Bolqarıstan Prezidenti Georgi
Pırvanov Milli Məclisdə olmuşdur
Azərbaycana
rəsmi səfəri çərçivəsində
Bolqarıstan Prezidenti Georgi Pırvanov noyabrın 15-də Milli
Məclisdə olmuşdur. Parlamentin binası önündə
ali qonağı Milli Məclisin Sədri Oqtay Əsədov qarşılamışdır.
Bolqarıstan
Prezidenti əvvəlcə parlamentin iclas zallarına
baxmış, burada deputatlar üçün
yaradılmış şəraiti, tətbiq olunan müasir
texnoloji sistemi yüksək qiymətləndirmişdir.
Prezident
parlamentdəki Heydər Əliyev xatirə zalında da
olmuşdur. Ali qonağa Azərbaycan parlamentinin
formalaşmasında və xarici ölkələrin parlamentləri
ilə əlaqələrin qurulmasında ulu öndərin xidmətləri,
Milli Məclisin qəbul etdiyi mühüm hüquqi sənədlər
barədə məlumat verilmişdir.
Bolqarıstan
dövlətinin başçısı xatirə kitabına
ürək sözlərini yazmışdır.
Sonra
Prezident Georgi Pırvanov Milli Məclisin Sədri Oqtay Əsədov
ilə görüşmüşdür.
O.Əsədov
ölkələrimiz arasında mövcud münasibətləri
yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan-Bolqarıstan
əlaqələrinin dərin kökləri vardır. Dövlətlərimizin
başçılarının qarşılıqlı səfərləri
zamanı aparılmış danışıqlar ikitərəfli
əməkdaşlığın inkişafında
mühüm rol oynayır. İmzalanmış dövlətlərarası
və hökumətlərarası sənədlər əməkdaşlıq
üçün möhkəm hüquqi baza yaradır. Bu səfər
çərçivəsində imzalanmış sənədlər
həmin bazanı daha da möhkəmləndirmişdir.
Sədr
münasibətlərin möhkəmlənməsində
parlamentlərin, qanunverici orqanlardakı dostluq
qruplarının xüsusi rolundan
danışmışdır.
O.Əsədov
demişdir ki, Azərbaycan Avratlantik strukturlara inteqrasiya edir.
Lakin, Dağlıq Qarabağ münaqişəsi bu inkişafa
ciddi maneə törədir. Təcavüzkar Ermənistan
problemin həlli ilə bağlı BMT və digər
nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə
məhəl qoymur. Azərbaycanın inkişaf dinamikası Ermənistandan
qat-qat üstündür. Amma biz bütün bunlara baxmayaraq,
problemin sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. Ümidvarıq ki, münaqişənin
beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində
həlli istiqamətində dost ölkələr səylərini
artıracaqlar.
Milli Məclisin
Sədri Dağlıq Qarabağ münaqişəsinin ədalətli
həlli ilə bağlı nümayiş etdirdiyi mövqeyə
görə Bolqarıstan dövlətinin
başçısına minnətdarlığını
bildirmişdir.
Yenidən
Azərbaycanda, eləcə də Milli Məclisdə
olmağından məmnun qaldığını vurğulayan
Georgi Pırvanov demişdir: "Azərbaycana hər gəlişimizdə
böyük və sürətli inkişafın şahidi
oluruq. Bakı çox dəyişmişdir. Biz bu inkişafdan
sevinirik".
Bolqarıstan
Prezidenti vurğulamışdır ki, ölkələrimiz
arasında əlaqələrin inkişafında dövlət
başçılarının rolu böyükdür. Əməkdaşlığımızın
daha da genişlənməsində və möhkəmlənməsində parlamentlər də mühüm rol
oynayır. Ona görə də düşünürəm ki,
qanunverici orqanlar arasında əlaqələr daha da genişləndirilməli
və inkişaf etdirilməlidir.
Ali qonaq
bildirmişdir ki, Azərbaycan zəngin təbii sərvətlərə
malikdir və etibarlı tərəfdaş imici
qazanmışdır. Bu da bizə bütün sahələrdə,
eləcə də enerji sahəsində əməkdaşlığı,
ticarət dövriyyəmizi genişləndirməyə imkan
yaradır.
Bolqarıstan
Prezidenti Dağlıq Qarabağ münaqişəsinin tezliklə,
beynəlxalq hüququn norma və prinsipləri əsasında,
dövlətlərin ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdar olduğunu bir daha
vurğulamış, problemin həlli ilə bağlı rəsmi
Sofiyanın mövqeyinin dəyişməyəcəyini
bildirmişdir.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 3.