Azərbaycan enerji təhlükəsizliyi sahəsində Avropa İttifaqının mühüm
tərəfdaşıdır
Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Avropa Komissiyası sədrinin müavini, Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi xanım Ketrin Eşton ilə görüşmüşdür.
AzərTAc xəbər verir ki, görüşdən sonra keçirilən birgə mətbuat konfransında müzakirə olunmuş məsələlər barədə ətraflı məlumat verilmişdir.
E.Məmmədyarov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı aparılan danışıqların hazırkı vəziyyəti barədə qonağa ətraflı məlumat verdiyini qeyd etmişdir. Görüşdə Azərbaycan-Aİ əlaqələrinin bütün istiqamətləri ilə bağlı fikir mübadiləsi aparıldığını vurğulayan nazir xüsusilə enerji təhlükəsizliyi sahəsinin əsas müzakirə mövzusu olduğunu bildirmişdir.
"Şərq tərəfdaşlığı" proqramının Azərbaycan üçün əhəmiyyətindən danışan E.Məmmədyarov Aİ-nin rəsmisinin ölkəmizə səfərinin tərəflər arasında əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini vurğulamışdır.
Azərbaycanda böyük inkişafın şahidi olduğunu qeyd edən K.Eşton ölkəmizi BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmişdir. Azərbaycanın enerji təhlükəsizliyi sahəsində Aİ-nin mühüm tərəfdaşı olduğunu vurğulayan K.Eşton "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində əldə olunan nailiyyətlərin tərəflər arasındakı uğurlu əlaqələrin bariz nümunəsi olduğunu demişdir. Qeyd etmişdir ki, Azərbaycan artıq nəinki regionda, həmçinin BMT kimi bir qurumda nüfuzu getdikcə artan bir ölkədir.
K.Eşton bu
səfərin Azərbaycan-Aİ münasibətlərinin
genişləndirilməsi baxımından mühüm
əhəmiyyət kəsb etdiyini bildirmişdir.
Azərbaycan.- 2011.-16 noyabr.- S. 4.