Azərbaycan Prezidenti İlham Əliyev Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

 

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Dövlətimizin başçısı Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın geniş formata malik olduğunuuğurla inkişaf etdiyini vurğuladı. Xanım Ketrin Eşton ilə Varşavada keçirdiyi görüşü xatırlayan  Prezident İlham Əliyev həmin görüşdən qısa müddət keçdikdən sonra onun bölgəyə səfər etməsinin bütün region və Azərbaycan üçün önəmini qeyd etdi. Dövlətimizin başçısı xanım Ketrin Eştonun ölkəmizə səfərinin Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələrin daha da inkişaf etdirilməsi işinə xidmət edəcəyinə əminliyini bildirdi.

Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton Azərbaycana səfərindən məmnunluğunu bildirdi.

Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında energetika  sahəsində əməkdaşlığın perspektivləri müzakirə edildi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

 

***

 

Sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eştonun şərəfinə nahar verildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  2.