Sular axdıqca durulur
Onların hər ikisi bir zaman bu yerlərdə şan-şöhrət sahibi idi. Qaçaq Kərəm də, İsrafil ağa da; hərə öz sahəsində. Biri igid qaçaq, digəri alicənab insan kimi. Qıraq Kəsəmən kəndinin adı da dillər əzbəri idi. İndi nə kəndin izi-tozu qalır, nə də Qaçaq Kərəmin, İsrafil ağanın bir nişanəsi.
Təəssüf, çox təəssüf!
Batan yurd yerinin, "itən" oğulların sorağı ilə Kürün sahilinə gəlmişik. Ağstafanın ən səfalı guşələrindən biridir. Göz işlədikcə uzanan geniş vadini gəzirik. Adlı-sanlı Qıraq Kəsəmən kəndinin qədim yurd yeridir. İndi tamamilə viran olub. Bircə kəndin başında, çox baxımlı yerdə İsrafil ağanın evi nisbətən salamat qalıb. Usta Cəlilin ucaltdığı bu yaraşıqlı mülk bütün evlərin gözü idi. Üç giriş tağlı bu iri bina altı otaqdan və geniş eyvandan ibarətdir. Qırmızı kərpicdən və çay daşlarından tikilmiş, yanmış gəclə suvanmışdı. Deyirlər, evin qumu, əhəngi qoyun südü ilə yoğrulmuşdu. Qapı dəstəklərinin hamısı tökmə bürüncdən idi. Hər otaqda dairəvi hörmə üsulu ilə holland peçləri qurulmuşdu. Avadanlıq da ki say-seçmə. Ceviz ağacından hazırlanmış alman çarpayı, kamotlar və başqa əşyalar Tiflisdən gətirilibmiş. Ev əsl muzey imiş. İndi yalnız uçuq-sökük barıları qalır.
Qıraq Kəsəmən böyük
kənd olub. Adına el arasında "Min öylü"
kənd deyilirdi. Çoxlu görkəmli
adamlar yetişib.
Dövlət xadimi Səmədağa Ağamalıoğlu,
tibbi elmləri doktoru Aydın Çəndirli, neftçi-alim
Abbas Biləndərli,
Sosialist Əməyi Qəhrəmanı Yasəmən
Məmmədova, fizika-riyaziyyat
elmləri doktoru Tahir Abbasov, əməkdar müəllim
Hacıbala Hacıyev,
polis polkovniki Paşa Hüseynov və başqaları.
Ən ünlü
oğulları isə
Qaçaq Kərəm
və İsrafil ağa idi. İkisi
də qan davasının qurbanı olub. Qaçaq Kərəm 1860-cı ildə dünyaya göz açıb.
Atası
İsgəndər divanla
çəkişmə zamanı
cəfakeş kəndlilərin
tərəfində durduğu
üçün Sibirə
sürgün edilib.
Qayıdanda İsrafil ağa
ilə yaranan münaqişə zamanı
öldürülür. Atasının yarağını oğlu Kərəm götürüb dağlara
çəkilir. O, təkcə
atasının intiqamı
üçün vuruşmurdu,
əlsiz-ayaqsızların haqqını
müdafiə edir, kasıb-kusuba havadar durur, zalımların dərsini verir, insafsız, ədalətsiz
quruluşun düşməninə
çevrilmişdi. Az bir vaxtda
xalqın dərin məhəbbətini qazanan
Kərəm nəinki
Azərbaycanda və Dağıstanda, eləcə
də bütün Qafqazda məşhurlaşmışdı.
Maksim Qorki yazırdı: "Qafqaz qaçaqları içərisində
ən rəşadətlisi
Kərəmdir. Kərəm əfsanə
və nağıllar qəhrəmanıdır. O, ədalət mücəssəməsidir".
Kərəmin igidliyi, mərdliyi dillər əzbəri idi. Gözlənilmədən peyda olub bir an içində gözdən itməsi, harda haqsızlıq baş verərsə, həmin an özünü
ora yetirməsi və qanunu pozanlara layiqli divan tutması haqqında el arasında o qədər geniş söz-söhbət
yayılmışdı ki,
canişindən tutmuş
pristava qədər hamı qorxuya düşmüşdü. Kərəmi aradan götürmək, məhv
etmək üçün
atlı kazak dəstələri düzəldir, bərələri
kəsdirir, satqınları
işə salırdılar.
Lakin onu tuta, ona bata bilmirdilər.
Rusiyanın çox məşhur jurnalı olan "Narodnaya Volya"nın yazdığı kimi
"məşhur Kərəm...
dəhşətli bir
tufana dönmüşdü".
Kərəmin əsas düşməni İsrafil ağa sayılırdı. Onların arasında qan
davası var idi. İsrafil ağa varlı-dövlətli
ailədə böyümüşdü.
Atasının çar ordusundakı
xidmətlərinə görə
onlara ağalıq verilmişdi. İsrafil ağa
Qazax mahalında adlı-sanlı ağsaqqal,
ədalətli insan kimi tanınırdı.
Kəhər atı xoşlayırdı.
Adətən, başında qaragül
dərisindən gümüşü
papaq, əynində vəznəli çuxa, belində sədəfli xəncəri olardı.
Əlində qamçı qısqıvraq
dayanar, şəstlə
yeriyərdi. Qəddi-qamətindən bir məğrurluq, ağayanalıq duyulardı.
İsrafil ağa həmişə kasıblara əl tutar, onların ehtiyaclarını ödəməyə çalışar, dərdlərinə şərik olar, hökumət adamları, divan məmurları ilə bağlı çətinlikləri həll edərdi. Belə bir inam yaranmışdı ki, İsrafil ağa olan yerdə oğurluq, əyrilik, qətl-qarət ola bilməz. Vaxt olub İsrafil ağa neçə-neçə imkansızı nahaq təzyiqdən, təsirdən qurtarıb, kəndi dəfələrlə vergidən azad edib. Deyirlər, Qazax seminariyasının yanında günbəzli hamamı da o tikdirib.
İsrafil ağa ilə Qaçaq Kərəmin düşmənliyi onların yaxın qohumlarının təqsiri üzündən olmuşdu. Deyirlər onlar süd qardaşı idilər. Bir yerdə böyümüş, uşaqlıqları birgə keçmişdi. İsrafil ağanın əmiləri qətlə yetiriləndən sonra Kərəmin atasının müəmmalı ölümü ilə bu iki məğrur insanın arasında keçilməz sədd yarandı. Buna baxmayaraq İsrafil ağa həmişə Kərəmə yüksək qiymət verərdi. Bir dəfə İran şahı Qazaxdan Tiflisə keçəndə İsrafil ağanı görüşə çağırır. Şah ondan soruşanda ki kim qoçaqdır, sən, yoxsa, Kərəm? İsrafil ağa özünəməxsus tərzdə şəstlə deyir: "Kərəm!"
Onlar mübarizəni, düşmənçiliyi də əsl kişi kimi aparırdılar. Xalq yazıçısı İsmayıl Şıxlı yazır ki, İsrafil ağa məğrur, mərdanə insan idi. Əgər o namərd olsaydı, Kərəmi hiylə ilə ələ keçirər, çar divanxanasına verər və sinəsini ordenlə bəzəyərdi. O Kərəmlə açıq döyüşdə qabaqlaşmaq, üzbəüz vuruşmaq istəyirdi. Namərdliklə işi yox idi. Qaçaq Kərəm öz rəşadəti, İsrafil ağa isə alicənablığı ilə tanınırdı. Hərənin də bir arxası, bir dayağı var idi. Mehdi Hüseyn yazır: "...Qaf dağı kimi əyilməz, məğrur təbiətli Kərəm çar divanxanasından qaçaq düşmüşdü, İsrafil ağa isə çar himayəsində yaşayırdı...".
İki dünyagörüşü, iki mühit, iki aləm üz-üzə dayanmışdı. Onlar düşmən olsalar da, elimizə xas mərdlik, insanlıq, kişilik qaydaları ilə vuruşur, xəlvəti, xain yolla yox, bir-birini məhz mərdliklə, üz-üzə dayanıb məğlub etmək istəyirdilər.
Fərman Eyvazlının "Qaçaq Kərəm" romanında çox ibrətamiz bir epizod diqqəti cəlb edir. Başda Qafqaz canişini olmaqla bütün rəislər, pristavlar, bəylər Kərəmi tutmaq üçün tədbir tökürdülər. Açıq-açığına qalib gələ bilmədikləri üçün onlar Kərəmi xəyanətlə ələ keçirmək, ya da namərdliklə öldürmək istəyirlər. Canişin deyir ki, "qalaları içəridən alarlar". Onun səsinə səs verən Gəncə qubernatoru Nakaşidze isə "quşu quşla tutarlar" fikrini xatırladır. Onlar istəyirdilər ki, Kərəm ya öz qaçaq yoldaşlarının, ya da bəylərin əli ilə öldürülsün. Bu məqsədlə pul yığır, adamları satın alaraq Kərəmin üstünə göndərməyə çalışırdılar. Bu işə İsrafil ağanı da qoşmaq istəyirlər. Ancaq Kərəmin qatı düşməni olan İsrafil ağa əsl Azərbaycan xarakterinə uyğun hərəkət edir. Onlarla qətiyyən razılaşmır: "Kişi düşmənini pulla öldürməz - deyir. - Qanı qanla yuyarlar, pulla yox". İsrafil ağa xəyanətdə, namərdlikdə iştirak etmir, düşməni də olsa, bu gizli sövdələşmədə igid Kərəmin tərəfini saxlayır.
Buna baxmayaraq ədavət
davam edirdi. Vəziyyət
getdikcə mürəkkəbləşir,
mühasirə dairəsi
daralırdı: Nəhayət,
Qaçaq Kərəm
baş götürüb
İrana gedir və 1910-cu ildə orada dünyasını dəyişir. (İsrafil
ağa isə 1917-ci ildə Kərəmin qohumları tərəfindən
qətlə yetirilir).
Kərəm gedəndən sonra
anası Fəxrənsə
kənddən sürgün
ediləndə pristav ona söz atır:
- De görüm, yenə Kərəm kimi bir oğul doğa
bilərsənmi?
Fəxrənsə ana əlüstü
cavab verir:
- Kərəm kimi mərd doğmağa İsgəndər kimi ər gərəkdir. Qatırdan ayğır törəməz!
İki cəsur
insanın faciəli hekayəti sona yetir. İndi zaman başqadır.
Aradan çoxlu sular axıb. Dövran dəyişib. Sular da axdıqca, durulur. Özgə cür də ola bilməz.
Kürün sahilindəki
qədimi yurd yerində iki məğrur insanın ölməz ruhu dolaşır: Qaçaq Kərəmin və İsrafil ağanın. Nə ola
bir ecazkar qüvvə gec də olsa, onların
aralarındakı kini-küdurəti
silib ataydı. Çox güman hər ikisi olub keçən
olaylardan bezikib, bir-birinə əl uzatmaq, bir-birinə qovuşmaq istəyir.
İndi sahibkarlığın, eləcə
də turizmin inkişafına geniş meydan açıldığı
bir dövrdə Kürün sahilində qədim yurd yeri, göz işlədikcə uzanan geniş bir vadi niyə boş qalsın, əvəzsiz tarixi abidə olan İsrafil ağanın mülkü nə üçün bərpa edilməsin? Elə həmin binanın önündəki iki nakam, iki məğrur
insanın - Qaçaq
Kərəm ilə İsrafil ağanın abidəsi ucaldılsaydı,
nə gözəl olardı! Gərək ilk öncə Qıraq
Kəsəmən kəndinin
hörmətli yetirmələri
bu işə qol qoyalar. Qoymayalar ki, ata-babalarının yurd yerində bayquşlar ulasın.
Bir zaman adları dillərdə gəzən
igid insanların ruhları narahat, nigaran qalsın.
Ağstafa Rayon Mədəniyyət və
Turizm Şöbəsinin
müdiri Gülgün
Kərimov deyir ki, bir dəfə
Novruz bayramı ərəfəsində İsrafil
ağanın viran qalan mülkünün qabağında böyük
el şənliyi keçirilirdi. Maraqlı səhnə
hazırlanmışdı. Tədbirin qızğın yerində
at belində dağ kimi iki igid
göründü. Bir tərəfdən
Qaçaq Kərəm,
o bir tərəfdən
də İsrafil ağa asta-asta gəlir. Onlar Koroğlu cənginin
sədaları altında
bir-birinə yaxınlaşanda
bayram iştirakçılarının
alqışları bütün
qədim yurd yerini bürüdü.
Əhməd İSAYEV
Azərbaycan.- 2011.- 16 noyabr.- S. 11.