Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumu keçirilmişdir

 

 Noyabrın 16-da Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Heydər Əliyev FondununUNİCEF-in ölkəmizdəki nümayəndəliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Uşaqlarının İkinci Ümumrespublika Forumu keçirilmişdir. Forumda 85 rayondan 350 uşaq iştirak etmişdir.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Prezident İlham Əliyevin forumun iştirakçılarına təbrik məktubunu oxumuşdur.

Sonra uşaq siyasətindən bəhs edən videoçarx nümayiş etdirilmişdir.

Prezident İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti,  UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva forumda "Uşaqların dostu" seçilmişlər.

Baş nazirin müavini Elçin Əfəndiyev Azərbaycanda uşaq hüquqlarının təmin edilməsi və onların problemlərinin həlli məsələsinin ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd etmişdir. E.Əfəndiyev bildirmişdir ki, uşaqların keyfiyyətli təhsili, onlara yüksək səviyyəli tibbi xidmət göstərilməsi və qayğı ilə əhatə olunması, sağlam mənəvi və sosial mühitdə böyüməsi, bütöv şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması üçün əlverişli şərait yaratmaq Azərbaycanın dövlət uşaq  siyasətinin başlıca prinsipidir.

Baş nazirin müavini qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət artıq milli strategiya kimi formalaşmışdır. Son illərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfir Mehriban Əliyevanın uşaq məsələlərinə diqqəti bu sahəyə qayğının daha da artmasına və kütləviləşməsinə səbəb olmuşdur. Heydər Əliyev Fondu uşaqların intellektual inkişafı, onların yüksək mədəniyyətə malik sağlam insanlar kimi böyüyüb boya-başa çatması üçün mühüm əhəmiyyətə malik layihələr həyata keçirirbu gündən-günə daha artıq vüsət alır.

Elçin Əfəndiyev bildirmişdir ki, uşaq ölümü hallarının azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası, onların yaradıcılıq mühitində böyüməsi, idmanla məşğul olması kimi mühüm məsələlər cəmiyyətimizin diqqət mərkəzindədir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara, eləcə də aztəminatlı, çoxuşaqlı, qaçqın və məcburi köçkün ailələrindən olan uşaqlara dövlət qayğısının göstərilməsi də olduqca vacib məsələdir. Baş nazirin müavini bu gün ölkəmizdə uşaq problemlərinin həllinə yönəlmiş 30-dan artıq Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdırmış və bu proqramların vahid dövlət uşaq siyasətinin formalaşması və həyata keçirilməsi baxımından ciddi əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Azərbaycanda mükəmməl uşaq qanunvericiliyinin mövcudluğunu nəzərə çarpdıran Milli Məclis Sədrinin müavini Bahar Muradova bildirmişdir ki, 1998-ci ildən ölkədə uşaq hüquqları ilə bağlı qanunvericilik aktları qəbul olunmağa başlanmışdır. Milli Məclis tərəfindən 10-dan artıq qanun qəbul olunmuş, ümumilikdə isə 72 qanun və 11 Məcəllə uşaq hüquqlarını özündə əks etdirir. Bu hüquqların reallaşması, uşaqların sağlam, yüksək savada malik şəxs kimi formalaşması, bütün sosial hüquqlarının qorunması, yuvenal ədliyyə sahəsinin inkişaf etdirilməsi və uşaq iqtisadi siyasətinin həyata keçirilməsi üçün Azərbaycan qanunvericiliyində kifayət qədər ciddi əsaslar vardır.

Milli Məclis Sədrinin müavini bu gün Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi nəticəsində meydana çıxan çətinliklərin aradan qaldırılması üçün qanunvericilikdə müəyyən məsələlərin  nəzərdə tutulduğunu da diqqətə çatdırmışdır.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard BMT-nin Uşaq Hüquqları Konvensiyasının əhəmiyyətini vurğulamışdır. Bildirmişdir ki, Konvensiyada təsbit edilmiş hüquqlardan biri də ondan ibarətdir ki, 18 yaşınadək hər bir gənc onun həyatına təsir edən proseslərlə bağlı qərarların qəbul edilməsində iştirak etmək hüququna malikdir.

Azərbaycan hökuməti və Heydər Əliyev Fondu tərəfindən uşaq və gənclərin həyatının yaxşılaşdırılması istiqamətində bir sıra mühüm layihələrin həyata keçirildiyini qeyd edən Mark Herevard forumun işinə uğurlar arzulamışdır. Bildirmişdir ki, bugünkü forum çərçivəsində uşaqlar həlledilməsi mütləq olan problemləri, çətinlikləri təhlil edəcək və onların həlli yollarını müəyyən etməyə çalışacaqlar. Hamınızı müzakirələrdə fəal iştirak etməyə çağırıram.

Forumda Sumqayıt, Bərdə, Lənkəran, Xaçmaz, Zaqatala ilə canlı bağlantı yaradılmışdır.

Tədbirdə uşaqların iştirakı ilə konsert proqramı təşkil edilmişdir.    Sonra forumda "Bütün uşaqlar üçün bərabər hüquqlar", "Yeni təhsil standartları", "Asudə vaxtımızı səmərəli keçirək", "Ətraf mühiti qoruyaq", "Qarabağ həqiqətləri uşaqların dili ilə", "Vətəni sevək və ona layiq olaq", "Uşaqların şəxsiyyət kimi formalaşmasında ailə və cəmiyyətin məsuliyyəti" mövzuları ətrafında müzakirələr aparılmışdır.

Forum çərçivəsində uşaqlardan ibarət Əlaqələndirmə Şurası yaradılmışdır.

Tədbirdə bəyannamə qəbul olunmuşdur.

İkinci Ümumrespublika Forumunda Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.

 

 

 AzərTAc

 

Azərbaycan.- 2011.-  17 noyabr.- S. 5.