İnformasiya cəmiyyətinə
birgə baxış: Mərkəzi Elmi Kitabxana və Kataloniya
Milli Kitabxanasının bibliosferası
İspaniya kitabxanaları ilə təcrübə mübadiləsi aparmaq AMEA Mərkəzi Elmi Kitabxanasının uzun müddətdən bəri maraq dairəsində olan məsələlərdən biri idi. Bu peşə marağının müxtəlif səbəbləri vardı. Birinci səbəb İspaniya kitabxanalarının böyük əksəriyyətinin akademik yönümlü olması, əsasən hazırlıqlı oxucu auditoriyasına xidmət etməsi və bu işin icrasında ən son informasiya və kommunikasiya texnologiyalarını tətbiq etməsi, ikinci isə ölkəmizdə olduğu kimi, İspaniyada da kitabxana işinin vahid inkişaf strategiyası, dövlət proqramı əsasında qurulması idi.
Beləliklə, iş prinsipi, oxucu auditoriyası, yeni texnologiyaları tətbiqetmə metodikası, ədəbiyyatı komplektləşdirmə siyasəti, fondlarının həcmi baxımından kitabxanamıza daha yaxın olan Kataloniya Milli Kitabxanası ilə əvvəlcədən əldə etdiyimiz əməkdaşlıq razılaşmasına müvafiq olaraq bu ilin oktyabr ayının sonlarında bir qrup əməkdaşımızla birlikdə İspaniyanın Barselona şəhərində yerləşən sözügedən kitabxanaya səfərimiz baş tutdu. Səfərin əsas məqsədi kitabxananın fəaliyyətini yaxından öyrənmək, faydalı təcrübə və informasiya mübadiləsi aparmaq, rəqəmsal fondların, elektron kataloq və elektron kitabxanaların yaradılması sahəsində əldə etdiyimiz nəticələri bölüşmək idi.
Kataloniya Milli Kitabxanası XV əsrə aid qotik üslubda tikilmiş tarixi binada yerləşir (1920-ci illərdə bu binada şəhər hospitalı yerləşib). Kitabxana 1907-ci ildə yaradılıb. İndiki binasına köçməzdən əvvəl kitabxana uzun müddət Ədliyyə sarayında qərarlaşıb. Milli kitabxananın əsas vəzifəsi katalonika üzrə ədəbiyyatın ən geniş fondunu yaratmaq yolu ilə Kataloniya mədəni irsinin yayılması və mühafizəsidir. Bu məqsədlə kitabxananın bütün imkanları dünya kitabxanalarında, arxivlərində katalonika üzrə mövcud olan ədəbiyyatı əldə edib qorumağa səfərbər edilib. Kitabxana nümayəndəsinin məlumatına görə, bu məqsədlə dövlət tərəfindən kitabxanaya böyük məbləğdə pul vəsaiti ayrılır ki, bu da nəticədə kitabxanaya yüksək qiymətləri ilə seçilən "Sotbis" kimi nadir əlyazmalar hərracında belə qalib gəlməyə imkan yaradır.
Kataloniya Milli Kitabxanasının fondlarının həcmi AMEA Mərkəzi Elmi Kitabxanasının fondlarının həcminə uyğundur: burada da 3 milyondan artıq ədəbiyyat qorunur (4 yaruslu kitabsaxlayıcıdakı rəflərin uzunluğu 45 km-dir!). Son 5 ildə kitabxananın fondlarına yarım milyon yeni elmi ədəbiyyat daxil olub. Fondun 60 faizini kitabxanaya hədiyyə olunmuş ədəbiyyat təşkil edir. Ədəbiyyatın və sənədlərin restavrasiyası, eləcə də bəzi xüsusi arxivlərin qorunması kitabxananın əsas binasından kənarda - Barselona şəhərinin başqa sahəsində yerləşən şöbələrində həyata keçirilir. Kitabxanada 173 nəfər, o cümlədən 60 kitabxanaçı çalışır. Əməkdaşların yarıdan çoxunu isə kitabşünaslar, informasiya mütəxəssisləri, şəbəkə inzibatçıları, proqramçılar və texniki işçilər təşkil edir. Hər il kitabxanaya dövlət büdcəsindən 12 milyon avro məbləğində pul vəsaiti ayrılır. Gündəlik davamiyyət 120-150 nəfərdir. İl ərzində kitabxanadan 1 milyondan artıq oxucu onlayn şəkildə istifadə edir (Kataloniya əhalisinin sayı 8 milyona yaxındır). 1993-cü ildə "Kataloniya Milli Kitabxanasının fəaliyyət Dekreti" adlı xüsusi qanun qəbul olunub. Hazırda kitabxana dövlət tərəfindən dəstəklənən "2009-2014-cü illərdə kitabxanaların inkişafı üzrə strateji plan" adlı proqramın tələblərinə müvafiq olaraq fəaliyyət göstərir. 1990-cı ildən kitabxanada ənənəvi kartoçka kataloqlarının hazırlanması işindən imtina olunub, kataloq və kartotekalara (müəyyən istisnalar olmaqla) əlyetərlik dayandırılıb.
Son illərdə Kataloniya Milli Kitabxanası tərəfindən "Kataloniyanın elektron kitabxanası" - PADICAT (Patrinomi Digital de Catalunya) adlı layihə həyata keçirilir. Layihənin saytı vasitəsilə oxuculara elm və texnologiyalar, mədəniyyət, informasiya cəmiyyəti, iqtisadiyyat və s. üzrə elektron ədəbiyyat təqdim olunur.
Görüşlər zamanı "Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
icrası, Azərbaycanda kitabxana-informasiya sahəsində
aparılan islahatlar barədə ispan mütəxəssislərə
məlumat verildi. Bildirildi ki, Azərbaycanda elm günbəgün
inkişaf edir, ölkəmiz Qafqaz regionunda aparıcı
dövlət kimi bir sıra iri layihələrin
reallaşmasına təkan verir. Azərbaycan elm və təhsil
sahəsində regional liderliyini sürdürməklə daha
yeni dəyərlər qazanmaq əzmindədir. İspaniyada
olduğu kimi, ölkəmizdə də elmin və təhsilin
inkişafına dövlət qayğısı
güclüdür, müvafiq sahələrin modernləşdirilməsi
və inkişaf etdirilməsi üçün dövlət
proqramları qəbul olunub. Azərbaycan kitabxanaları da elm və təhsilin
fundamental bazası kimi bu prosesdən kənarda qalmayıb. Əksinə,
Azərbaycanda kitabxana işinin inkişafı
üçün yeni mərhələ başlanıb. 2007-ci
ildə Prezident İlham Əliyevin sərəncamı ilə
ölkəmizdə kitabxana işinin inkişafına təkan
verəcək olduqca əhəmiyyətli sərəncam qəbul
edilib və kitabxanalarımızın yaxın gələcəkdə
ən qabaqcıllardan olması planlaşdırılıb.
Görüşlərdə
qarşılıqlı əməkdaşlığın
perspektivləri müəyyən edildi, təcrübə
mübadiləsi həyata keçirildi, habelə müasir
dövrdə kitabxanaların avtomatlaşdırılması,
kitabxana-informasiya sahəsində know-how texnologiyaları, yeni
xidmət növlərindən istifadə və s. mövzularda
məruzələr dinlənildi, "dəyirmi masa" təşkil
olundu, Dağlıq Qarabağ probleminə, ölkəmizin
sosial-iqtisadi inkişafına, tarixinə, mədəniyyətinə
dair onlarca kitab ispan həmkarlarımıza təqdim olundu. Daha
sonra Kataloniya Milli Kitabxanasında Azərbaycan guşəsinin
yaradılması qərara alındı. Guşə
üçün Mərkəzi Elmi Kitabxana tərəfindən
Azərbaycanın tarixi, iqtisadiyyatı, mədəniyyəti,
turizmi, incəsənəti, adət-ənənələri, ədəbiyyatı
və s. mövzularda müxtəlif nəşrlər göndəriləcək.
"Dəyirmi masa" zamanı ispan həmkarlarımızın
diqqətinə çatdırıldı ki, Milli Elmlər
Akademiyasının Mərkəzi Elmi Kitabxanası Azərbaycanda
fəaliyyət göstərən ən iri kitabxanalardan
biridir. 1925-ci ildə yaradılan kitabxanamız milli və
dünya əhəmiyyətli elmi nəşrlərin zəngin
fondlarına malik olan ən iri, universal təmayüllü,
aparıcı elmi kitabxanadır. Mərkəzi Elmi Kitabxana
kitabxanaşünaslıq, biblioqrafiyaşünaslıq, kitab
tarixi və informasiyalaşdırma sahəsində fəaliyyət
göstərir. Kitabxanamız akademiya sistemində
araşdırılan bütün kompleks və sahəvi
problemlər üzrə ixtisaslaşdırılmıs məlumat-informasiya
mərkəzi, respublika miqyasında baş elmi-texniki informasiya
müəssisəsidir. Kataloniya Milli Kitabxanası kimi, Mərkəzi
Elmi Kitabxana da dünyadakı ən nüfuzlu kitabxana təşkilatının
- IFLA-nın üzvüdür. Dünyanın müxtəlif
ölkələrində fəaliyyət göstərən
1000-dən artıq elm və təhsil müəssisəsi,
kitabxana ilə informasiya və ədəbiyyat mübadiləsi
aparılır.
Kataloniya
Milli Kitabxanasının nümayəndəsi bildirdi ki,
müasir dövrümüzdə kitabxanaların informasiya məkanına
təsir imkanlarını genişləndirmək
üçün kitabxanalarda çalışan kadrlara
yalnız ənənəvi kataloqla işləmək
bacarığı, oxucuya xidmət göstərə bilmək
yetənəyi kifayət etmir. Müasir kitabxanaçı həm
də yaxşı menecer olmalıdır, çoxdilli şəxs
kimi həm bir neçə dünya dilini mənimsəməli,
müasir texnologiyalarla peşəkarcasına davranmalıdır.
Belə kadrların yetişdirilməsi isə vaxt tələb
edir. Kataloniya Milli Kitabxanasında bu proses 80-ci illərin əvvəllərində
başlanıb və 1990-cı ildə kitabxana yeni nəsil əməkdaşları
ilə ən son yenilikləri tətbiq edib.
"Dəyirmi
masa" zamanı bildirdik ki, bu məsələ bizi də
düşündürür və artıq fəaliyyətimiz
öz bəhrəsini verməkdədir. Belə ki, Mərkəzi
Elmi Kitabxana hazır kitabxanaçı kadrların seçilməsindən
daha çox onların yetişdirilməsi ilə məşğul
olur. Hər il onlarca əməkdaşımız
dünyanın dörd bir yanında təşkil olunan beynəlxalq
simpoziumlara, seminar və digər tədbirlərə
qatılır, bilik və təcrübə mübadiləsi
aparır. Kitabxanamızın əməkdaşları ingilis,
ispan, alman, fransız və ərəb dillərini mükəmməl
bildikləri üçün beynəlxalq əlaqələrimiz
günbəgün intensivləşir və dayanıqlı,
etibarlı partnyorluğa çevrilir. Təsadüfi deyil ki, Mərkəzi
Elmi Kitabxana "Şpringer", "Sviits", EBSCO, "Web
of Science" kimi nəhəng elektron nəşr
paylayıcıları ilə sıx əməkdaşlıq
edir və Azərbaycan Milli Elmlər Akademiyasının 30-dan
artıq institutuna mütəmadi olaraq dünyada nəşr
olunan ən son dərgi və kitabları həm də elektron
şəkildə çatdırır.
Bildirdik
ki, hazırda kitabxanamızda 150-dən artıq peşəkar
kitabxanaçı çalışır, 10-dan çox
şöbə fəaliyyət göstərir. "Avropa ədəbiyyatı",
"Şərq ədəbiyyatı", "Ədəbiyyatın
elmi komplektləşdirilməsi",
"Kitabxanaşünaslıq",
"Biblioqrafiyaşünaslıq" və "Xidmət"
şöbələri ümumilikdə 50 mindən artıq
alimə xidmət göstərir. Son illər ərzində
kitabxanamızda "Kitabxana proseslərinin
avtomatlaşdırılması şöbəsi"nin fəaliyyəti
daha da aktivləşib. Şöbənin yaradılması ilə
kitabxanamızda bir çox iş sahələri yeni
texnologiyalarla təchiz olunub, ənənəvi kataloq sistemi
elektron kataloqla əvəzlənib, fondun elektron
daşıyıcılara köçürülməsi
işinə, elektron kitabxananın qurulmasına
başlanılıb ki, bu da AMEA MEK-in həm milli, həm də
qlobal informasiya məkanına daha intensiv inteqrasiya etməsinə
müsbət təsir göstərib.
Əlbəttə,
Kataloniya Milli Kitabxanasının əməkdaşları ilə
görüşümüzün əsas məqsədlərindən
biri də hər iki kitabxananın informasiya cəmiyyəti
quruculuğu sahəsində göstərdiyi fəaliyyəti
araşdırmaq, oxşar və fərqli cəhətləri
müəyyənləşdirmək, problemlərdən birgə
çıxış yolları axtarmaq idi. Hər iki kitabxana
100 ilə yaxındır ki, alimlərə, elmi ictimaiyyətə
layiqincə xidmət göstərir, kitabxana işi sahəsinə
öz töfhələrini verir, gələcəyə
doğru addımlayır. Həm Mərkəzi Elmi Kitabxana, həm
də Kataloniya Milli Kitabxanası informasiyanın, ən əsası
isə onun ali forması olan biliyin əldə edilməsi,
saxlanması, emalı və ötürülməsi işini
müasir informasiya texnologiyalarından istifadə etməklə
həyata keçirir. Bu isə sivilizasiyanın
inkişafının yeni tarixi fazası hesab olunan informasiya cəmiyyətinin
əsas tələbidir. Oxucuların keyfiyyətli informasiya
axtarışını, lokal və qlobal informasiya
resurslarına müraciətlərini təmin edən və
onların informasiya məhsullarına və xidmətlərinə
olan tələbatlarını ödəyən informasiya fəzasının
yaradılması müasir kitabxanalar qarşısında duran
başlıca vəzifələrdəndir. Cəmiyyətin həyatında
informasiya və biliyin rolunun artması bilavasitə bu vəzifələrin
yerinə yetirilməsi ilə əlaqədardır. Məlumdur
ki, informasiya cəmiyyətinin çox mühüm xarakterik cəhəti
elektron informasiya resurslarının sayının sürətlə
artması, informasiyanın sərbəst yayılması və
informasiyaya sərbəst müraciət edilməsidir. Məhz
yeni texnologiyalar qlobal informasiya şəbəkələrinin, ən
öncə beynəlxalq informasiya mübadiləsi
üçün yeni imkanlar açan internetin sürətlə
yayılmasına gətirib çıxarıb.
Ənənəvi
fondların elektronlaşdırılması, elmi irsin elektron
daşıyıcılara köçürülməsi, onlara
operativ əlyetərliyi təmin etməsi, biblioqrafik
yazıların, informasiya və digər məlumat massivlərinin
beynəlxalq səviyyədə mübadiləsi hər iki
kitabxananın oxucularına təqdim etdiyi müasir xidmətlərin
bir hissəsidir. Çünki məhz elektron kataloq və
elektron kitabxana oxucuların müasir elmi tədqiqatların
informasiya təminatına təkan verən, kitabxananın
avtomatlaşdırılması prosesinin tərkib hissəsi
kimi daim yenilənən başlıca amillərdir. Müasir
informasiya mühiti elektron kitabxanalarda rəqəmsal
kataloqların yaradılması ilə yanaşı,
bibliometriya, bibliomininq və s. kimi elmi problemlərin həlli,
e-kitabxana resurslarının menecmentinin təşkili,
e-kitabxanaların xidmətlərindən istifadə
üçün e-kreditlərin (tələbə və aspirantlara
və s.) verilməsi, qarşılıqlı e-kitab mübadiləsinin
aparılması məsələlərinin təşkilini də
zəruri edir. Əgər əvvəllər
kitabxanaçı kadrlar sənəd kütləsini yalnız
statistik göstəricilər üzrə öyrənirdilərsə,
müasir informasiya mühitində artıq bu, kifayət deyil,
sənəd-məlumat kütləsi, kitab və elmi jurnallar həm
də bibliometrik təhlilə cəlb olunmalıdır,
başqa sözlə, öyrənilən massivlərin
dinamikası araşdırılmalı, bu və ya digər elm
sahələri arasındakı təsnifat əlaqələri
öyrənilməlidir. Bu proseslərin öhdəsindən gələn,
maddi-texniki bazası güclü olan, savadlı kadrlara malik,
menecment sistemini düzgün qurmuş kitabxanalar nəticədə
bibliomininq prosesinin, yəni kitabxananın və onun
resurslarının kompleks şəkildə və yüksək
formada idarə edilməsinə nail ola biləcəklər.
Göründüyü
kimi, kitabxanalarımızın müasir informasiya mühitinə
təsiretmə imkanları yalnız informasiyanı mühafizə
və realizə etməklə ölçülmür, bunun
üçün kitabxanalar öz fəaliyyətlərini həm
də müasir elmi-nəzəri biliklər üzərində
qurmalı, rəqabətədavamlı və tələb-təklif
prinsiplərinə tam uyğun olmalıdır. İnformasiya cəmiyyətinə
birgə baxış kontekstində Mərkəzi Elmi Kitabxana
ilə Kataloniya Milli Kitabxanasının üst-üstə
düşən bu tip yanaşmaları, heç şübhəsiz
ki, əməkdaşlığımızın fayda verəcəyinə
əminlik yaradır.
Artıq
Mərkəzi Elmi Kitabxana üçün yeni tipli, dünya
standartlarına cavab verən müasir binanın
inşasına başlanılıb. Möhtərəm Prezident
İlham Əliyevin sərəncamı ilə həyata
keçirilən bu proses bütövlükdə ölkəmizdə
elmə, təhsilə, kitabxana işinin inkişafına
böyük töhfədir.
Aybəniz ƏLİYEVA-KƏNGƏRLİ,
filologiya elmləri doktoru, AMEA
MEK-nın direktoru
Azərbaycan.- 2011.- 13 noyabr.- S. 7.