsiz icra
edilməlidir. BMT Təhlükəsizlik Şurası
bu məsələ ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni
silahlı qüvvələrinin
işğal edilmiş
torpaqlardan qeyd-şərtsiz
çıxarılması tələb
olunur. Avropa Parlamenti, o cümlədən
Bolqarıstan tərəfinin
dəstəyi ilə buna bənzər qətnamə qəbul etmişdir. Avropa Şurası, ATƏT və digər beynəlxalq təşkilatlar
bu məsələ ilə bağlı mövqeyini bildirmişdir.
Azərbaycanın ərazi bütövlüyü
bütün dünya tərəfindən tanınır. Azərbaycanın
ərazi bütövlüyü
danışıqlar mövzusu
deyil, ola
da bilməz. Məsələ beynəlxalq hüquq
normaları, Azərbaycanın
ərazi bütövlüyü
əsasında həllini
tapmalıdır. Biz ümid edirik ki, danışıqlar nəticəsini verməlidir.
Çünki bu vəziyyətlə
barışmaq mümkün
deyildir. Bu məsələ ilə birbaşa məşğul
olan Minsk qrupu və onun həmsədr
ölkələri status-kvonun
qəbuledilməz olması
ilə əlaqədar
kifayət qədər
ciddi bəyanatlar vermişlər. Bu bəyanatlar bizi daha da ruhlandırır.
Əminəm ki, bu məsələnin tezliklə
həlli bütün ölkələrin marağına
cavab verəcəkdir.
Bir daha, cənab Prezident, Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Bir də
demək istəyirəm
ki, biz Sizi Azərbaycanın yaxın
dostu kimi tanıyırıq və bu dostluğun artıq böyük tarixi vardır. Əminəm
ki, bundan sonrakı dövrdə də Bolqarıstan-Azərbaycan
əlaqələri yalnız
və yalnız yüksələn xətlə
inkişaf edəcəkdir.
Sağ olun.
AzərTAc
Azərbaycan.-
2011.- 15 noyabr.- S.3.