MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında

 

Bir vaxtlar beynəlxalq təşkilatlardan, onlara üzv olan ölkələrdən və ümumiyyətlə, beynəlxalq təşkilatlar çərçivəsində cərəyan edən proseslərdən söhbət düşəndə yəqin ki, çoxlarımız Azərbaycan vətəndaşı olaraq bu məsələlərə həsədlə baxmışıq. Qəlbimizdən keçən bu olub ki, Azərbaycanımızın adı nüfuzlu beynəlxalq təşkilatlara üzv olan ölkələrin sırasında olaydı, qarşılaşdığımız problemlər və çətinliklərin bir qismi nəinki öz həllini tapaydı, heç olmasa səsimiz bu  təşkilatlar vasitəsilə beynəlxalq ictimaiyyətə çatdırılaydı.

Reallıqlar tamam başqa bir şeyi söyləsə də, amma hər halda ötən əsrin 90-cı illərin əvvəllərində Vətənimizin üzləşdiyi bəlalar hər birimizdə belə bir istək yaradırdı. Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdışı, bütün sahələrdə olduğu kimi, xalqımızın bu sahədəki arzularının da reallığa çevrilməsinin təməlini qoydu.

1993-cü ildən başlayaraq müstəqil Azərbaycanın daxilixarici siyasətində dönüş yarandı, ölkəmiz siyasi, iqtisadi, mədəni, aqrar, elm-təhsil və həyatımızın digər istiqamətlərində inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev siyasəti nüfuzlu beynəlxalq təşkilatlarla aramızda olan həsəd körpüsünü ümid və əməkdaşlıq körpüsünə çevirdi. Ölkəmiz inkişaf etdikcə nüfuzu artır, güclənir, beynəlxalq ictimaiyyətin diqqətini cəlb edir, müxtəlif beynəlxalq təşkilatların üzvü olur, dünya siyasət meydanında və dünya ölkələri sırasında öz imzasını təsdiqləməyə başlayır. Heydər Əliyev siyasətinin bu gün uğurlu və ardıcıl davamı dünyaya daha müasir, yeni, güclü və qüdrətli Azərbaycan təqdim edir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin və xalqının əldə etdiyi nailiyyətlər nəticəsində indi artıq çoxları Azərbaycana həsədlə baxır. İndi hər bir nüfuzlu beynəlxalq təşkilat Azərbaycan kimi bir ölkəni öz üzvlərinin sırasında görməkdə maraqlıdır. Bu gün dünyanın elə bir böyüknüfuzlu təşkilatı yoxdur ki, Azərbaycan onun üzvü olmasın və onlarla əməkdaşlıq etməsin. Bu günlərdə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv qəbul olunması hər bir Azərbaycanlı üçün fəxarət hissi yaratdı. Hər birimiz hələ də bu xoş təəssüratla yaşayırıq. Böyük dövlətlərin və onların nüfuzlu şəxslərinin dilindən ünvanımıza təbriklər eşidəndə isə bunun sevincininqürurunun həddi-hüdudu bilinməz olur. Azərbaycan Parlament nümayəndə heyətinin MDB ölkələri Parlamentlərarası Assambleyası Şurasının Sankt-Peterburqda keçirilən tədbirləri çərçivəsində bu təbrikləri qəbul edərkən yaşanan sevinc hisslərini təsvir etmək çox çətindir. İstər tədbirlər zamanı, istərsə də keçirilən ikitərəfli görüşlərdə Azərbaycan dövlətinin, Azərbaycan xalqının və Prezident İlham Əliyevin ünvanına bu münasibətlə söylənilən xoş sözlər nümayəndə heyətimizin hər bir üzvündə qürur hissi yaradırdı.

Xəbər verdiyimiz kimi, Milli Məclisin Sədri Oqtay Əsədovun rəhbərliyi ilə Azərbaycan Parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleya Şurasının iclasında iştirak etmək üçün noyabrın 9-da və 10-da Sankt-Peterburq şəhərində səfərdə olmuşdur. Nümayəndə heyətinin tərkibinə deputatlardan Rasim Musabəyov, Rüfət Quliyev, Mirkazım Kazımov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idilər.

MDB PA Şurasının iclası noyabrın 9-da Sankt-Peterburqun Tavriçeski sarayında öz işinə başladı. Əsasən parlamentlərarası qarşılıqlı fəaliyyət və müstəqil dövlətlər birliyi məkanında inteqrasiya məsələlərinin müzakirə olunduğu iclasda təşkilati məsələlərə baxılıb, şuranın və bir neçə daimi komissiyanın sədrləri seçilib. Toplantıda Qazaxıstanda parlament, Qırğızıstanda prezident seçkilərində müşahidəyə dair, həmçinin  Nürnberq prosesinin 65 illiyinə həsr olunmuş beynəlxalq konfransın, "Vətəndaşların demokratiyaseçki hüquqları", "MDB: nailiyyətlər, problemlər və perspektivlər" seminarının nəticələri barədə müzakirələr aparılıb. Parlamentarilər Assambleyanın 2012-ci il üçün işlər planını, həmçinin 2013-2014-cü illərdə model qanun yaradıcılığı sahəsində görüləcək işləri müəyyənləşdirdilər və bir sıra digər məsələlərə baxdılar. İclasda Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matviyenko MDB PA Şurasının sədri seçildi.

Milli Məclisin Sədri Oqtay Əsədovun Sankt-Peterburqa səfəri çərçivəsində keçirdiyi ikitərəfli görüşlərdən biri Valentina Matviyenko ilə oldu. Bu görüşdən məmnun qaldığını bildirən Rusiya Federal Məclisi Federal Şurasının sədri Valentina Matviyenko  ölkələrimiz arasındakı mehriban qonşuluqdostluq münasibətlərini yüksək qiymətləndirdi. O, ölkəmizin BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməyi münasibətilə xalqımıza və Azərbaycanın dövlət başçısına təbriklərini çatdırdı. Qeyd edildi ki, bu, Azərbaycanın hərtərəfli inkişafının və dünyada olan nüfuzunun gündən-günə güclənməsinin təzahürüdür. MDB Parlamentlərarası Assambleyası çərçivəsində əlaqələrdən danışan xanım Matviyenko parlamentlərarası əlaqələrimizin ikitərəfli münasibətlərdə mühüm rol oynadığını diqqətə çatdırdı. Bildirdi ki, iqtisadi sahədə fəal əməkdaşlığımız mövcuddur. Humanitar sahədəki münasibətlərdə isə çox yaxşı göstəricilərimiz var. Federal Şurasının sədri millətlər və dinlər arasında Azərbaycanda yaradılan yüksək səviyyəli münasibətlərə və bu məsələlərə Azərbaycan dövlətinin daim xüsusi diqqət yetirməsinə görə ölkəmizin rəhbərliyinə təşəkkür etdi. Hər iki dövlət başçısının çox yaxşı şəxsi münasibətləri olduğunu söyləyən Matviyenko əlaqələrimizin strateji əməkdaşlıq səviyyəsinə qalxmasından məmnun olduğunu söylədi. O, Azərbaycan Prezidenti İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya salamlarını çatdırmağı xahiş etdi.

Milli Məclisin Sədri Oqtay Əsədov ilk növbədə Valentina Matviyenkonu Rusiya Federal Məclisi  Federal Şurasının sədri və MDB Parlamentlərarası Assambleyası Şurasının sədri seçilməsi münasibətilə təbrik etdi. Görüşdən məmnunluğunu ifadə edən sədr Azərbaycanla Rusiya arasındakı əlaqələrin inkişafını yüksək qiymətləndirdi. O bildirdi ki, bu cür səfərlər və görüşlər ölkələrimiz arasındakı münasibətlərin, parlamentlərarası əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verir.

Oqtay Əsədov qeyd etdi ki, ölkə başçılarının qarşılıqlı səfərləri, apardıqları danışıqlar və imzalanan sənədlər Azərbaycan-Rusiya münasibətlərinə yeni impuls verir, əməkdaşlığımızın hüquqi bazasını daha da möhkəmləndirir. Bu vaxta qədər iki ölkə arasında 165-dən çox dövlətlərarası və hökumətlərarası sənədlər imzalanmışdır. Siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlər qənaətbəxşdir. Əlaqələrin bu cür hərtərəfli inkişafı dövlətlərimizin və xalqlarımızın maraqlarına xidmət edir. Bildirildi ki, parlamentlərarası əlaqələrin inkişafı ikitərəfli münasibətlərə öz töhfəsini verməkdədir. Hər iki ölkənin parlamentində dostluq qrupları fəaliyyət göstərir. Parlamentarilərimiz bir sıra beynəlxalq təşkilatlarda ölkələrimizin və xalqlarımızın mənafeyi baxımından çox vaxt bir mövqedən çıxış edirlər.

Milli Məclisin Sədri ümidvar olduğunu bildirdi ki, humanitar, elm-təhsil və həyatın digər sahələrində də xalqlarımızın rifahı naminə münasibətlərimiz daha da inkişaf edəcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıldı.

Milli Məclis Sədrinin digər görüşü Ukrayna Ali Radasının Sədri Vladimir Litvin ilə oldu. Oqtay Əsədov beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri yüksək qiymətləndirərək bildirdi ki, bu cür tədbirlər parlamentlərarası əməkdaşlığın müxtəlif istiqamətlərini müzakirə etmək imkanı yaradır. Xalqlarımız arasındakı əlaqələrin tarixi ənənəyə əsaslandığını qeyd edən spiker dövlətlərimiz arasında münasibətlərin uğurla davam etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna ilə əməkdaşlığın inkişafına böyük əhəmiyyət verir. İndiyədək Azərbaycanla Ukrayna arasında 120-yə qədər dövlətlərarası və hökumətlərarası sənədlər imzalanıb ki, bu da əlaqələrimizin hüquqi bazasının möhkəmləndirilməsində xüsusi rol oynayır. Əməkdaşlığımızın strateji xarakter səviyyəsinə qalxdığını qeyd edən Azərbaycan Parlamentinin rəhbəri iqtisadi-ticarət əlaqələrimizin həcminin genişlənməkdə olduğunu xüsusi vurğuladı.  Elə bu səbəbdən də indi Ukrayna Azərbaycanla ticarət əlaqələrində MDB ölkələri sırasında Rusiya Federasiyasından sonra ikinci yerdə durur. Parlamentlərarası əlaqələrimiz də ürəkaçan səviyyədə inkişaf etməkdədir. Hər iki ölkənin parlamentariləri müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində - ATƏT PA, AŞ PA, NATO PA, MDB və GUAM Parlamentlərarası Assambleyası və digər qurumlarda fəal iştirak edirlər. Bir sıra məsələlərin müzakirəsində xalqlarımızın və dövlətlərimizin mənafeyi baxımından bir mövqedən çıxış edirlər. Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər qarşılıqlı maraq doğuran məsələlərlə də bağlı fikirlərini açıqladı. Ümidvar olduğunu bildirdi ki, ikitərəfli münasibətlərimiz bundan sonra da öz ənənəsinə sadiq qalaraq inkişaf edəcəkUkrayna həmişə olduğu kimi, bundan sonra da Azərbaycanın haqq işinə dəstək verəcək.

Görüşdən məmnun qaldığını bildirən Ukrayna Ali Radasının Sədri Vladimir Litvin ilk növbədə Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi münasibətilə Azərbaycan xalqına və Azərbaycan dövlətinə təbriklərini çatdırdı. O, Azərbaycanın bu istiqamətdə fəaliyyətinin sülh və təhlükəsizliyin qorunub saxlanmasına yardım edəcəyinə əminliyini ifadə etdi. Ukrayna parlamentinin rəhbəri bu tarixi hadisəni Azərbaycanın uğurlu daxilixarici siyasətinin və ölkəmizdə aparılan islahatların səmərəli nəticəsi kimi qiymətləndirdi. Vladimir Litvin Ukrayna-Azərbaycan siyasi dialoqunun səviyyəsini yüksək qiymətləndirərək  iki ölkə arasındakı münasibətlərin strateji xarakter daşıdığını qeyd etdi. O, parlamentlərarası əməkdaşlığın intensivləşdirilməsinə tərəfdar olduğunu bildirdi və beynəlxalq forumlarda Azərbaycan və Ukraynadan olan deputatların fəal əməkdaşlıq etdiklərini xüsusi vurğuladı. V.Litvin bildirdi ki, parlament rəhbərləri səviyyəsində əməkdaşlıq ikitərəfli əlaqələrin mühüm tərkib hissəsidir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunan ukraynalı spiker bildirdi ki, Ukrayna Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləyir, Dağlıq Qarabağ probleminin beynəlxalq hüququn norma və prinsipləri əsasında dinc yolla nizamlanmasına tərəfdardır. Görüşdə ikitərəfli maraq doğuran digər məsələlərə də toxunuldu.

Milli Məclisin Sədri Oqtay Əsədovun keçirdiyi növbəti ikitərəfli görüş Qırğız parlamentinin - Joqorku Keneşin Sədri Axmatbek Keldibekov ilə oldu. Sədr qeyd etdi ki, Azərbaycan Qırğız Respublikası ilə əlaqələrin bundan sonra daha da möhkəmlənməsinə və dərinləşməsinə böyük əhəmiyyət verir. Əlaqələrimiz həmişə xalqlarımızın mənafeyinə xidmət edibdostluq münasibətlərimiz bu gün də davam etməkdədir. Bu ilin avqustunda öz müstəqilliyinin 20 illiyini qeyd edən Qırğız xalqına bu münasibətlə təbriklərini çatdıran Oqtay Əsədov Azərbaycanın  ötən ay BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini əlamətdar və tarixi hadisə kimi qiymətləndirdi. Sədr qeyd etdi ki, ötən 20 ildə ölkələrimiz çox böyük yol keçib, xaricidaxili siyasətdə uğurlu nəticələrə imza atıb. Ölkələrimiz bir sıra beynəlxalq təşkilatlarda, o cümlədən BMT, MDB, İslam Əməkdaşlıq Təşkilatı və digər qurumlarda fəal  əməkdaşlıq edir. Son illər ikitərəfli əlaqələrimizin bütün sahələrdə nəzərəçarpacaq dərəcədə inkişafı gələcək əməkdaşlıq və siyasi dialoq üçün daha geniş imkanlar açır. Milli Məclisin Sədri Oqtay Əsədov Qırğız Respublikasında keçirilmiş prezident seçkilərinə də toxunaraq bu seçkinin şəffaf, demokratik və beynəlxalq standartlara uyğun keçirilməsini yüksək qiymətləndirdi. Görüşdə Sədr Azərbaycanda aparılan islahatlar, ölkəmizin hərtərəfli sürətli inkişafı, Azərbaycanın əldə etdiyi uğurlu nəticələr və digər məsələlərdən bəhs etdi. Həm ölkəmizin, həm də bütövlükdə regionun inkişafına maneçilik törədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın təcavüzkar siyasəti, beynəlxalq hüquq normalarına əməl etməməsi məsələsi də diqqət mərkəzində oldu.

Görüşdən məmnun qaldığını bildirən Qırğız Parlamentinin Sədri Axmatbek Keldibekov hər iki ölkənin qanunverici orqanları rəhbərlərinin görüşlərinin son vaxtlar intensiv xarakter aldığını yüksək qiymətləndirdi. Qeyd etdi ki, bu görüşlər iki ölkə arasında olan münasibətlərin daha da dərinləşməsinə öz töhfəsini verir və parlamentlərarası əlaqələrin inkişafında yeni mərhələlər açır. Keçirilən görüşlərdə ölkələrimiz arasında iqtisadi, humanitar, həmçinin parlamentlərarası və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi məsələləri daim diqqət mərkəzində olur. Bu müzakirələr qarşılıqlı münasibətlərin, dostluq və qardaşlıq əlaqələrinin perspektiv istiqamətlərini müəyyənləşdirməyə təkan verir. Sürətlə inkişaf edən Azərbaycanın Dağlıq Qarabağ kimi ağrılı problemi olduğunu qeyd edən Axmatbek Keldibekov bu məsələdə Azərbaycanın ədalətli mövqeyini dəstəklədiklərini xüsusi vurğuladı. O, beynəlxalq təşkilatların qətnamələrinin yerinə yetirilməsinin, Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin vacib olduğunu söylədi. Ölkəsinin Azərbaycanla həyatın müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu deyən Qırğız Parlamentinin Sədri parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinin zəruri olduğunu vurğuladı. Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Parlament nümayəndə heyətinin Sankt-Peterburqa səfəri çərçivəsində bir sıra digər tədbirlər də həyata keçirilmişdir. Milli Məclisin Sədri Oqtay Əsədov Füzuli rayonunun keçmiş hərbi komendantı, istefada olan daxili xidmət general-leytenantı Aleksandr Voloxu Azərbaycan Respublikası Milli Məclisinin fəxri medalı ilə mükafatlandırdı. Bu münasibətlə Sankt-Peterburqun Tavriçeski sarayındakı MDB-nin Parlamentlərarası Assambleyasında Milli Məclisin daimi nümayəndəliyində təqdimat mərasimi keçirildi. Aleksandr Volox bu mükafata Azərbaycan xalqı qarşısında xüsusi xidmətlərinə, igidliyinə və əsl vətəndaş mövqeyinə görə layiq görülmüşdür. Hələ 1991-ci ildə Dağlıq Qarabağda separatçı silahlı dəstələr özbaşınalıqlar törədərkən Füzuli rayonunun komendantı olan Aleksandr Volox əsl şücaət və igidlik nümunəsi göstərərək yüzlərlə azərbaycanlı uşaq, qadın və qocanı xilas etmişdir. O bu gün Azərbaycanın dostu olaraq, diasporumuzun inkişafında da xüsusi xidmətlər göstərir. Milli Məclisin Sədri Oqtay Əsədov bütün bunları yüksək qiymətləndirərək Aleksandr Voloxu Azərbaycan xalqının dostu kimi dəyərləndirdi. Tədbirdə iştirak edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov və digər şəxslər Aleksandr Voloxa yüksək mükafatın təqdim edilməsini mühüm hadisə kimi qiymətləndirdilər. Qeyd olundu ki, bu onun zabit ləyaqətinə görə Azərbaycan xalqının təşəkkürünü təcəssüm etdirir. Aleksandr Volox öz çıxışında və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrdə bu təqdimata belə münasibət bildirmişdir: "O vaxt biz mükafat haqqında düşünmürdük, öz borcumuzu yerinə yetirirdik və mən xöşbəxtəm ki, belə yardım göstərmişəm. Bu mükafat ona görə qiymətlidir ki, o mənə adamları öldürdüyümə görə deyil, onları xilas etdiyimə görə verilir. Ədalətli işlər tanınmalıdır və mən Azərbaycana minnətdaram. Düşünürəm ki, Azərbaycanımız bundan sonra da çiçəklənəcək və ədalət qalib gələcəkdir".

2011-ci il noyabr ayının 10-da Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində MDB Parlamentlərarası Assambleyası Şurasının xətti ilə MDB dövlətləri dövlət hakimiyyəti orqanları seçkilərində "beynəlxalq müşahidə, qərəzsizlik, peşəkarlıq və siyasətdən kənarlıq" mövzusunda seminar keçirilmişdir. Seminarı Rusiya Federasiyası Federal Məclisinin Federal Şurasının sədri Valentina Matviyenko açmışdır. Seminarda MDB-nin icraçı katibi İcraiyyə Komitəsinin sədri S.Lebedev, Avropa Şurası Parlament Assambleyasının sədri Mövlud Çavuşoğlu, Rusiya, Ukrayna Moldovanın Mərkəzi Seçki komissiyalarının sədrləri, bir çox xarici ölkələrin yüksək vəzifəli nümayəndələri çıxış etmişlər.

Azərbaycandan Milli Məclisin deputatı, MDB Dövlətləri Parlamentlərarası Assambleyası Şurasının siyasi məsələlər beynəlxalq əməkdaşlıq üzrə Daimi komissiyasının sədr müavini Rüfət Quliyev çıxış etmişdir.

Bu komissiyanın həmin gün keçirilən iclasında Rüfət Quliyev 2011-ci il oktyabr ayının 3-4-də Bakı şəhərində MDB dövlətlərinin dövlət hakimiyyəti orqanları seçkilərində beynəlxalq müşahidəçilər və məsləhətçilər üçün keçirilən seminarın yekunları barədə məruzə etmişdir.

Deputatımız iclasda həmçinin MDB iştirakçısı olan dövlətlərin dövlət başçılarının MDB-nin yaranmasının 20 illiyi ilə əlaqədar bəyannamənin müzakirəsində çıxış etmiş, Azərbaycan tərəfinin bu məsələdə xüsusi rəyini nəzərə çatdırmışdır.

Bununla da MDB ölkələri PA Şurası çərçivəsində həyata keçirilən tədbirlər başa çatmışdır.

 

 

Akif TƏVƏKKÜLOĞLU,

Milli Məclisin mətbuat katibi

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  5.