Azərbaycan ilə Pakistan arasında siyasi münasibətlər çox yüksək səviyyədədir

 

Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov noyabrın 16-da Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri İnayat Ullah Kakar ilə görüşmüşdür.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, R.Usubov qonağa nazirliyin funksiyası və fəaliyyət istiqamətləri barədə məlumat vermişdir. Nazir müstəqilliyin ilk illərində Azərbaycanın keçdiyi mürəkkəb yol, Ermənistanın hərbi təcavüzü nəticəsində ərazi bütövlüyümüzün pozulması, ölkəmizin üzləşdiyi problemlər, nəhayət, xalqın təkidli tələbi ilə görkəmli dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı, onun rəhbərliyi altında cəmiyyət həyatının bütün sahələrində, o cümlədən hüquq-mühafizə sistemində həyata keçirilən islahatlardan danışmışdır.

Qeyd olunmuşdur ki, iki dost ölkənin Daxili İşlər nazirlikləri arasında əlaqələr 2002-ci ildən etibarən qurulmağa başlamışdır. Bunun nəticəsi olaraq cinayətkarlıqla mübarizəyə dair iki sənəd - "Azərbaycan Respublikası hökuməti və Pakistan Respublikası hökuməti arasında beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında" və "Azərbaycan Respublikası hökuməti və Pakistan İslam Respublikası hökuməti arasında narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında" sazişlər işlənib hazırlanmışdır. Hər iki saziş 2004-cü ildə Pakistan Prezidentinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmışdır. Azərbaycan ilə Pakistanın daxili işlər orqanları arasında əməkdaşlıq Beynəlxalq Kriminal Polis Təşkilatı (İnterpol) çərçivəsində də həyata keçirilir.

Ramil Usubov transmilli mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini  vurğulamışdır.

Ətraflı məlumata görə minnətdarlığını bildirən səfir dövlətlərimiz  arasında siyasi münasibətlərin çox yüksək səviyyədə olduğunu qeyd etmiş, diplomatik fəaliyyəti dövründə bütün sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları arasında əməkdaşlığın daha da inkişafı üçün əlindən gələni əsirgəməyəcəyini bildirmişdir.

Səmimi şəraitdə keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  4.