Diabetli xəstələrə hər cür dövlət qayğısı göstərilir

 

Son illər insanı sınağa çəkən, yaşam riskini ciddi problemlərlə üz-üzə qoyan xəstəliklərdən biri də şəkərli diabetdir. Bu xəstəlik artıq qlobal problem kimi ortaya çıxmışdır. 1991-ci ildən başlayaraq Beynəlxalq Diabet Federasiyasının və Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) tövsiyəsi ilə hər il noyabrın 14-ü Ümumdünya Diabet Günü kimi qeyd olunur. Məqsəd diabet haqqında ən mühüm məlumatları həvəslə hamıya çatdırmaqdır.

ÜST-ün məlumatına görə, bu xəstəlik ən geniş yayılmış qeyri-infeksion xəstəliklər sırasında üçüncü yerdə durur. Mütəxəssislərin qənaəti belədir ki,  diabetli xəstələrin sayının ilbəil deyil, hətta günbəgün artması arterial hipertenziya, ürək-damar sistemi xəstəliklərinin, piylənmələrin çoxalması ilə əlaqədardır. Əgər 2000-ci ildə dünyada şəkərli diabet xəstələrinin sayı 151 milyon nəfər idisə, 2010-cu ilin məlumatına görə 200 milyondan artıqdır. Ekspertlər isə belə xəstələrin sayının 2-3 dəfə çox olduğu qənaətindədirlər. Əksər mütəxəssislər deyirlər ki, xəstəliyin daşıyıcılarının vaxtında aşkar olunması aparılan müalicənin effektivliyinin əsas göstəricisidir. Çünki diabetin xroniki ağır fəsadlarına qoyulan maddi vəsait (məsələn, hemodializ) onun profilaktikasına sərf edilən məbləğdən qat-qat çoxdur. Artıq sivil ölkələrdə bunu elmi iqtisadi baxımdan sübut etdikləri üçün şəkərli diabetin müalicə və profilaktikasına xüsusi yer verilir.

Hazırda bütün dünyada diabet yalnız tibbi deyil, həm də ağır sosial-iqtisadi problem sayıldığı üçün bu xəstəliyə düçar olan şəxslər əsasən dövlət qayğısı ilə əhatə olunurlar. Azərbaycanda keçmiş sovetlər dövründə belə yardım mexanizmi işləsə də (diabet xəstələrinə pulsuz insulin və həblərin verilməsi, onların vaxtaşırı müayinəsi və s.), ötən əsrin 90-cı illərində bu mexanizm, demək olar ki, bütünlüklə unudulmuşdu.

Bu gün Azərbaycanda şəkərli diabet xəstələrinə yetərli dövlət qayğısı vardır. 2003-cü il dekabrın 23-də MDB məkanında ilk dəfə olaraq respublikamızda Milli Məclis tərəfindən "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" qanun qəbul edilmişdir. Bununla da müstəqillik dövründə bu sahədə yeni mexanizmin əsası qoyulmuşdur. 12 fevral 2004-cü ildə isə "Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" ölkə Prezidenti fərman imzalamışdır. Nazirlər Kabineti isə bu fərmana uyğun olaraq 7 iyun 2005-ci il tarixdə "Şəkərli diabet üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında" qərar qəbul etmişdir.

Bununla bağlı Səhiyyə Nazirliyi tərəfindən şəkərli diabet xəstələrinin registri yaradılmışdır.

Ümumdünya Səhiyyə Təşkilatı Avropa Regional Bürosunun Bakıda keçirilmiş 61-ci sessiyasında, Qazaxıstanın paytaxtı Astanada təşkil olunmuş "İslam ölkələrində səhiyyənin onillik inkişaf perspektivləri" mövzusunda müzakirələrdə və ən nəhayət, BMT xətti ilə bu il Nyu-Yorkda qeyri-infeksion xəstəliklərə dair keçirilən sammitdə şəkərli diabet xəstəliyindən ətraflı bəhs olunmuş, perspektiv müalicə imkanları araşdırılmışdır.

Son illər ölkəmizdə şəkərli diabetlə xəstə olan insanlar, xüsusilə uşaqlar üçün mühüm işlər görülübbu proses davam etməkdədir. Bakı, Şəki, Mingəçevir və Naxçıvanda endokrinoloji dispanserlər, Gəncə şəhərində poliklinika şöbəsi olan Endokrinoloji xəstəxana, həmçinin Bakıda respublika Endokrinoloji Mərkəz fəaliyyət göstərir. Qeyd edilən müəssisələrlə yanaşı, şəkərli diabetlə xəstə olanlara ambulatorstasionar yardım poliklinikaları, tibbi-sanitariya hissələri, mərkəzi rayon xəstəxanalarının endokrinoloji kabinetləri və şöbələri tərəfindən də xidmət göstərilir. Şəkərli diabet xəstələri üçün ixtisaslaşdırılmış çarpayıların ümumi sayı artırılır. Bakı, Sumqayıt, Şəki, Mingəçevir və digər yerlərdə endokrinoloji xidməti olan tibb müəssisələrində xəstələr üçün özünənəzarət təlim məktəbləri mövcuddur.

Son illər bu sahədə Heydər Əliyev Fondunun fəaliyyəti xüsusilə təqdirəlayiqdir. Təhsil, səhiyyə, kimsəsiz uşaqların sağlamlığının təmin olunması istiqamətində həyata keçirilən sosial layihələr içərisində "Diabetli uşaqlara ən yüksək qayğı" ilə bağlı reallaşdırılan tədbirlər cəmiyyətdə böyük rezonansa və rəğbətə səbəb olmuşdur.

Qəbələ Mərkəzi Rayon Xəstəxanasının baş həkimi, tibb elmləri namizədi Sabir Bayramov söhbət zamanı bildirdi ki, "Şəkərli diabet xəstələrinə yardım" proqramının təsdiqindən  sonra ölkəmizdə diabetli xəstələrin aşkarlanması, müalicə və müayinəyə cəlb edilməsi sistemli şəklə düşüb. Məhz bu dövlət proqramı sayəsində xəstələrə daha keyfiyyətli tibb xidməti göstərilməsi mümkün olub. Qəbələ Mərkəzi Rayon Xəstəxanasının poliklinika şöbəsinin endokrinoloji kabinetində qeydiyyatda olan diabetli xəstələrin ümumi sayı 932 nəfərdir. Onların 12-si uşaqdır. Həmin xəstələrin hər biri Heydər Əliyev Fondu tərəfindən insulin və qlükometrlə təmin olunub. 2008-ci ildən etibarən isə xəstələrə özünənəzarət vasitəsi olan qlükometrlər və ucluqlar paylanıb. Rayondakı diabet xəstələrinin 5 nəfəri I qrup, 76 nəfəri II qrup, 29 nəfəri isə III qrup əlildir. İl ərzində xəstələrə 80 min manatlıq dərman ləvazimatları və insulin paylanıb. Bu xəstələrin müntəzəm şəkildə laborator diaqnostik müayinələrdən, müasir diaqnostik flüoqrafik rentgen aparatlarından keçmələri onların xroniki ağırlaşmalarını aradan qaldırmağa  kömək edir.

Həmsöhbətim sonda bir məqamı da xüsusi qeyd etdi ki, diabetli xəstələrə və onların yaxınlarına kömək məqsədilə diabet məktəblərinin (maarifləndirmə işinin) təşkil olunması fəsadların qarşısının alınmasında çox böyük rol oynayır.

 

 

Telman NƏZƏRLİ

 

Azərbaycan.- 2011.-13 noyabr.- S.  7.