Azərbaycanın Baş naziri Belarus parlamentinin Nümayəndələr Palatasının sədri ilə görüşmüşdür

 

 Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə noyabrın 15-də ölkəmizdə səfərdə olan Belarus Respublikası parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ilə görüşmüşdür.

Baş nazir qeyd etmişdir ki, strateji tərəfdaşlıq səviyyəsində olan Azərbaycan-Belarus münasibətləri bütün istiqamətlər üzrə fəal inkişaf edir. Artur Rasizadə iki ölkənin münasibətlərinin inkişafında, xüsusən parlamentlərarası əlaqələrin möhkəmlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə də məlumat verən Baş nazir söyləmişdir ki, bu problem yalnız beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir.

Belarus parlamentinin Nümayəndələr Palatasının sədri Vladimir Andreyçenko ölkələrimiz arasındakı səmimi münasibətlərin yüksələn xətlə inkişafından məmnunluğunu ifadə etmişdir. Qonaq Bakıda şahid olduğu genişmiqyaslı quruculuq işlərinin onda məmnunluq doğurduğunu diqqətə çatdıraraq demişdir ki, bütün bunlar Azərbaycanın iqtisadi yüksəlişinin bariz göstəricisidir.

Görüşdə Azərbaycan ilə Belarus arasında ikitərəfli münasibətlərin inkişafına dair fikir mübadiləsi aparılmışdır.

 

 

Azərbaycan.- 2011.-  16 noyabr.- S. 4.