Milli Məclisdə
görüş
Noyabrın 16-da Milli Məclis Sədrinin birinci müavini, parlamentin Təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Mərakeş Krallığının xarici işlər və əməkdaşlıq naziri yanında dövlət katibi Lətifə Axarbaşın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür. Görüşdə Mərakeş Krallığı-Azərbaycan münasibətlərindən, iqtisadi, mədəni və digər sahələrdə əldə edilən nailiyyətlərdən danışılmışdır.
Ziyafət Əsgərov demişdir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra bütün ölkələr, o cümlədən Mərakeş Krallığı ilə əlaqələr qurmuşdur. Ölkələrimiz arasında əlaqələrin daha da genişləndirilməsi üçün geniş potensial vardır. Ümid edirik ki, bu cür səfərlər əməkdaşlığımızın inkişafında mühüm rol oynayacaq.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də söz açan Z.Əsgərov bildirdi ki, bu problemin həll olunmaması bölgədə sülh və əmin-amanlığın təminatına ciddi əngəl yaradır. Ermənistan bununla bağlı BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə, ATƏT-in, Avropa Şurasının qərarlarına məhəl qoymur, işğalçılıq siyasətindən əl çəkmir. Biz şadıq ki, Mərakeş Krallığı bu məsələnin həllində beynəlxalq tədbirlərdə və təşkilatlarda Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəkləyir.
Görüş üçün təşəkkürünü
bildirən nümayəndə heyətinin rəhbəri Lətifə
Axarbaş Azərbaycanı BMT-nin Təhlükəsizlik
Şurasına üzv seçilməsi münasibətilə təbrik
etdi. O dedi ki, Mərakeş parlamentlərarası münasibətlərin
daha da inkişaf etdirilməsinə
böyük önəm verir. Çünki bu əlaqələr
hər iki ölkə arasında müxtəlif sahələrdə
olan əməkdaşlığın genişləndirilməsi
üçün baza rolu oynayır. Nümayəndə heyətinin
rəhbəri xüsusi vurğuladı ki, Mərakeş Azərbaycanın
ərazi bütövlüyünü daim dəstəkləyir.
Dağlıq Qarabağ münaqişəsinin məhz Azərbaycanın
ərazi bütövlüyü çərçivəsində
həllinə tərəfdardır.
Görüşdə
qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında da fikir mübadiləsi aparıldı.
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 3.