BMT-nin rəsmisi Andrey Abramov: Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri daimi üzv seçilməsi onun müstəqil bir dövlət olaraq dünya səviyyəsində özünü yenidən tanıtmasının bariz nümunəsidir

 

 Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) dəvəti ilə Azərbaycana səfərdə olan BMT-nin İqtisadi-Sosial Şurasının (ECOSOC) QHT-lər üzrə bölməsinin rəhbəri Andrey Abramov noyabrın 15-də Azərbaycan Respublikası Baş nazirinin müavini, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov ilə görüşmüşdür.

BAMF-ın informasiya departamentindən AzərTAc-a bildirmişlər ki, fondun sədri Umud Rəhimoğlunun və qurumun departament rəhbəri Nik Nvolisanın da iştirakı ilə keçirilmiş görüşdə Baş nazirin müavini Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı nəticəsində yaranmış problemlərin aradan qaldırılmasından, hökumətin humanitar sahədə gördüyü işlərdən danışmışdır. Ə.Həsənov təmsil etdiyi dövlət qurumunun həmişə QHT-lərə dəstək verdiyini, bundan da sonra bu istiqamətdə bütün zəruri addımların atılacağını bildirmişdir.

A.Abramov Azərbaycanın bu yaxınlarda BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi ilə bağlı təbriklərini çatdırmışdır. BMT-nin rəsmisi vurğulamışdır ki, bu, Azərbaycanın müstəqil bir dövlət olaraq dünya səviyyəsində özünü yenidən tanıtmasının bariz nümunəsidir. Ə.Həsənov bu uğurun Azərbaycan Prezidenti İlham Əliyevin apardığı ardıcıl və səmərəli işlərin nəticəsində əldə olduğunu demişdir.

Azərbaycanda vətəndaş cəmiyyəti institutunun inkişafını və bu işdə dövlətin dəstəyini yüksək qiymətləndirən BMT-nin rəsmisi humanitar sahədə BAMF-ın fəaliyyətini də xüsusi qeyd etmişdir. A.Abramov Azərbaycanda gələn ilin əvvəlində gənclərin vətəndaş cəmiyyətinin inkişafında rolu ilə bağlı beynəlxalq konfransın  keçirilməsi ideyasını Ə.Həsənovun diqqətinə çatdırmışdır. Bu ideyanı alqışlayan Baş nazirin müavini onun reallaşması ilə bağlı kömək göstərməyə hazır olduqlarını vurğulamışdır.

 

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  4.