Oğuz şəhər
mədəniyyət və istirahət parkı
açılmışdır
Noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev Oğuz şəhər mədəniyyət və istirahət parkının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısına məlumat verildi ki, son illər Oğuzda sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri, onların istirahəti üçün mühüm işlər görülmüşdür.
Qeyd edildi ki, tikintisinə 2008-ci ildə başlanılan, ümumi sahəsi iki hektar olan parkın giriş qapısının üzərində dövlət bayrağının təsviri əks olunmuşdur. Parkda örtülü kölgəliklər, su hovuzları və biri musiqili olmaqla beş fəvvarə, uşaq əyləncə meydançası qurulmuşdur. Mədəniyyət və istirahət parkında yaradılmış 120 yerlik amfiteatrda müxtəlif tədbirlərin, o cümlədən konsert proqramlarının təşkili üçün geniş imkanlar vardır. Burada, həmçinin günbəz formasında 12 istirahət guşəsi yaradılmışdır.
Bildirildi ki, parkda geniş abadlıq-quruculuq işləri həyata keçirilmiş, səkilər salınmış, yaşıllaşdırma işləri görülmüş, dekorativ gül kolları və ağaclar əkilmişdir.
Prezident İlham Əliyevə parkın yaxınlığında, Heydər Əliyev prospektinin başlanğıcında yaradılmış Bayraq Meydanı haqqında da məlumat verildi.
Qeyd edildi ki, ümumi ərazisi 1000 kvadratmetr
olan meydanın inşasına 2011-ci ilin avqustunda
başlanılmışdır. Burada quraşdırılan
bayraq dirəyinin hündürlüyü 50 metrdir. Bu isə Azərbaycanın
dövlət bayrağının Oğuz şəhərinin
bir çox yerindən görünməsinə imkan
yaradır. Bayrağın uzunluğu 15, eni isə 7,5 metrdir.
Bayraq dirəyinin ətrafında ərazisi 200 kvadratmetr olan təbii
qranitdən meydança, 300 kvadratmetr beton daşlarla üzlənmiş
sahə, 500 kvadratmetr yaşıllıq zolağı
salınmış, müasir işıqlandırma sistemi
quraşdırılmışdır. Bundan başqa,
meydanın ətrafında 3,5 min kvadratmetrədək ərazidə
abadlıq işləri aparılmış, yollar genişləndirilmişdir.
Dövlətimizin
başçısı parkda Oğuz rayon ictimaiyyətinin
nümayəndələri ilə görüşdü.
Azərbaycan
Prezidenti İlham ƏLİYEV
Oğuz rayon ictimaiyyətinin nümayəndələrini
salamlayaraq dedi:
- Xoş gördük, çox gözəl
parkdır. Keçən dəfə Oğuzda
olarkən parkın layihəsi ilə tanış olmuşdum.
İndi isə park artıq hazırdır, gözəl şərait
yaradılıb, Oğuza gözəllik verir. Ümumiyyətlə,
rayonun bu hissəsi son illər ərzində böyük dərəcədə
abadlaşıbdır. Yadınızdadır ki, burada bir
dənə də olsun bina yox idi. Birinci xəstəxana, sonra Olimpiya
İdman Kompleksi, ondan sonra park tikildi. Beləliklə,
Oğuzun giriş hissəsi böyük dərəcədə
dəyişdi, abadlaşdı, gözəlləşdi. Bu, çox sevindirici haldır. Hər
bir bölgədə olduğu kimi, Oğuzda da inkişaf var və
bütün məsələlər öz həllini tapır.
Həm sosial məsələlər, həm
iqtisadi məsələlər.
Bu gün parkın açılışı ilə bərabər,
burada tikilmiş böyük sənaye müəssisəsinin
açılışını da qeyd edəcəyik. Bu müəssisə
də, deyə bilərəm ki, nəinki Azərbaycanda,
bütün bölgədə yeganə qlükoza zavodudur.
Bu zavodun fəaliyyətə başlaması, əlbəttə,
iş yerlərinin açılmasına xidmət göstərəcək
və eyni zamanda, kənd təsərrüfatının
inkişafına da təkan verəcəkdir. Çünki
bu zavodun xammalı kənd təsərrüfatı məhsullarıdır.
Bütövlükdə Oğuz rayonunun gələcəkdə
inkişafı kənd təsərrüfatı və turizmin
inkişafı ilə bağlı olacaqdır. Bizim siyasətimiz bundan ibarətdir.
Turizmə gəldikdə, artıq ilkin addımlar
atılmaqdadır. Keçən dəfə burada olarkən
yeni otelin açılışını qeyd etmişik.
İndi otel işləyir. Turistlərin
sayı artmalıdır. Həm daxili turizm
inkişaf etməlidir, həm xaricdən turistlər daha da
çox gəlməlidirlər. Bunu etmək
üçün imkanlar vardır. Dünən
Dünya Turizm Təşkilatının baş direktoru
Bakıda idi. Biz onunla
görüşdük və Azərbaycanın turizm
potensialı dünyada artıq böyük diqqətlə qeyd
edilir. Əlbəttə, müxtəlif
bölgələrdə müxtəlif turizm imkanlarımız
vardır. Amma bu bölgənin özünə
xas olan gözəl imkanları, təbiəti, havası, iqlimi
var ki, bax biz bu nemətlərdən istifadə etməliyik.
Mən ümid edirəm ki, gələcək illərdə
Oğuz Azərbaycanın turizm mərkəzlərindən
birinə çevriləcəkdir. İndi
bütün bu zonada abadlıq, quruculuq, infrastruktur layihələri
icra edilir, yol çəkilir. Bakıdan
Oğuza çəkilən yol, - demək olar ki, onun
böyük hissəsi indi hazırdır, - Balakənə qədər
davam edəcəkdir. Yol olan yerdə
inkişaf da olur.
Qəbələdə Beynəlxalq aeroportun
açılışı gözlənilir. Bu da başqa
ölkələrdən bu bölgəyə turistlərin
birbaşa gəlişi üçün şərait
yaradacaqdır, dəmir yolu işləyir. Yəni,
bildiyiniz kimi, Oğuz rayonu əhali nöqteyi-nəzərdən
böyük rayon deyildir. Ancaq potensialı
kifayət qədər böyükdür. Biz
rayonun potensialından maksimum dərəcədə istifadə
etməliyik.
Sosial məsələlərin
həllinə gəldikdə, bir neçə il
bundan əvvəl gözəl xəstəxana tikilmişdir. İndi mən maraqlanıram, işləyir, gözəl
xidmət göstərir. İdmanla məşğul
olmaq üçün yüksək səviyyədə imkanlar
vardır. Məktəblər tikilir və bu proses hələ
davam etdirilməlidir. Bir neçə il
bundan sonra da məktəb tikintisi ilə ciddi məşğul
olacağıq. Çünki hələ ki, qəzalı
vəziyyətdə məktəblər vardır. Düzdür, onların sayı azalır, ancaq var,
olmamalıdır və olmayacaqdır.
Digər sosial məsələlərin həlli ilə
bağlı bütün bölgələrdə, o cümlədən
burada da işlər görülür, qazlaşdırma gedir. Qazlaşdırma
hələ ki, istədiyimiz səviyyədə deyildir. Mənə verilən arayışa görə,
Oğuzda bu, təqribən 35 faiz səviyyəsindədir.
Ancaq qarşıya məqsəd qoyulub ki, biz bu səviyyəni
maksimum dərəcəyə, təqribən 90 faizə
çatdırmalıyıq. Buna görə də
növbəti iki il ərzində Oğuz
rayonunun qazlaşdırılma ilə bağlı bütün
əsas problemləri öz həllini tapmalıdır. İçməli su-kanalizasiya layihələri icra
edilir. Yəqin ki, bu layihə də haradasa 1-2 il çəkə bilər. Ondan
sonra içməli su ilə bağlı heç bir problem
qalmayacaqdır. Kənd yollarının
tikintisi də gündəlikdədir, körpülər
tikilir. Yəni hərtərəfli
inkişaf olmalıdır və vardır. Həm
burada, həm bütün başqa bölgələrdə.
Hər bir bölgənin öz xüsusiyyətləri,
öz təbii şəraiti, sənaye imkanları vardır.
Bildiyiniz kimi, hər bir bölgə
üçün xüsusi proqram hazırlanıb və icra
edilir. Rayonların inkişafı
üçün vaxtaşırı əlavə vəsait
ayrılır. Oğuz rayonuna da son üç il ərzində vəsait
ayrılmışdır, yenə də ayrılacaq ki, burada
bütün abadlıq-quruculuq işləri daha da sürətlə
getsin.
Mən birinci dəfə deyil ki, Oğuzdayam. Bu, mənim Prezident kimi Oğuza
dördüncü səfərimdir. Əlbəttə
ki, mənim Oğuza olan diqqətim buraya etdiyim səfərlərlə
ölçülmür. Ancaq yenə də deyirəm, mən
bütün bölgələrdə olarkən vəziyyətlə
tanış oluram və görürəm
ki, biz əlavə nə etməliyik, daha hansı addımlar
atılmalıdır və vaxtilə atılmış
addımlar və açdığımız müəssisələr,
binalar, obyektlər necə işləyir. Bu, həm
nəzarətdir, həm də gələcək
üçün atılacaq addımların, necə deyərlər,
hazırlanma mexanizmidir.
Sizi bir daha salamlayıram. Bizim görüşlərimiz
hələ bundan sonra çox olacaqdır. Bütün oğuzlulara uğurlar arzulayıram.
Sağ olun.
* * *
Rayon
sakini Xalid BABAYEV oğuzlular
adından dövlətimizin başçısına minnətdarlıq
edərək dedi:
- İcazə verin, Oğuza gəlişiniz münasibətilə
Sizi bütün oğuzlular adından salamlayım və Sizə
"Xoş gəlmisiniz!" deyim.
Siz qeyd etdiyiniz kimi, artıq dördüncü dəfədir
Oğuzda olursunuz, oğuzlularla
görüşürsünüz, Oğuzun problemləri ilə
maraqlanırsınız. Doğrudan da Sizin hər dəfə gəlişiniz
oğuzlular üçün böyük bayram əhval-ruhiyyəsi
yaradır. Burada insanlar böyük bayram təəssüratı
ilə yaşayırlar.
Xalid
Babayev respublikamızın bütün bölgələrində
olduğu kimi, Oğuz rayonunda da kompleks yenidənqurma və
abadlıq tədbirlərinin həyata keçirildiyini
vurğulayaraq dedi:
- Həqiqətən
də, Siz bayaq qeyd etdiyiniz kimi, buralar boş yerlər idi.
İndi bax, bu durduğumuz park, böyük
idman kompleksi, xəstəxana binası müasir tələblər
səviyyəsində yaradılıb. Qlükoza
zavodu, yeddi yaşayış məntəqəsinə çəkilən
su kəməri, Oğuz şəhərinin su-kanalizasiya
sisteminin yenidən qurulması, bunlar hamısı Sizin
oğuzlulara göstərdiyiniz diqqətin, qayğının
nəticəsidir.
Cənab
Prezident, biz bütün bunlara görə Sizə həmişə
minnətdarıq.
Ötən iyirmi illik müstəqillik dövründə
Azərbaycanın böyük inkişaf yolu keçdiyini deyən
Xalid Babayev respublikamızın BMT-nin Təhlükəsizlik
Şurasının qeyri-daimi üzvü seçilməsini də
ölkəmizin qazandığı ən mühüm
uğurlardan biri kimi səciyyələndirdi.
Xalid Babayev Azərbaycanın müstəqilliyinin bərpa
edilməsinin 20-ci ildönümü münasibətilə onu
"Tərəqqi" medalı ilə təltif etdiyinə
görə dövlətimizin başçısına minnətdarlığını
çatdırdı. O, Oğuz rayonu sakinlərinin Prezident İlham Əliyevin
siyasətini daim dəstəklədiklərini vurğuladı,
dövlətimizin başçısına və ailəsinə
oğuzlular adından ən xoş arzularını bildirdi.
* * *
Prezident
İlham ƏLİYEV: Sağ olun, çox sağ olun. İyirmi illik dövr hər bir dövlət
üçün bir mərhələdir. Azərbaycan da
başqa müttəfiq respublikalar kimi 20 il
bundan əvvəl müstəqilliyə qovuşdu. Əlbəttə,
bu 20 il ərzində görülən
işlər bir də onu göstərir ki, biz tarixi imkandan,
tarixi şansdan çox böyük uğurla, böyük məharətlə
istifadə etdik. Xalqımız əsrlər boyu
müstəqillik arzuları ilə yaşamışdır.
Ancaq müstəqil dövlət deyildik.
İyirmi il ərzində bütün
dünyaya sübut etdik ki, müstəqil dövlət kimi
yaşaya, inkişaf edə və dünyada böyük
hörmətə layiq ola bilərik.
Ölkə daxilində gedən proseslər göz
qabağındadır. Hər bir bölgədə, o cümlədən
bu bölgədə, bu rayonda görülən işlər də
göz qabağındadır. Bu inkişaf
hər bir bölgədə özünü büruzə
verir. Daxili siyasətin əsas mahiyyəti
və məqsədi ondan ibarətdir ki, ölkə vətəndaşları
daha da yaxşı yaşasınlar, daha da yaxşı şərait
yaradılsın. Sosial məsələlər
daha da uğurla həll olunsun. Əməkhaqları,
pensiyalar artsın. Şəhərlər
gözəlləşsin və müasir tələblərə
cavab versin. İndi Azərbaycanda bunu
görməmək mümkün deyildir.
O ki qaldı
xarici siyasətə, bu sahədə əldə edilən
uğurlar da hansısa bir nəticə
ilə özünü göstərməlidir. Biz
dəfələrlə demişik, mən bir daha demək istəyirəm
və həyat da dediklərimi bir daha sübut etdi ki, Azərbaycanın
xarici siyasəti daxili siyasətin davamıdır. Bu siyasət Azərbaycan xalqının
maraqlarını təmin etmək üçün
aparılır. Bu siyasət müstəqil
siyasətdir. Biz sübut edə bilmişik
ki, müstəqil dövlət kimi öz siyasətimizi
aparacağıq. Bu siyasət, bir daha demək
istəyirəm ki, heç kimə qarşı deyildir. Bu siyasət ancaq əməkdaşlığı
genişləndirmək, dostların sayını artırmaq,
bir də demək istəyirəm ki, milli
maraqlarımızı maksimum dərəcədə müdafiə
etmək üçün aparılır.
Birləşmiş Millətlər Təşkilatının
Təhlükəsizlik Şurasına seçkilər dünya
birliyinin Azərbaycana olan hörmətini və inamını
göstərdi. 155 ölkə Azərbaycanı dəstəkləyib.
Bu, böyük amildir. BMT-də 200-dən
bir qədər az ölkə vardır və
onların 155-i bizimlədir, bizə inanır. Özü
də bilirsiniz ki, bu səsvermə o qədər də rahat
getmirdi, rəqabət çox güclü idi. On yeddi turdan sonra Azərbaycan qələbə
qazandı. Özü də birinci turdan
sonuncu turlara qədər daim biz böyük fərqlə
qabaqdaydıq. Bu, doğrudan da 20 ilin məntiqi
nəticəsidir, yekunudur və görünən nəticəsidir.
Əslində nəticələr daha da çoxdur: bölgədə mövqeyimizin möhkəmlənməsi, tərəfdaşlarımızın sayının artması, Azərbaycanın çevik diplomatiya aparması məsələləri, - onlar mütəmadi qaydada aparılır. Yəni bu qələbə bir günün qələbəsi deyildir. Bu qələbəni əldə etmək üçün biz illərlə işləmişik. Həm müttəfiqlərimizin sayını, həm də ölkəmizin imicini, imkanlarını artırmışıq və dünyaya müasir, güclü, öz ənənələrinə sadiq olan ölkə kimi təqdim edə bilmişik. Daxili potensialımız, ölkə daxilində mövcud olan sabitlik və vətəndaş birliyi bizi, əlbəttə ki, beynəlxalq məsələlərdə daha da gücləndirir. Əgər daxildə hər hansı bir ciddi problem olsaydı, istər-istəməz bölgədəki mövqeyimiz də zəif ola bilərdi. Bizim bölgədəki mövqeyimizin əsas səbəbi daxili sabitlikdir və xalqla iqtidar arasındakı birlikdir. Bax, budur bugünkü Azərbaycanın reallıqları. İyirmi il böyük dövrdür. Bu dövr ərzində böyük yol keçmişik. Növbəti 20 il ərzində Azərbaycan dünya miqyasında inkişaf etmiş ölkələrin sırasında olmalıdır.
Növbəti illər üçün bizim artıq proqramlarımız hazırlanır. 2013-2018-ci illəri əhatə edəcək yeni Dövlət Proqramı hazırlanır. Onun konsepsiyası indi hazırlanır. Bu məsələ ilə bağlı mənim bir çox fikirlərim, planlarım vardır. Əminəm ki, Azərbaycan bu illər ərzində necə inkişaf edib, bundan sonra daha da sürətlə inkişaf edəcəkdir.
Mən sizi bir daha salamlayıram, cansağlığı arzulayıram. Xahiş edirəm ki, mənim salamlarımı bütün oğuzlulara çatdırasınız. Sağ olun.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 1,
2.