Bu, milli birlik nümayişi deyil
Azərbaycanın keçdiyi çətin, kəşməkəşli, bir qədər də dəqiqləşdirsək, ağrı-acılı yolda xalqımızın nümayiş etdirdiyi birlik onun müstəqilliyinin bərpası dövründə özünü yüksək səviyyədə göstərmişdir. Keçmiş sovet imperiyasının 70 illik hakimiyyətindən qurtulmaq zorla həmin ittifaqa birləşdirilmiş xalqların azadlıq arzusu idi. İmperiyanın öz içərisindən çürüyərək (bütün imperiyaların aqibəti belə olub) məhv olması, azadlıq, müstəqillik arzusu ilə yaşayan insanların işıqlı ideyalarının həyata keçməsinə bir qədər də təkan vermiş oldu. Bütün hallarda əldə edilən nailiyyətlərdə xalqımızın önündə getmiş ziyalıların əməyi, təbii ki, daha çox idi. Ona görə də bütün dövrlərdə xalqımız və dövlətimiz ziyalının əməyini daim yüksək tutub.
Xalqımız, özünün möhtəşəm varlığını həmçinin bəşəriyyətə təqdim etdiyi tarixi simalarla, ziyalılarla təsdiqləyib: Nizami, Füzuli, Şah İsmayıl Xətai, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Yusif Məmmədəliyev, Ziya Bünyadov, Lütvü-Zadə, Azad Mirzəcanzadə kimi sərkərdə, söz və qələm adamları, elm, mədəniyyət və incəsənət xadimləri, bir sözlə, zehni düşüncəsinin nurundan bəhrələnənlərimiz az olmayıb.
Ulu öndər Heydər Əliyevin istər keçmiş sovetlər birliyi dövründə, istərsə də müstəqil Azərbaycan dövlətinin tarixində göstərdiyi xidmətlər ziyalılığın ən ali dəyərlərini özündə əks etdirib. Müstəqillik uğrunda mübarizə meydanlarına axışanda da, torpaqlarımıza göz dikmiş, ermənilərin ərazilərimizə genişmiqyaslı hücumları başlayanda da xalqımız özünün ziyalılarına güvəndiyini göstərdi. Məhz həmin ağır və məşəqqətli günlərdə xalqımızın bir qrup ziyalısı ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmasının zəruri, vacib olduğunu anlayaraq, Naxçıvana üz tutmuşdu. Nə yaxşı ki, daim xalqının inkişafına, dövlətinin müstəqilliyinə çalışmış ulu öndər bu çağırışı, edilən müraciəti, bir sözlə, sevimli xalqının səsini cavabsız qoymadı.
Demək, xalqımız daim öz ziyalılarını öndə görüb. Ötən əsrin 90-cı illərində də bu amil özünü göstərmişdir. Lakin, təəssüflə qeyd edilməlidir ki, ziyalı amilindən istifadə edən bir qrup bütün hallarda yalnız öz şəxsi mənafelərini üstün tutub. Müəyyən bir təşkilat halında formalaşa bilməyən (çünki ictimai və sosial bazaya malik deyillər), vaxtilə hakimiyyətdən yetərincə bəhrələnən, özünün şəxsi mülkiyyətini genişləndirən və biznesini quran, lakin niyyəti ucbatından tutduğu vəzifədən uzaq düşdükdən sonra incik düşən, əslində, öz maraqlarını təmin edərkən bəd əməllərinin qurbanına çevrilmiş insanların bir araya gələrək, xarici düşmən qüvvələrinə züy tutması isə nə ziyalı mövqeyinə uyğundur, nə də dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində aparılan siyasətin dəstəklənməsinə.
Heç bir rəsmi qurum tərəfindən tanınmayan ad altında özünü ictimaiyyətə sırımaq istəyən kiçik bir qrupun xalqımızın tanınmış ziyalılarının adından danışmaq cəhdi də məhz yuxarıda qeyd etdiyimiz kimi, müstəqilliyimizə arxadan zərbə vurmağa çalışan düşmən qüvvələrlə bir sırada dayanmaq deməkdir.
Azərbaycan Dövlət Neft Akademiyasının kafedra müdiri Rafiq Əliyevin tutduğu vəzifədən çıxarılmasını cəmiyyətdə "zəlzələ" baş verməsinə bənzətmək, ən azı, acı gülüş doğurur. Həmin toplantıya qatılanların cəmiyyətin hansı zümrəsini təmsil etməsi belə aydın deyil. Vaxtilə hakimiyyətdə təmsil olunan, lakin yalnız öz şəxsi ambisiyalarını gerçəkləşdirdiklərinə görə vəzifələrindən azad edilən nankor qüvvələr, əslində, xalqımızla ziyalılarımızın birliyinə xələl gətirən hərəkətlər nümayiş etdirirlər. Azərbaycan dövlət müstəqilliyinə qovuşduğu illərdə milli birliyin nə olduğunu nümayiş etdirib. İnqilablar dövrünü yaşamış və müstəqil dövlət quruculuğu prosesini şərəflə keçmişdir. Bu gün biz həmin müstəqilliyin daha da möhkəmləndirilməsinə və qorunub saxlanmasına çalışmalıyıq. Ərəb dünyasının üzləşdiyi alovlu dalğalarla biz ötən əsrin səksəninci illərinin sonlarında qarşılaşmış və birgə mübarizəmizlə milli hökumətimizi qurmuşuq. Dünyaya müstəqil Azərbaycanı daha geniş formada təqdim etdiyimiz halda, özlərini xalqın təəssübkeşi kimi təqdim etmək istəyən bu insanlar, görəsən, dərk etmirlər ki, heç bir ictimai məzmun daşımayan kiçik hadisədən, sadəcə, siyasi şou düzəltməyə çalışırlar.
Azərbaycanın, müstəqil dövlət olaraq, son 20 il ərzində keçdiyi iqtisadi inkişafını görməmək, yaxud onun üstündən xətt çəkmək nadanlıqdır. Son on ilə yaxın müddətdə Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanda xalqla hakimiyyətin birliyi öz bəhrəsini vermişdir. Bu birlik yalnız xalqımzın və dövlətimizin düşmənlərini vahiməyə sala bilər. Ölkəmiz yaradılmış stabillik nəticəsində strateji inkişaf yoluna çıxıb. Xalqımızın rifah halının daha da yaxşılaşdırılması istiqamətində həyata keçirilən sosialyönümlü proqramlar öz bəhrəsini verməkdədir. Regionda ən iri enerji və kommunikasiya layihələri Azərbaycan dövlətinin müəllifliyi ilə həyata keçirilir. Bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvü seçilən Azərbaycan dövlətinin, eləcə də xalqımızın qarşısında Dağlıq Qarabağ probleminin həlli kimi vacib məsələ olduğu halda, şəxsi ambisiyaların ortaya atılması, ən azı, qəbuledilməzdir.
Bu günlərdə respublika ictimaiyyətinin tanınmış ziyalılarının, dövri mətbuat vasitəsilə məsələyə münasibət bildirməsi təqdirəlayiqdir. Azərbaycan xalqının bütün dövrlərdə və ictimai-siyasi proseslərdə öndə getmiş ziyalıların məsələyə birmənalı münasibəti və qəti mövqeyi təbiidir. İctimaiyyətin ziyalı adına layiq olmayan hərəkətlərlə məşğul olmağa çalışan, ziyalı adı ilə bir araya sığışmayan zümrənin özündənrazılğına qarşı çıxması da göstərir ki, həmin "qurum"u təmsil edənlərin xalqın adından danışmağa mənəvi haqqı belə yoxdur.
Azərbaycanın iqtisadiyyatının sürətli inkişafı, onun dünyada siyasi nüfuzunun artması, Avropada söz sahibinə çevrilməsi, həmçinin xalqımızın mədəniyyətinin və incəsənətinin beynəlxalq aləmə nümayişi, ən əsası isə Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətlərin dünyaya olduğu kimi çatdırılması bizim böyük uğurumuzdur. Bu isə həlli Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin aradan qaldırılmasında mühüm vasitələrdən biridir.
Azərbaycan özünün siyasi, iqtisadi, həmçinin mədəni sahələrdə əldə etdiyi nailiyyətlərlə dünyanın inkişaf etmiş dövlətləri sırasında yerini möhkəmləndirdikcə, onun nüfuz dairəsi də təbii ki, genişlənir. Belə inkişafın göstəricilərindən biri Azərbaycana bu gün beynəlxalq birlik tərəfindən daha çox diqqət yetirilməsi, onun yürütdüyü siyasəti dəstəkləməsi, bütün sahələrdə, o cümlədən, mədəni və iqtisadi əməkldaşlığa maraq göstərməsidir. Dünyanın 155 dövlətinin etimadı ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycanın Avropanın mədəniyyət paytaxtlarından birinə çevrilməsi də təsadüfi deyildir. Avropanın musiqi və mədəniyyət mərkəzinə çevrilərək 2012-ci ildə "Evrovision" mahnı müsabiqəsinə ev sahibliyi etməsi Azərbaycanın daha geniş məkanda nüfuzunun artmasına daha bariz bir nümunədir. Bir sözlə, uğur və nailiyyətlərin sırasının genişləndiyi bir vaxtda ictimaiyyətin diqqətini lazım olmayan məsələlərə yönəltmək, ən azı, bədxahlıqdır. Bu, əlbəttə, milli birliyin nümayişi deyil.
Rəhman HƏSƏNOV,
filologiya üzrə fəlsəfə doktoru
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 7.