Qafqaz universitetləri birliyinin
ilk beynəlxalq simpoziumu
Naxçıvan Dövlət Universitetində
Qafqaz Universitetlər Birliyinin Birinci Naxçıvan Beynəlxalq
Gənclik Simpoziumu keçirilmişdir. Simpozium
iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin Naxçıvan
şəhərindəki heykəlini
və muzeyini, Türkiyə Cümhuriyyətinin
qurucusu Mustafa Kamal Atatürkün heykəlini
ziyarət etmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
Sədri Vasif Talıbovun qəbulunda olmuşlar. Qonaqlar Naxçıvan şəhərinə
ekskursiya etmiş, universitetlə yaxından tanış olmuşlar. Universitetin müəllim və
tələbələrinin memarlıq,
rəsm, kitab sərgisi xüsusi maraq doğurmuşdur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov simpoziumda çıxış
edərək elm və
təhsilin bütün
dövrlər üçün
inkişafın yeganə
hərəkətverici qüvvəsi
olduğunu, hər bir xalqın elmi, intellektual və mənəvi potensialının etalonu sayıldığını vurğulamışdır. Ali Məclisin
Sədri təhsili milli maraqlara yönəldən, ölkənin
gələcək strateji
məqsədlərinə uyğunlaşdıran
Azərbaycan xalqının
ümummilli lideri Heydər Əliyevin təhsil siyasətinin uğurlarından danışaraq
Azərbaycanda son illər
bu sahədə ən yüksək göstəricilərin əldə
olunduğunu, milli təhsilin dünya təhsil sisteminə uğurla inteqrasiya etdiyini, tədrisin forma və məzmunca müasirləşdiyini, təhsilə
ayrılan dövlət
büdcəsinin ilbəil
artdığını, milli
kadr yetişdirilməsi,
maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
uğurlar qazanıldığını
bildirmişdir. Qeyd olunmuşdur ki, Azərbaycanda təhsilə
göstərilən qayğının
real bəhrələridir ki,
son 20 ildə Naxçıvan
Muxtar Respublikasında
189 ümumtəhsil məktəb
binası, ali və orta təhsili
müəssisələri üçün
20-dən artıq təhsil
korpusu və obyektləri, 17 uşaq bağçası, 21 uşaq
musiqi məktəbi tikilərək və ya yenidən qurularaq istifadəyə verilmiş, təhsil ocaqları müasir informasiya-kommunikasiya texnologiyaları
ilə təchiz olunmuşdur. Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
Vasif Talıbov simpoziumun elm, təhsil sahəsində təcrübə
və biliklərin dəyərləndirilməsi, Qafqaz
regionundakı ölkələr
arasında elm, təhsil
mübadiləsinin inkişafı,
dostluq əlaqələrinin
möhkəmləndirilməsi baxımından əhəmiyyətini
vurğulamış, simpoziumun
işinə uğurlar
arzulamışdır.
Universitetin rektoru, akademik İsa Həbibbəyli ölkəmizdə, o cümlədən
muxtar respublikada elmin, təhsilin inkişafına göstərilən
diqqət və qayğıdan, təhsilin
səviyyəsinin yüksəldilməsi,
elmin inkişafı istiqamətində qazanılan
müvəffəqiyyətlərdən danışmışdır. Rektor bildirmişdir ki, hazırda AMEA-nın 2 həqiqi, 5 müxbir üzvünün çalışdığı
bu ali
təhsil ocağında
40-a yaxın elmlər
doktoru, 200 fəlsəfə
doktoru fəaliyyət
göstərir. Beynəlxalq əlaqələr
sahəsində də
böyük uğurlar
əldə olunmuşdur.
Dünyanın 4 qitəsində
yerləşən, 50-dən çox universitet ilə tərəfdaşlıq
edən Naxçıvan
Dövlət Universiteti
Avropa Rektorlar Klubu, Asiya Universitetlər
Assosiasiyası, İpək
yolu və Qafqaz Universitetləri Cəmiyyətlərində, Qara
Dəniz Ölkələri
Birliyində milli ali təhsilimizi layiqincə təmsil edir. Dünyanın 10 ölkəsindən 200-ə yaxın tələbənin
təhsil aldığı
universitet Avropa Birliyi ölkələrinin
TEMPUS proqramının və
dıgər beynəlxalq
təşkilatların layihələrində
uğurla təmsil olunur. Akademik İsa Həbibbəyli demişdir ki, qədim tarixə malik, dünyaya Heydər Əliyev kimi böyük siyasətçi bəxş
etmiş Naxçıvan
son illər beynəlxalq
siyasi əhəmiyyətli
tədbirlərə ev sahibliyi edir. Qafqaz Universitetlər Birliyinin
Birinci Naxçıvan
Beynəlxalq Gənclik
Simpoziumunun keçirilməsi
isə 2009 -cu ildə
Naxçıvanda keçirilən
Türkdilli ölkələrin
dövlət başçılarının
IX zirvə görüşündə
qəbul olunmuş bəyannamənin gerçəkləşdirilməsi
istiqamətində atılan
mühüm addımdır.
Simpozium Qafqazda yaşayan, ortaq coğrafiyanı və mədəniyyətləri
paylaşan Azərbaycan-türk-gürcü
xalqlarının elmi-intellektual
inkişafında, onların
tələbə gəncləri
arasında elmi-mədəni
tərəfdaşlığın möhkəmlənməsində böyük rol oynayacaq.
Sonra universitetin
Tələbələr Azad Sahibkarlıq Fəaliyyətində
(SİFE) komandasının təqdimatı olmuşdur. İki dəfə milli çempion olmuş,
2010-cu ildə ABŞ-ın
Kaliforniya ştatının
Los-Anceles şəhərində
keçirilən dünya
çempionatında ölkəmizi
uğurla təmsil etmiş, 2011-ci ildə isə Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində
keçirilən SİFE Dünya
Çempionatında qrup
mərhələsində III yer tutmuş komandanın fəaliyyəti
haqqında məlumat verilmişdir.
Ərdəhan Universitetinin rektoru,
professor-doktor Ramazan Qorxmaz Qafqaz Universitetlər Birliyinin rəhbəri kimi 2009-cu ildə yaradılan, Türkiyə, Azərbaycan,
Gürcüstan, İran
və Rusiyadan 21 universitetin təmsil olunduğu birliyin qısa müddətdə
keçdiyi inkişaf
yolundan danışmışdır.
Axalsx Universitetinin
prorektoru, professor-doktor
Roin Kavrelişvili ilk dəfə Naxçıvanda
gerçəkləşdirilən simpoziumun gələcək
elmi əlaqələrin
inkişafına böyük
təkan verəcəyini
söyləmişdir.
Türkiyə Cümhuriyyəti Ali Təhsil Şurasının
sədri, professor-doktor
Yusif Ziya Özcan Türkiyədə
ali təhsilin müasir inkişaf səviyyəsindən danışmış,
Qafqaz Universitetlər Birliyinin fəaliyyətini,
ilk simpoziumu ölkələrin
tarixlərinin, mədəniyyətlərinin,
habelə ali təhsil təcrübələrinin
öyrənilməsi, universitetlərarası
elmi təcrübə
mübadiləsi, birgə
elmi tədqiqat layihələrinin, ortaq elmi araşdırmaların
həyata keçirilməsi
baxımından yüksək
dəyərləndirmişdir.
Türkiyə Cümhuriyyəti Ali Təhsil
Şurasının sədri,
professor-doktor Yusif Ziya Özcana Naxçıvan Dövlət
Universitetinin fəxri doktoru diplomu təqdim olunmuşdur.
Plenar iclasın
sonunda universitetin xarici tələbələrinin
də iştirakı ilə rəngarəng konsert proqramı təqdim olunmuşdur.
Simpozium
"Beynəlxalq münasibətlər",
"Mədəniyyət", "İqtisadiyyat", "Tarix",
"Ədəbiyyat", "Dilçilik", "Təhsil"
üzrə bölmə
iclasları ilə işini davam etdirmişdir. Naxçıvanın
dövlət və özəl ali məktəblərinin, Bakı
Qafqaz Universitetinin, Türkiyənin Ərdahan,
Ərzurum Atatürk, Qars, Giresun, Fateh Sultan Mehmet, Trabzon Qara Dəniz Texniki universitetlərinin, İran İslam Respublikasının Mərənd
Pəyam Nur və Azad İslam universitetlərinin, Gürcüstanın
Axalsx və Kutaisi, İlia dövlət universitetlərinin tələbələrinin,
Türkmənistan, Qazaxıstan
kimi türkdilli dövlətlərin təmsilçilərinin
mühazirələri dinlənilmişdir.
Yekun iclasdakı çıxışlarda
xalqların qədim və zəngin tarixi, mədəniyyətləri,
ədəbiyyatları, eyni
zamanda elm, təhsil sahəsində qazandıqları
təcrübələrin, ölkələrin
ali təhsil
sistemi, universitetlərin
strukturu və fəaliyyəti haqqında
məlumatların öyrənilməsi,
gələcək birgə
fəaliyyət istiqamətlərinin
müəyyənləşdirilməsi baxımından simpoziumun işi yüksək qiymətləndirilmişdir.
Simpozium çərçivəsində Naxçıvan Dövlət
Universiteti ilə Ağrı İbrahim Çeçen Universiteti arasında əməkdaşlıq
müqaviləsi imzalanmışdır.
Mehriban SULTAN
Azərbaycan.- 2011.- 17 noyabr.- S. 7.