Həqiqət olduğu kimi deyilməlidir
Bəzən mətbuat səhifələrində yazılarda qeyri-dəqiqliyə, nəyinsə xatirinə saxtakarlığa yol verilir. Məsuliyyətsizlik üzündən cəmiyyətə sırınan belə ağ yalanlar ayaq tutub yerimək istəsə də, lakin üfürülmüş şar kimi tez də partlayır. Çox təəssüf ki, bir sıra mətbuat səhifələrində bu kimi hallara tez-tez rast gəlinir. Axı peşə etikasına görə yazar öz araşdırmasını şərh edərkən hökmən faktlara müraciət etməlidir. Əks təqdirdə, onun yazısı rəğbətdən çox, nifrət doğurur. 12 noyabr tarixində "Yeni Müsavat" qəzetində dərc edilmiş "Rafiq Əliyev haqda bilmədiklərimiz" adlı məqaləsində olduğu kimi...
Rafiq Əliyevin elmi xidmətlərindən danışılarkən adıçəkilən məqalədə deyilir: "Onun yetişdirdiyi elmlər doktorları arasında bu gün Azərbaycan iqtidarında mühüm postlar tutan insanlar da var. Araşdırmalarımız nəticəsində o da bəlli olub ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə də Rafiq Əliyev elminin yetirməsidir, onun akademik adını almasında müstəsna rol oynayıb...". Bu fikirləri məqalə müəllifinin yalan və iftirasından başqa heç nə adlandırmaq mümkün deyildir.
Gəlin bu fikrə fakt və sənədlərin gözü ilə baxıb nəticə çıxaraq: mən 1965-ci ildə Moskvada SSRİ EA-nın İqtisadiyyat İnstitutunda aspiranturanı bitirdikdən sonra iqtisad elmləri üzrə namizədlik dissertasiyası, 1971-ci ildə isə iqtisad elmləri üzrə doktorluq dissertasiyası müdafiə etmişəm. 1980-ci ildə iqtisad elmləri üzrə Azərbaycan EA-nın müxbir üzvü, 1989-cu ildə AMEA-nın həqiqi üzvü - akademik seçilmişəm. Məqalədən göründüyü kimi, R.Əliyev isə 1967-ci ildə texnika elmləri namizədi, 1975-ci ildə texnika elmləri doktoru, 1989-cu ildə texnika elmləri üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib.
Ondan neçə il əvvəl elmi dərəcələr alan insan özündən sonra alim adını almış şəxsin yetirməsi necə ola bilər? Özü də elm sahələri ayrı-ayrı - biri iqtisadiyyat, digəri isə texnika sahəsi olduğu halda. Bəs, burada məntiq haradadır?
Azərbaycan Milli Elmlər Akademiyası xalqımızın elm məbədidir, milli sərvətidir. Yarandığı gündən (1945-ci il) onun ictimai elmlər bölməsində Üzeyir Hacıbəyov, Səməd Vurğun, Mirzə İbrahimov, Qara Qarayev, Heydər Hüseynov, Məmməd Arif Dadaşzadə, Əbdülkərim Əlizadə, Əlisöhbət Sumbatzadə, Məmmədağa Şirəliyev, İsmayıl Hüseynov, A.Makavelski, Həmid Araslı, Ziya Bünyadov, Firudin Köçərli, Əhməd Mahmudov kimi akademiklər, görkəmli şəxsiyyətlər fəaliyyət göstəriblər.
Qürur hissi ilə vurğulamaq istəyirəm ki, akademik seçilməyimdə yuxarıda adlarını çəkdiyim görkəmli alimlərin bəzilərinin səsvermə yolu ilə etimadını qazanmışam. Belə böyük şəxsiyyətlərə hər hansı məmur, yaxud vəzifəli şəxsin təsir etməsi fikri cəfəngiyatdan başqa bir şey deyildir.
Bu günlərdə respublikamız müstəqilliyinin 20 illiyini qeyd etmişdir. Müstəqil Azərbaycan dünya birliyinin fəal üzvlərindən biridir. Bu gün dünyanın aparıcı siyasətçiləri, dövlət xadimləri, ekspertləri ölkəmizin dinamik inkişafını, qlobal dünya layihələrində iştirakını, vətəndaş cəmiyyətinin qurulmasında atılan ciddi və uğurlu addımlarını, iqtisadi inkişafla sosial tərəqqi arasında tarazlığın yaradılmasını müstəqil dövlətin inkişafının Azərbaycan modelini fərqləndirən vacib keyfiyyətlər kimi qiymətləndirirlər.
Vətən torpağının daha da çiçəklənməsi üçün böyük imkanlarımız mövcuddur. Azərbaycan dövlətinin rəhbəri İlham Əliyevin gələcəyə hədəflənmiş, ölkəmizin, xalqımızın milli maraqlarına cavab verən inkişaf strategiyası var. Hər birimiz, xüsusən də ziyalılar, alimlər bu inkişaf strategiyasının reallaşması üçün əzmlə çalışmalı, dövlətimizin iqtisadi-siyasi gücünün daha da artmasına öz layiqli töhfəmizi verməliyik. Əsl ziyalılıq məhz budur!
Ziyad SƏMƏDZADƏ,
AMEA-nın həqiqi
üzvü,
Milli Məclisin İqtisadi siyasət
komitəsinin sədri
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 4.