Dünya Bankı ilə növbəti kredit layihəsinə dair saziş imzalanmışdır

 

AzərTAc xəbər verir ki, noyabrın 16-da Azərbaycan Respublikası ilə Dünya Bankı arasında "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi" layihəsi üzrə kredit sazişi imzalanmışdır. Sənədi Azərbaycan tərəfdən Baş nazirin müavini Əli Həsənov, Dünya Bankı tərəfdən isə bu qurumun ölkə üzrə rəhbərinin nümayəndəsi Səidə Bağırlı imzalamışlar. Layihə çərçivəsində ayrılan vəsaitin məbləği 78 milyon 400 min dollardır.

İmzalanmadan əvvəl Əli Həsənov layihə barədə məlumat verərək bildirmişdir ki, bu, tərəflər arasında bağlanan üçüncü müvafiq sazişdir.

Əli Həsənov qeyd etmişdir ki, bu gün imzalanan saziş üzrə ayrılan vəsaitin 50 milyon dolları Dünya Bankı, 28,4 milyon dolları isə Azərbaycan Hökumətinə aiddir. Vəsait 4 istiqamətdə xərclənəcəkdir. Buraya ilk növbədə məcburi köçkünlərin yığcam yaşadıqları ərazilərdə infrastruktur mikrolayihələri daxildir.

Baş nazirin müavini bildirmişdir ki, ayrılacaq vəsait əsasən qaçqın və məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları ictimai binaların təmirinə yönəldiləcəkdir. Bu məqsədlə 90-dan artıq ictimai binada bərpa və təmir işləri həyata keçiriləcəkdir. Azərbaycan hökuməti yurd-yuvalarından didərgin düşmüş insanların həyat səviyyəsinin yaxşılaşdırılmasına böyük önəm verdiyi üçün layihədə bu məsələyə xüsusi diqqət yetirilmişdir.

Dünya Bankının nümayəndəsi S.Bağırlı demişdir ki, cari il oktyabrının 27-də təsdiq olunmuş layihə üzrə sazişin noyabrın 16-da imzalanması rekord göstəricidir. Bu da Azərbaycan rəhbərliyinin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həssaslığının təzahürü kimi qiymətləndirilməlidir.

Layihənin gəlir imkanlarının dəstəklənməsi komponenti çərçivəsində 1400-ə yaxın gənc peşə təlimi kurslarını bitirdikdən sonra öz bizneslərinə başlamaq üçün qrant əldə edəcəkdir. Eyni zamanda, 200-ə yaxın icma qrupu müvafiq təlimdən sonra kiçik biznes yaratmaq üçün maliyyə dəstəyi alacaqdır. Bundan başqa, məcburi köçkünlərin gəlirlərinin artırılması fəaliyyəti çərçivəsində biznesə başlamaqya mövcud biznesi inkişaf etdirmək üçün 1500-dək mikrokredit veriləcəkdir.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  4.