Azərbaycanda Latviya Günləri başlamışdır

 

Noyabrın 14-də Bakıda "Latviyanı duyun!" şüarı altında keçiriləcək tədbirlərin təntənəli açılış mərasimi keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirlər Latviyanın Sərmayə və İnkişaf Agentliyi, bu ölkənin Azərbaycandakı səfirliyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı və Latviyanın Baltimkus Bankı və "Layma" şokolad fabriki, Riqa süd kombinatının dəstəyi ilə keçiriləcəkdir.

Mərasimdə Latviyanın ölkəmizdəki səfiri Hardiys Baumanis və Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov çıxış etmişlər.

 H.Baumanis bildirmişdir ki, Latviyanın müstəqillik gününün Azərbaycanda qeyd edilməsi tarixi hadisədir. Hazırda biz Azərbaycan ilə Latviya arasında əlaqələrin inkişaf dövrünü yaşayırıq. Azərbaycan Prezidenti İlham Əliyevin Latviyaya rəsmi səfəri ölkələr arasında əlaqələrin genişlənməsinə təkan vermişdir. Latviya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində  ölkəmizin haqlı mövqeyini dəstəkləyir.

Ziya Məmmədov qeyd etmişdir ki, ölkələrimiz arasında keçmiş sovetlər dövründə də yaxşı münasibətlər olmuş və müstəqillik illərində bu münasibətlər daha da inkişaf etmişdir. 2005-2006-cı illərdə hər iki ölkə prezidentlərinin qarşılıqlı rəsmi səfərlərindən sonra əməkdaşlığımız yeni mərhələyə qədəm qoymuşdur. Səfərlər çərçivəsində ölkələrimiz arasında iqtisadiyyat sahəsində vacib  sənədlər və müqavilələr imzalanmış, kənd təsərrüfatı, ekologiya, nəqliyyat, informasiya-kommunikasiya və digər sahələrdə əməkdaşlıq xeyli artmışdır.

Rəsmi hissədən sonra Latviya istehsalı olan məhsulların, eləcə də moda nümayişi olmuşdur.

 

 

Azərbaycan.- 2011.- 15 noyabr.- S.  7.