Oğuz Rayon Məhkəməsinin
yeni inzibati binası
istifadəyə verilmişdir
Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Oğuz rayonuna səfəri çərçivəsində rayon məhkəməsinin inzibati binasının açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı Oğuz Rayon Məhkəməsinin köhnə və yeni binalarının görüntülərini əks etdirən fotostendə baxdı.
Məlumat verildi ki, Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunmuşdur. İkimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. İnşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılmışdır.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Müasir səviyyədə inşa edilən bina bütün zəruri avadanlıqla təchiz edilmişdir.
Prezident İlham Əliyevə Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi "Ədliyyə sisteminin müasirləşdirilməsi" layihəsi çərçivəsində inşa olunacaq məhkəmə binalarının layihələri təqdim edildi. Bildirildi ki, 20-dən çox yeni məhkəmə binasının, həmçinin bir neçə məhkəmənin yerləşəcəyi məhkəmə komplekslərinin layihələri hazırlanmışdır. Hazırda Yasamal, Gəncə şəhəri Nizami rayonu, Gədəbəy məhkəmələrinin binalarında son tamamlama işləri gedir. 2012-ci ildə isə Sabunçu və Şirvan məhkəmə komplekslərinin inşasına başlanılacaqdır. Məhkəmə kompleksi bir binada bir neçə məhkəmənin fəaliyyət göstərməsinə imkan verəcəkdir ki, bu da şikayətlərə baxılması ilə bağlı vaxt itkisinin qarşısını alacaqdır.
Diqqətə çatdırıldı ki, Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. İnzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər. Bununla da hakimlər və vətəndaşlar arasında qeyri-prosessual münasibətlər məhdudlaşdırılır və onlar yalnız məhkəmə iclas zallarında görüşürlər.
İctimai zonada məhkəmə ilə əlaqədar məlumatların əldə edilməsi üçün xüsusi monitorlar quraşdırılmışdır. Binada biri mülki, digəri isə cinayət işləri üçün nəzərdə tutulmuş iki məhkəmə zalı vardır. Zallarda proseslərin audio və video yazılışlarını aparan "Femida" sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli İP təhlükəsizlik kameraları quraşdırılmışdır. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir İKT avadanlığı ilə təchiz edilmişdir. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.
BMT-nin Əlillərin Hüquqları Haqqında Konvensiyasına uyğun olaraq Oğuz Rayon Məhkəməsinin binasında əlillərin sərbəst hərəkəti üçün bütün şərait yaradılmışdır. Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılmışdır ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.
İnzibati binada Respublika Ali Məhkəməsi ilə videobağlantı yaradıldı.
Prezident İlham ƏLİYEV: Ramiz, eşidirsən bizi?
Ali Məhkəmənin sədri Ramiz RZAYEV: Bəli, cənab Prezident, Sizi eşidirəm. İcazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.
Prezident
İlham ƏLİYEV: Sağ
ol. Görürsən, indi nəinki
Bakıda, bölgələrdə
də gözəl məhkəmə binaları
tikilir. Əlbəttə, Ali Məhkəmənin binası öz gözəlliyi və əzəməti ilə seçilir. Ancaq bu binalar da kifayət
qədər gözəldir
və müasir tələblərə cavab
verir. Bütün məhkəmə işçilərini bu gözəl hadisə münasibətilə təbrik
edirəm.
Dövlətimizin başçısına məlumat
verildi ki, məhkəmə binasında
yaradılan müasir konfrans zalı da ən son texnologiyaya əsaslanan avadanlıqla təchiz edilmişdir. Buradakı şərait hakimlərə
və məhkəmə
işçilərinə Ədliyyə
Nazirliyinin iclaslarına,
müşavirələrinə, toplantılarına, həmçinin
Ali Məhkəmənin Plenumuna
birbaşa qoşulmaq imkanı verir. Binada hakimlər, məhkəmə
aparatı işçiləri
və icra məmurlarının ən
yüksək səviyyədə
fəaliyyət göstərmələri
üçün geniş
imkanlar vardır.
Burada vəkillər, dövlət
ittihamçıları, şahidlər
üçün də
xüsusi otaqlar yaradılmışdır.
Oğuz
Rayon Məhkəməsinin yeni
binası ilə tanış olan Prezident İlham Əliyev görülmüş işləri
yüksək qiymətləndirdi,
kollektivə uğurlar
arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 2.