Azərbaycan ilə İordaniya arasında əlaqələr daha da inkişaf etdirilir

 

 Noyabrın 14-də Azərbaycanın İordaniyadakı səfiri Elman Araslı bu ölkənin ali təhsil və elmi tədqiqatlar naziri xanım Rovaida Al-Maaitah ilə görüşmüşdür.

Səfirlikdən bildirmişlər ki, görüşdə diplomat Azərbaycanın Təhsil Nazirliyinin 2012-ci ilin aprel və ya may aylarında Əmmanda ölkəmizin ali təhsil müəssisələrinin sərgisini keçirmək niyyətində olduğunu demişdir. İordaniyalı nazir bu sərginin yüksək səviyyədə keçirilməsi üçün hər cür kömək göstəriləcəyini qeyd etmişdir.

Görüşdə R.Al-Maaitah hər iki tərəf üçün münasib vaxtda Azərbaycana səfər etmək niyyətində olduğunu da bildirmişdir.

Nazir noyabrın 23-dən 26-dək İslam Əməkdaşlığı Təşkilatının (İƏT) Elm və Texnologiya üzrə Daimi Komitəsinin (COMSTECH) İcraiyyə Orqanının Bakıda keçiriləcək iclasında İordaniyanın Ali Təhsil və Elmi Tədqiqatlar Nazirliyinin baş katibi Mustafa Al Advanın da iştirak edəcəyini diqqətə çatdırmışdır. Səfər çərçivəsində M.Al Advanın Azərbaycanın Təhsil Nazirliyində, Milli Elmlər Akademiyasında və Azərbaycan Diplomatik Akademiyasında görüşləri nəzərdə tutulmuşdur.

Görüşdə Bakı Dövlət Universiteti ilə İordaniya Universiteti arasında əlaqələrin inkişaf etdirilməsi məsələsi də müzakirə olunmuşdur. Nazir qeyd etmişdir ki, artıq İordaniya tərəfindən bu universitetlər arasında əməkdaşlığa dair qarşılıqlı Anlaşma Memorandumunun layihəsi hazırlanmışdır.

 

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  5.