ABŞ hökuməti
Transxəzər boru kəməri layihəsini dəstəkləyir
ABŞ hökuməti Transxəzər boru kəməri layihəsini dəstəkləyir. İndi əsas məsələ Avropa İttifaqı, Azərbaycan və Türkmənistanın razılığa gəlməsidir.
AzərTAc xəbər verir ki, bu sözləri ABŞ dövlət katibinin Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar Azərbaycana səfərinin yekunları ilə bağlı noyabrın 15-də keçirdiyi mətbuat konfransında demişdir.
Azərbaycanda olduğu müddətdə hökumət dairələrində və enerji şirkətlərinin təmsilçiləri ilə keçirdiyi görüşlərdən məmnunluq ifadə edən R.Morninqstar bu yaxınlarda Azərbaycan ilə Türkiyə arasında qaz alğı-satqısına dair imzalanmış Anlaşma Sazişinin əhəmiyyətini xüsusi vurğulamışdır. Xüsusi nümayəndə bu sənədin "Cənub" qaz dəhlizi layihəsinin mühüm bir element olacağını diqqətə çatdırmışdır.
R.Morninqstar demişdir ki, ABŞ hökuməti "Cənub" qaz dəhlizi layihəsinə tam sadiqdir və hazırda əsas məsələ bu layihənin gəlirliliyini təmin etməkdir.
"Nabukko" layihəsinə toxunan xüsusi
nümayəndə bu boru kəmərinin siyasi və strateji
baxımdan ciddi önəm daşıdığını
vurğulamışdır.
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 4.