Tələbə aviatorlar «Somaliyə yardım» kampaniyasında böyük fəallıq göstərmişlər

 

 Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən təşkil olunan və "Bir manat - Bir həyat" devizi altında həyata keçirilən "Somaliyə yardım" kampaniyası başa çatmışdır.

Milli Aviasiya Akademiyasının ictimaiyyətlə əlaqə xidmətindən AzərTAc-a bildirmişlər ki, akademiyanın kollektivi xeyriyyəçilik tədbirinə ilk qoşulanlardan olmuşdur. Akademiyanın Tələbə Gənclər Təşkilatı aclıq çəkən Somali uşaqlarına humanitar yardım toplamaqda böyük fəallıq göstərmişdir.

Bu məqsədlə akademiyanın tədris korpuslarında şəffaf yardım qutuları qoyulmuş, lazımi izahat işi aparılmışdır. Nəticədə heç kəs səxavətini əsirgəməmişdir. Bu günlərdə yardım qutuları açılaraq yığılan məbləğ ATGTİ-yə  təhvil verilmişdir.

Daha bir tələbə aviator Beynəlxalq Liderlik Məktəbindən uğurla qayıtmışdır. Akademiyanın 2-ci kurs tələbəsi Qismət Abbasov MDB ölkələrindən olan tələbə liderlərin Qəbələ şəhərində təşkil edilmiş məktəb-düşərgəsində respublikamızın 25 təmsilçisi sırasında olmuşdur.

Q.Abbasov Azərbaycanı əcnəbilərə tanıtmaqda yüksək nəticə göstərdiyinə görə məktəb-düşərgənin diplomu və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 17 noyabr.- S.  8.