Vadim Qusman: «Bakı Beynəlxalq Humanitar Forumu həm regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir»

 

Rusiyanın İTAR-TASS Agentliyinin Böyük Britaniyadakı xüsusi müxbiri Vadim Qusman AzərTAc-ın müxbirinə müsahibəsində Bakı Beynəlxalq Humanitar Forumu barədə təəssüratlarını bölüşərək demişdir: "Tamamilə aşkardır ki, Bakı Beynəlxalq Humanitar Forumu nəinki regional, həm də dünya miqyaslı möhtəşəm hadisədir".

Artıq ikinci dəfə Bakı Humanitar Forumunda iştirak etmək xoşbəxtliyi nəsib olmuş V.Qusman demişdir: "Builki hadisələrin miqyası məni valeh etdi. Foruma ən müxtəlif sahələri təmsil edən çoxlu qonaq gəlmişdi. Tədbir ən yüksək səviyyədə təşkil edilmişdi və əlbəttə, belə güman etməyə hər cür əsas vardır ki, forum bu il bütün dünyada ən mühüm intellektual hadisələrdən biri olacaqdır. Azərbaycan rəhbərliyi, Rusiya rəhbərliyi, nümayəndələri forumun işində iştirak edən ölkələrin rəhbərliyi bu tədbiri yüksək qiymətləndirmişlər".

Vadim Qusman xüsusi vurğulamışdır ki, Azərbaycanın uğurlarını və sürətli inkişafını yalnız alqışlamaq olar. Jurnalist demişdir: "Təbii ki, bu, əslən Azərbaycandan olan bir adam kimi mənim üçün mühüm mövzudur. Mən hər dəfə Bakıya böyük qürur və məmnuniyyət hissi ilə gəlirəm, gözəl Bakı şəhərini qonaqlara göstərirəm. Bu dəfə də mən Bakıda xoşbəxt hisslər yaşadım: Forumda iştirak edən dostlarımı bulvara, İçərişəhərə, Azərbaycan paytaxtının digər yerlərinə apardım. Etiraf edirəm ki, onların gördüklərinə heyran olmasını müşahidə etmək mənə, həqiqətən, ləzzət verdi. Onlar vəcdə gəlir, heyrətlənirlər və deyirdilər ki, gözəlliyinə, cəlbediciliyinə, qonaqpərvərliyinə görə Bakıya tay ola biləcək başqa bir şəhər tanımırlar".

Forumda müzakirə edilən bütün mövzuların maraqlı olduğunu söyləyən Vadim Qusman demişdir ki, peşəmlə əlaqədar "Sosial jurnalistika və yüksək texnologiyalar" mövzusunda bölmə iclasında aparılan diskussiyalar mənim üçün daha cəlbedici idi. Beynəlxalq forumun işinin informasiya dəstəyini təmin edən Azərbaycan Dövlət Teleqraf Agentliyi (AzərTAc) və Rusiyanın İTAR-TASS, eləcə də Türkiyənin Anadolu informasiya agentliklərinin rəhbərlərinin apardıqları bu bölmənin panellərində jurnalistikanın tamamilə yeni növü olan sosial jurnalistikada yüksək texnologiyaların tətbiq edilməsi, ənənəvi informasiya sənayesi və sürətlə inkişaf edən sosial media arasında əlaqələr, qloballaşma dövründə informasiya sahəsində yeni meyillər məsələlərinin müzakirə olunması təsadüfi deyildir. Çünki bu məsələ XXI əsrin sosial sifarişlərindən biridir.

İTAR-TASS-ın Böyük Britaniyadakı xüsusi müxbiri V.Qusman müsahibəsinin sonunda demişdir: "Əlbəttə, Azərbaycan artıq onilliklər boyu dünyanın mədəni paytaxtlarından biri, lap dəqiq desək, regionun mədəniyyət paytaxtıdır. Azərbaycan və onun paytaxtı Bakı həmişə öz mədəniyyətinin müxtəlifliyi, öz mədəniyyətinin geniş miqyası ilə tanınmışdır. Bu da təsadüfi deyil, çünki XX əsrin əvvəlində, neft bumu başlananda adamlar dünyanın hər yerindən buraya gəlirdilər. Mədəniyyətlərin bu sintezi (yeri gəlmişkən, forumda bu barədə, yeni multikulturalizm dövrü barədə çox söhbət oldu) nəticəsində mübaliğəsiz deyə bilərəm ki, Azərbaycan multikulturalizmin necə işləməli olduğunu və işləyə biləcəyini göstərən ən yaxşı, ən müsbət nümunələrdən biridir".

 

 

Asya HACIZADƏ,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 16 noyabr.- S.  11.