Azərbaycan ilə
Mərakeş arasında beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq məsələləri müzakirə
edilmişdir
Noyabrın 15-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər üzrə dövlət katibi Lətifə Axerbaş ilə görüşmüşdür.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə L.Axerbaş Azərbaycanı 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi münasibətilə təbrik etmiş, uğurlar arzulamışdır.
E.Məmmədyarov da, eyni zamanda, dövlət katibini Mərakeşin 2012-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik etmişdir. Nazir BMT Təhlükəsizlik Şurası çərçivəsində Azərbaycan ilə Mərakeşin bir çox sahələrdə sıx əməkdaşlıq edəcəyinə ümidvar olduğunu bildirmişdir.
Görüşdə E.Məmmədyarov qonağa Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində aparılan danışıqlar barədə ətraflı məlumat vermişdir.
Bundan əlavə,
görüşdə beynəlxalq təşkilatlar çərçivəsində
əməkdaşlıq və qarşılıqlı maraq doğuran digər məsələlərlə
bağlı fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 4.