Tahir Salahovun teatr rəssamlığı: yaradıcılığın təkamülü

 

Yaradıcılıq prosesi öz axarında yeni keyfiyyətlər kəsb edir, mürəkkəbləşir və zənginləşir. Yazıçı K.Q.Paustovski yaradıcılığın mahiyyətini bu sözlərlə dəqiq və lakonik  ifadə etmişdir.

Yaradıcılıq genişlənmədən, yeni mənalar kəsb etmədən bir yerdə dayanıb dura bilməz. Bu, onun fəlsəfi-didaktik təbiətindən irəli gəlir. Böyük sənətkarların əsərlərinə müraciət edərkən buna əmin olursan. Onların yaradıcılığını izlədikcə insanın öz emosiya və təfəkkür gücünü birləşdirərək nail olduğu qüdrətə təəccüblənməyə bilmirsən.

Bir çox sənətkarların yaradıcılığında bəzən geniş auditoriyaya məlum olmayan istiqamətlər olur. Məsələn, V.Mayakovski poetik əsərlərlə yanaşı, çox uğurlu reklam mətnləri də yazırdı, Salvador Dali isə reklam agentliklərinin indiöz süjetlərində istifadə etdikləri obrazları çəkirdi.

Azərbaycanın, SSRİ-nin və Rusiyanın xalq rəssamı, dahi sənətkar Tahir Salahov o istedadlardandır ki, yaradıcılıq vüsətinə daim heyran qalırsan. O, nəinki dünya sənəti xəzinəsinə daxil olmuş "sərt üslublu" rəsmlərin, saysız-hesabsız peyzajların, portretlərin, natürmortların, həm də teatr rəssamlığı əsərlərinin müəllifidir.

Azərbaycanın məhz bu istiqamətdə işləyib səhnə əsərləri üçün parlaq tamaşa dekorasiyaları yaratmış rəssamları çoxdur. Tahir Salahov teatr-dekorasiya sənətinə tez-tez müraciət etməmişdir, lakin onun yaratdığı səhnə nümunələri aktyorların oyunu, ifa olunan musiqi ilə dərin harmoniya təşkil edərək əsərin ruhunu ifadə edir.

O, ilk dəfə 1964-cü ildə səhnə əsərinin tərtibatını vermişdir. Bu, V.Şekspirin "Antoni Kleopatra" faciəsi olmuşdur. Sonra rəssam "Hamlet" (1968-ci il), Cəfər Cabbarlının eyni adlı pyesi üzrə "Aydın" (1972-ci il) tamaşaları üçün, Ü.Hacıbəylinin "Koroğlu" (1973-cü il) operası, A.Əlizadənin "Babək" (1985-ci il) baleti, C.Əlibəyovun "Gülüstanda ölüm" (1988-ci il) pyesi üçün dekorasiyalar yaratmışdır.

Tənqidçilər yekdilliklə belə fikirdədirlər ki, xırda məişət mövzuları bu dekorasiyalara yabançıdır. Epik vüsət onlara xas olan xüsusiyyətdir, bu dekorasiyalarda doğma yurdun ümumiləşdirilmiş obrazları, milli koloriti verilmişdir. Buna görə Tahir Salahovu  epik-qəhrəmanlıq obrazı ustası adlandırırlar.

Bu əsərlərdən sonra rəssam uzun müddət teatr - dekorasiya sənətinə müraciət etməmişdir. Lakin Tahir Salahov teatr şedevrləri yaratmaqdan imtina edə bilməzdi. 2010-cu ildə o, yenidən teatr rəssamlığına qayıtmışdır. Dahi rəssam Azərbaycanın tanınmış bəstəkarı F.Əmirovun "Min bir gecə" baletinin tərtibatını vermişdir. Keçən ilin aprelində Moskvada "Kremlyovski balet" teatrında bu baletin yeni tərtibatda ilk tamaşası olmuşdur. Tahir Salahov "Min bir gecə" nağıllarının motivləri əsasında Maqsud Rüstəm İbrahimbəyovların, Nailə Nəzirovanın yaratdıqları libretto üzrə tamaşaya qoyulmuş bu balet üçün səkkizdən çox dekorasiya yaratmışdır.

Tahir Salahov baletin dekorasiyalarında Şərqin fantastik nağıllar aləmini təcəssüm etdirə bilmişdir. O, qəhrəmanların məhəbbətini və igidliyini, dəbdəbəli sarayların nəfis arxitektura ornamentlərini ustalıqla əks etdirə bilmişdir. Rəssamın eskizlərinə baxarkən əmin olursan ki, sənətkar əsərin sehrli dünyasına nüfuz edərək obrazları dəqiq və parlaq əks etdirmiş, musiqi-aktyor ifasını məftunedici atmosferlə tamamlamışdır.

Rəssamın çəkdiyi dekorasiyalar tamaşanın bir çox səhnələrini canlandırmağa kömək etmişdir. Sonda Şəhrizadın bütün nağıllarının personajları bir yerə yığışıb onu və Şəhriyarı mədh edərkən sevgililər sehrli uçan xalçada yuxarı qalxırlar. Bu səhnə Tahir Salahovun yaratdığı dekorasiyada gözəl təsvir edilmişdir. Bu dekorasiya həmin epizodun sehrli aləmini duymağa imkan verir.

Dahi rəssam Tahir Salahov bu əsərləri ilə tamaşaçıya "Min bir gecə"nin nağıllar aləmini açmış, xəyali, mistik dünyanı təsəvvür etdiyi kimi təqdim etmişdir. Onun yaradıcılığı yeni məna çalarları kəsb etmişdir. Bu çalarlar hələ çox müzakirə olunacaq, araşdırılacaqdır. O, yaradıcılıq hüdudlarını genişləndirmiş, onu zənginləşdirmişdir. Bu, dahi insanın - Tahir Salahovun həqiqi yaradıcılıq yoludur.  

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  7.