Şərəfli ziyalı adını ləyaqətlə qorumalıyıq

 

Ziyalı məhfumu bütün dövrlərdə həm əqli əməklə çalışanlara, həm də ali təhsilli şəxslərə aid edilir. Ziyalıların cəmiyyətin inkişafında, problemlərin dərk edilərək həll edilməsində xidmətləri böyükdür. Azərbaycan cəmiyyətində də ziyalı sözünə hər zaman böyük dəyər verilib. Təəssüflər olsun ki, bu gün cəmi  20-30 nəfərin toplaşdığı bir qurumun nümayəndələri bütün Azərbaycan ziyalıları adından qeyri-obyektiv bəyanatlar verərək ölkə ictimaiyyətini çaşdırmaq istəyirlər. Öz şəxsi qayğılarını qabartmaqla bunu xalqın problemi kimi qələmə verməyə cəhd göstərən bir qrupun kimlərinsə təsiri altına düşərək ziyalı adına yaraşmayan hərəkətləri yalnız təəssüf doğurur.

Dövlət müstəqilliyinin bərpasından ötən 20 ildə Azərbaycan bir çox keçmiş sovet respublikalarından fərqli olaraq, böyük uğurlara imza atmışdır. İqtisadi, siyasi, mədəni sahələrdə əldə edilən nailiyyətlər Azərbaycanın beynəlxaq aləmdə nüfuzunu gücləndirmişdir. Tarixi həqiqətdir ki, xalqın təkidli tələbi ilə 1993-cü ilin iyununda - taleyüklü bir zamanda müstəqil Azərbaycanın rəhbərliyinə qayıdan, məsuliyyətli bir missiyanı çiyinlərinə götürməkdən çəkinməyən ulu öndər Heydər Əliyev qısa zamanda dövlətçiliyin xilasına, ictimai-siyasi sabitliyin, qanunçuluğun, hüquq qaydalarının bərpasına, iqtisadi tənəzzülün qarşısının alınmasına nail olmaqla yanaşı, həm də milli-mənəvi, əxlaqi dəyərlərin deqredasiyası təhlükəsinə son qoymuşdur. Fəaliyyətə başlayarkən ilk görüş yerlərindən biri kimi məhz Azərbaycan Elmlər Akademiyasını seçən ümummilli lider azərbaycançılıq ideologiyasının, milli-mənəvi dəyərlərin inkişafı, həmçinin, yeni formasiyada - bazar iqtisadiyyatına keçid dövründə düzgün və məqsədyönlü sosial-iqtisadi islahatların nəzəri müddəalarını hazırlamaqla bağlı alimlər qarşısında yeni vəzifələr müəyyənləşdirmişdir.

Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənələri müstəqillik illərində inamla davam etdirən ulu öndər Azərbaycanın görkəmli şair və yazıçılarının, elm, incəsənət xadimlərinin yubileylərinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi qayğı ilə yanaşmışdır. Heydər Əliyevin siyasəti nəticəsində milli-mənəvi dəyərlərimiz qorunmuş, adət-ənənələrimiz yaşadılmış, klassiklərimizin yüz illərin sınağından günümüzə gəlib çatmış mənəvi irsinin gələcək nəsillərə itkisiz çata bilməsi üçün lazım olan bütün zəruri addımlar atılmışdır. Elm xadimlərinin fəaliyyətləri dövlətin dəstəyi ilə müşayiət olunmuş, elmi axtarışlara, tədqiqatlara vəsait ayrılmaları dəfələrlə artırılmışdır.

Tarix sübut edir ki, hər bir xalqın vahid məqsədlər uğrunda toparlanması üçün zəruri olan milli ideologiya da böyük siyasi liderlərin dövlətçilik konsepsiyasında real əsaslarını tapır. Milli ideologiya milli-mənəvi dəyərlər sisteminin əsas potensiyasının gerçək siyasi məqsədlər naminə səfərbər edilməsinə xidmət edir. Milli ideologiyanın tələbləri sırasında dövlətçiliyin, milli mənafenin müdafiə edilməsi, milliyətindən asılı olmayaraq hər bir vətəndaşın haqlarının ümumbəşəri tələblər səviyyəsində qorunması, mədəniyyətinin, adət-ənənələrinin inkişafına şərait yaradılması, dövlət idarəçiliyi orqanlarında onların da təmsil olunması və digər amillər mühüm yer tutur.

Ulu öndər Heydər Əliyev müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə də milli düşüncənin düzgün məcrada inkişafına nail olmuş, xalqa məxsus ənənə və dəyərlər sistemini qloballaşmanın sərt təsirlərindən qorumağı bacarmışdır. "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam. Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməlidir və biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq" - deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyaya çevirməklə, cəmiyyətin həmrəylik və bütövlüyünə, mənəvi birliyinə nail olmuşdur. Bu proses, həmçinin cəmiyyətdə ziyalı nüfuzunun yüksəldilməsinə münbit zəmin formalaşdırmışdır.

Prezident İlham Əliyev də bu ənənəni layiqincə davam etdirmiş, fəaliyyətinin ilk günündən xalqın milli mədəniyyətinin və mənəviyyatının qorunub saxlanılmasına, inkişaf etdirilməsinə xidmət edən strateji siyasi kursa üstünlük vermişdir. Milli dövlətçilik dəyərlərinin əsasını sağlam cəmiyyət təşkil edir. Sağlam mənəviyyatlı, yüksək bilikli insanlardan ibarət cəmiyyət qarşıya çıxan bütün problemləri asanlıqla həll edir, monolit qüvvə kimi fəaliyyət göstərir. Cəmiyyətin sağlamlığı əsasən bir göstəricidə - iqtisadi və mənəvi tərəqqi amilində özünü daha qabarıq büruzə verir: indi biz Azərbaycanda baş verən genişmiqyaslı iqtisadi tərəqqinin şahidiyik, bu sürət dünyanı heyran qoymuşdur. Gələcək uğurlarımıza yeganə təminat isə sağlam cəmiyyət quruculuğuna diqqəti artırmaq, köklü mənəvi dəyərləri yeni nəslə və bütün cəmiyyətə daha dərindən aşılamaqdır.

Azərbaycan Prezidenti İlham Əliyevin elmin, təhsilin, mədəniyyətin inkişafını sürətləndirən onlarla fərman və sərəncamlar, dövlət proqramları imzalaması onun yetişməkdə olan gənc nəslin mənəvi bütövlüyü, kamilliyi və saflığı, habelə qlobal miqyaslı yad təsirlərə qarşı mənəvi müqavimətin təkmilləşdirilməsi istiqamətində həyata keçirdiyi siyasətin mühüm məqamlarıdır. Bütün bunlar eyni zamanda mənəvi yüksəlişə, intibaha xidmət edən vacib addımlar kimi cəmiyyətin pozitiv ruhda inkişafına təkan vermişdir. Prezident İlham Əliyev mədəni, elmi, habelə yaradıcılıq sahələrində irəliləyişi, mənəviyyat məsələlərinə dövlət himayəsini iqtisadi-sosial tərəqqi ilə ayrılmaz şəkildə bağlayır. Bu, dünyanın ümumi həyatının rəhnidir və hər bir millətin gələcəyində, dövlətin qabaqcıl ölkələrlə eyni hüquqi səviyyədə yaşayıb inkişaf etməsində zəruri şərtdir.

Azərbaycanda bütün sahələrdə əldə edilmiş uğurları gözü götürməyən xarici antiazərbaycan dairələr indi də ziyalılardan istifadə etməyə çalışırlar. Onların əsas hədəfi də öz fəaliyyətləri ilə cəmiyyətdə elə də maraq kəsb etməyən, ziyalılar arasında rəğbət qazanmayan kiçik bir qrupdur. Bu qrupda əsasən Azərbaycan hakimiyyətindən məhz şəxsi mənafeləri ucbatından incik düşənlər, maddi maraqları ödənməyənlər üstünlük təşkil edir. Azərbaycan isə artıq öz inkişaf və qüdrətinin elə bir həddindədir ki, hər hansı kənar qüvvənin daxili işlərinə qarışmasına qətiyyən yol verməz.

Azərbaycan xalqı 1988-1993-cü illərin cərəyan edən ağır və mürəkkəb proseslərini hələ unutmayıb. O illərdə Azərbaycanda hakimiyyətdə xalqın etimad göstərdiyi siyasi qüvvənin olmaması dövlət idarəçiliyi mexanizmlərinin formalaşmasında ciddi maneəyə çevrilməklə yanaşı, daxili böhranın, vətəndaş itaətsizliyinin, xaos və anarxiyanın yaranmasına rəvac vermiş, qanunçuluğunhüquq qaydalarının təminatı, vətəndaşların azad, təhlükəsiz yaşamaq hüququnun, ən nəhayət, ictimai asayişin qorunması sahəsində əsaslı problemlər yaratmışdı. Həmin ağır dönəmdə Dağlıq Qarabağda uğursuzluqlara düçar olduq və ərazilərimizi itirdik. Bu səbatsız qüvvələr nədənsə unudurlar ki, xaosanarxiya, vətəndaş itaətsizliyi, siyasi, iqtisadi və mənəvi böhran dövrü kimi səciyyələnən "siyasi eksprementlər" dövrü artıq başa çatıb.

Dövlətimizin ən ağır günlərində, siyasi təlatümlərin baş verdiyi vaxtlarda, ümummilli problemlərin həll olunduğu anlarda ziyalılar öz sözlərini deyiblər, dövlətçiliyimizə qənim kəsilənlərə qarşı sıx birləşiblər. Həmin zaman kəsiyində Azərbaycan ziyalıları xalq qarşısında böyük xidmətlər göstərmişlər. Azərbaycan dövləti də bunları bilir və ziyalıların cəmiyyətdəki rolunu daim yüksək qiymətləndirir.

Özlərini "ziyalı" adlandıran bir qurumun nümayəndələrinin fəaliyyətləri isə əsl ziyalı təfəkkürü və dünyagörüşü ilə qətiyyən üst-üstə düşmür. Bu qurumda təmsil olunanlar Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərə bircə dəfə də obyektiv, real münasibət bildirməyiblər. Sual olunur: bəs onda əsl ziyalı mövqeyi harada qaldı? Ad almaq və təltif olunmaq hələ ziyalı olmağa dəlalət etmir. Odur ki, bu qurumun ölkə ziyalıları adından danışmağa mənəvi haqqı çatmır. Bu baxımdan professor Rafiq Əliyevin ADNA-nın kafedra müdirliyindən uzaqlaşdırılması ilə bağlı müzakirələr də süni ajiotaj xarakteri alıb. Rafiq müəllim Azərbaycanın tanınmış alimlərindəndir. Elmi fəaliyyəti mövcud iqtidar tərəfindən qiymətləndirilib. Ona etmiad göstərilib, dövlət təşəbbüsü ilə həyata keçən bir çox təhsil layihələrində aparıcı şəxs olub. Onun kafedra müdiri vəzifəsindən azad edilməsi barəsində qəbul olunan qərar ali təhsil müəssisəsinin öz işidirbu normal qarşılanmalıdır. Unutmayaq ki, bu gün ölkəmizdə təhsil islahatları aparılır, tədrisimiz Bolonya prosesinin prinsipləri əsasında yeniləşir, müasirləşir. Bu baxımdan, indi ali təhsil müəssisələrində kafedra müdirlərinin də üzərinə vacib vəzifələr düşür. Artıq kafedra müdirindən daha böyük məsuliyyət tələb olunur. Bu şərəfli vəzifəni daşıyan alim kafedrasında pedaqojielmi prosesə bilavasitə rəhbərlik etməlidir, müəllim kollektivinin tək hüquqi baxımdan deyil, həm də mənəvi cəhətdən lideri olmalıdır. Burada ciddi nizam-intizam, vəzifə öhdəliklərinə məsuliyyətlə yanaşma, kafedradaxili prosesləri sağlam məcraya yönəltmək kimi mühüm meyarlar əsas götürülür. Bu prinsipləri indi təhsilimizdə aparılan islahatlar tələb edir. Əgər bu real və zəruri tələblər ödənməsə, onda təhsilimizdəki uğurlardan danışmaq da mənasız olar.

Digər tərəfdən, hesab edirəm ki, alim üçün öz elmi potensialını reallaşdırmaq baxımından yetərincə digər funksiyalar var. Yəqin professor Rafiq Əliyev də mühüm elmi fəaliyyətini digər istiqamətlərdə, məsələn, elə ADNA-da bu gün həyata keçirdiyi vacib tədris proqram-layihəsinin icrasında uğurla davam etdirəcək.  

Biz, bu gün ziyalılar adından süni siyasi manipulyasiyalar edilməsinə  birmənalı şəkildə öz kəskin münasibətimizi bildirməliyik. Qaragüruh əxlaqından, mövqe dəyişikliyindən, avantürizmdən uzaq olaraq əsl vətəndaşlıq borcumuzu yerinə yetirməliyik. Elmə, maarifə, tərəqqiyə, kamilliyə xidmət etməklə ziyalı missiyasını ləyaqətlə daşımalıyıq. Ziyalının yeganə fəaliyyət amalı xalqın mənafeyini düşünən, onun inkişafını prioritet hesab edən, dövlətin, dövlətçiliyin qorunmasına xidmət göstərən əsl vətəndaş mövqeyi ilə üst-üstə düşməlidir.

 

 

Əlican BABAYEV,

Azərbaycan Dövlət İqtisad

Universitetinin "İqtisadi nəzəriyyə-1"

kafedrasının müdiri, iqtisad elmləri

doktoru, professor, əməkdar müəllim,

Azərbaycandan Kənarda Təhsil Almış

MütəxəssislərTəşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  7.