Dövlət
Bayrağı Meydanı ali qonaqda zəngin təəssürat
doğurmuşdur
Bolqarıstan Respublikasının Prezidenti Georgi Pırvanov noyabrın 15-də Bakıda Dövlət Bayrağı Meydanı ilə tanış olmuşdur.
Bolqarıstanın dövlət başçısına məlumat verilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev 2007-ci il noyabrın 17-də Bakıda Dövlət Bayrağı Meydanının yaradılması barədə sərəncam imzalamışdır. Hər il noyabrın 9-u Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bildirilmişdir ki, Dövlət Bayrağı Meydanının təməli 2007-ci il dekabrın 30-da Prezident İlham Əliyevin iştirakı ilə qoyulmuşdur. Meydan üçün seçilmiş yer dövlət bayrağının paytaxtın müxtəlif nöqtələrindən görünməsinə imkan yaradır. 2010-cu il sentyabrın 1-də isə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimi keçirilmişdir.
Məlumat verilmişdir ki, ümumi ərazisi 60 hektar olan meydanda bütün infrastruktur yaradılmışdır. Meydanda inşa olunmuş dayağın hündürlüyü 162 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq etmişdir.
Qeyd edilmişdir ki, meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanmışdır.
Sonra Georgi Pırvanova Bayraq Meydanının ətrafında həyata keçirilən abadlıq və tikinti-quruculuq işləri haqqında məlumat verilmişdir.
Bolqarıstanın dövlət başçısına xatirə hədiyyəsi təqdim olunmuşdur.
Ali qonaq Dövlət Bayrağı Meydanından zəngin təəssüratla ayrılmışdır.
AzərTAc
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 3.