Prezident İlham Əliyev
Qaxda «İçəribazar» qala kompleksində tikinti və
yenidənqurma işlərindən sonra yaradılan şəraitlə
tanış olmuşdur
Noyabrın 17-də Prezident İlham Əliyev Qax şəhərindəki "İçəribazar" qala kompleksində tikinti və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olmuşdur.
Bildirildi ki, Qaxda XVI əsrdən mövcud olan "İçəribazar" qala qapıları və divarları maddi-mədəniyyət abidəsinin yenidən qurulması tarixi irsimizin qorunması istiqamətində hazırda ölkəmizin bütün bölgələrində həyata keçirilən tədbirlərin bariz nümunəsidir. Aparılan tikinti və yenidənqurma işlərindən sonra "İçəribazar" qala kompleksi müasir və füsunkar görkəm almışdır. Burada əsrlərdən bəri qorunub saxlanılan bir çox maddi-mədəniyyət abidələri müasir Qax şəhərinin bir hissəsi olmaqla yanaşı, onun tarixinə verilən dəyəri də nümayiş etdirir. Buradakı qədim eksponatlar - araba, xanımların istifadə etdikləri müxtəlif əşyalar, xalçalar və digər məhsullar göz oxşayır. Küçə boyunca qədimliyi özündə ehtiva edən qala divarları, drenaj sistemi, təbii daşlar buraya turistləri daha çox cəlb edir. Mükəmməl layihə əsasında açıq səma altında yaradılan 300 yerlik teatr, tətbiqi sənət ustaları üçün 10 emalatxana binası inşa olunmuş və İçəribazar küçəsi yenidən qurulmuşdur. Kompleksdəki 4,4 min kvadratmetr sahədə düzülən sərbənd daşlar bu ərazinin görkəminin rəngarəngliyinə əlavə çalarlar qatmışdır. Ərazidə 225 metr uzunluğunda su arxı da yenidən qurulmuşdur.
Dövlət başçısı kompleksin əvvəlki və yeni görüntülərini əks etdirən fotolara baxdı.
Kompleksin ərazisini gəzən Prezident İlham Əliyevə məlumat verildi ki, burada tikinti və yenidənqurma işlərinə 2010-cu ilin aprel ayında başlanılmış və qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılmışdır. Dövlət başçısının tapşırığına uyğun olaraq, kompleksin ətrafla ümumi ansambl təşkil etməsi və uzlaşdırılması diqqət mərkəzində saxlanılmışdır. İçəribazar küçəsindəki fərdi evlərin dam örtükləri yenilənmiş, darvaza, pəncərə, tavan, sütun, balkonlarda sürahilər və digər hissələr taxta materialdan yüksək zövqlə yenidən işlənmişdir.
Bildirildi ki, görkəmli bəstəkar, ictimai xadim Müslüm Maqomayevin atası usta Məhəmməd kişinin dəmirçi emalatxanası 1880-ci illərdə burada yerləşmişdir. 1902-ci ildə Qori seminariyasında təhsil alarkən Müslüm Maqomayev atasının vəsiyyətinə əsasən, dahi bəstəkar Üzeyir Hacıbəyli ilə burada olmuşlar. Milli memarlıq üslubunda çapma daş və qırmızı kərpiclə nəfis şəkildə işlənilən, dekorativ suvaq vurulan küçə divarları da insanda xoş ovqat yaradır. Qalanın giriş və çıxış qapıları da ölkəmizin memarlıq ənənələrinin təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Kompleksdə yerli əhalinin, turistlərin istirahəti üçün hər cür şərait yaradılmışdır. Ərazisində yaşıllıq zolağının da salındığı kompleksin işıqlandırma sistemi dizaynı və mükəmməlliyi ilə diqqəti cəlb edir. Buradakı teatrın səhnəsində orijinal işıqlandırma sistemi quraşdırılmışdır.
Kompleksə xüsusi gözəllik verən Nəsimi parkı yenidən qurulmuşdur. İçəribazar küçəsinin içməli su və qaz xətləri də yenilənmişdir. Bir sözlə, əsaslı tikinti və yenidənqurmadan sonra "İçəribazar" qala kompleksi görkəmini tamamilə dəyişmiş və ölkəmizin ən gözəl istirahət məkanlarından birinə çevrilmişdir.
Azərbaycan Prezidenti Qaxın baş planını, şəhərin qədim hissəsinin bərpasını, perspektiv planını və yeni küçələrin abadlaşdırılmasını əks etdirən stendlərə baxdı.
"İçəribazar" qala kompleksində
fəaliyyət göstərən tətbiqi sənət,
ağacoyma, toxuculuq, Şərq şirniyyatı və təndirxana
otaqları ilə tanış olan dövlət
başçısı Qax rayon ictimaiyyətinin nümayəndələri
ilə görüşdü.
Prezident
İlham ƏLİYEV Qax
rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq
dedi:
-
Sizi ürəkdən salamlayıram. Qaxda yenidən
olmağımdan çox şadam, çox məmnunam.
Bildiyiniz kimi, bu, Qaxa mənim birinci səfərim deyil. Hər
dəfə Qaxda olanda, yenilikləri görəndə çox
sevinirəm. Rayon inkişaf edir, gözəlləşir, belə
gözəl memarlıq əsərləri yaradılır. Deyə
bilərəm ki, müasir Azərbaycanda belə gözəl
guşələrin yaradılması yəqin ki, Qaxdan
başlayıb.
Bizim
tarixi bölgələrimiz çoxdur, bu cür gözəl
tarixi binalarımız da, abidələrimiz də vardır.
Ancaq tarixi binaları bu səviyyədə bərpa etmək
üçün əlbəttə ki, böyük səylər
göstərilmişdir. Bu kiçik qəsəbə
böyük məhəbbətlə, zövqlə və tarixi
həqiqəti saxlamaq şərtilə
yaradılmışdır. Əslində burada gördüklərimiz
qədim tarixdən bizə miras qalan əsərlərdir. Ancaq
bax bu gözəl binaları bu səviyyədə bərpa etmək,
burada, sözün əsl mənasında, turizm mərkəzini
yaratmaq böyük peşəkarlıq və məharət tələb
edirdi. Mən çox şadam ki, Qaxın tarixi simasını
əks etdirən bu kiçik guşə artıq fəaliyyətə
başlayır. Burada sənətkarlar öz sənətlərini
təqdim edirlər, açıq səma altında gözəl
səhnə yaradılıbdır. Bir sözlə, belə
guşələr Azərbaycanda daha da çox
olmalıdır.
Çünki
bir daha demək istəyirəm ki, bizim çox zəngin
tariximiz, abidələrimiz vardır. Onların hamısı bərpa
olunmalıdır. Həm Bakıda, həm bütün bölgələrdə.
Tarixi abidələr baxımından Azərbaycan çox zəngin
dövlətdir. Biz bu abidələri qorumalıyıq, bərpa
etməliyik və xüsusilə ölkəmizin tarixi yerlərində
qədim üsluba üstünlük verməliyik. İndi Qaxda
çoxsaylı yeni binalar tikilir və tikiləcəkdir. Bu
binalar da Qaxa xas olan üslubda tikilməlidir. Mən bunu
alqışlayıram.
Azərbaycanın
bölgələri öz müxtəlifliyi ilə fərqlənir,
seçilir. Hər bir bölgə, hər bir rayon
üçün ayrıca bir şəhərsalma inkişaf
planı hazırlanmalıdır. Bəzi yerlərdə
artıq işlər başlamışdır, bəzi yerlərdə
yaxın zamanlarda başlanacaqdır. Əlbəttə ki, bu
gözəl yerlər turistləri cəlb edəcəkdir. Bu
bölgənin inkişafı daha çox turizmlə
bağlı olacaq və Azərbaycan bu məsələlərlə
çox ciddi məşğuldur. Bu il Azərbaycanda "Turizm
ili" elan edilmişdir. Paytaxtda, bölgələrdə
gözəl mehmanxanalar açılıb. O cümlədən
Qaxda yeni mehmanxananın açılışında da
iştirak etmişəm. Deyə bilərəm ki, ən
inkişaf etmiş ölkələrdə olan şəraitlə
bu mehmanxanadakı şərait arasında heç bir fərq
yoxdur. Bu, onu göstərir ki, investorlar Azərbaycanın gələcəyinə
inanır. Baxmayaraq ki, Qax paytaxtdan uzaqda yerləşir, indi
tikilən və gələcəkdə tikiləcək yollar,
aeroportlar Qaxı paytaxt ilə birləşdirir. Bir də ki,
burada yaradılan şərait, bütün bu gözəl təbiət
bizi ruhlandırır.
Ancaq əgər şərait yaradılmasa heç kim gəlməz, nə ölkə daxilindən, nə də ki, xaricdən. Gözəl təbiət və təbii şərait böyük üstünlüyümüzdür, xüsusilə Qax kimi mənzərəli yerlərdə. Ancaq burada yaradılan infrastruktur, xidmət obyektləri də bu təbiətə uyğun olmalıdır və mən bunu görürəm. Bir daha demək istəyirəm ki, mən artıq bir neçə dəfə burada olmuşam və hər dəfə Qaxda olanda, yenilikləri görəndə çox sevinirəm.
Turizm obyektləri ilə bərabər, rayonun gündəlik problemləri də həllini tapır. Bildiyiniz kimi, indi bütün infrastruktur layihələrinin icrası üçün konkret işlər görülür. Biz Qaxın su təchizatı ilə bağlı böyük layihəni başlamışıq. İki il ərzində şəhərin və bəzi ətraf kəndlərin su problemi yüz faiz həll olunacaqdır, kanalizasiya da həmçinin. Bu, təkcə Qax üçün deyil, bütün bölgələr üçün ciddi problemdir. Hər bir bölgədə bu layihələr icra olunur və indiki vəziyyət, əlbəttə ki, bizi qane edə bilməz. Su fasilələrlə, qrafiklə verilir. İndi Bakının bəzi bölgələrində də su fasilələrlə verilir və bu vəziyyəti dəyişmək üçün biz ciddi tədbirlər görürük. Hər bir bölgədə, hər bir rayonda bu işlər, o cümlədən qazlaşdırma aparılır, yollar, həmçinin kənd yolları çəkilir və rayonun inkişafı ilə bağlı bütün məsələlər öz həllini tapacaqdır. Dövlət öz üzərinə düşən vəzifəni icra edir. Dövlət vəsaiti ayrılır. Özəl sektor da bu işlərə qoşulur, investorlar, iş adamları daha da geniş şəkildə qoşulmalıdırlar ki, ölkəmizin iqtisadiyyatı hərtərəfli inkişaf etsin.
Qaxın inkişafı üçün regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında konkret tapşırıqlar verilmişdir. Onlar icra edilir. Proqram 2013-cü ildə başa çatacaqdır. Əminəm ki, o vaxta qədər rayonun əsas infrastruktur, sosial və iqtisadi problemləri öz həllini tapacaq. Bütün infrastruktur yenidən qurulacaq və ondan sonrakı dövr üçün biz yeni proqram hazırlayacağıq. Bu proqram artıq sürətli inkişaf proqramı olacaqdır. Çünki 2003-2013-cü illərdə diqqətimizi daha çox infrastruktur layihələri cəlb etmişdir. Yollar, elektrik enerjisi təchizatı, qazlaşdırma, su-kanalizasiya layihələri, məktəblərin tikintisi, xəstəxanalar, idman qurğuları. Növbəti iki il ərzində ölkə miqyasında bu məsələlər öz həllini tam şəkildə tapmalıdır. Ondan sonrakı dövrdə də əlbəttə ki, həyat yeni tələbləri qoyacaq qarşımızda. Həyat yerində durmur. Azərbaycan inkişaf edir və çox uğurla inkişaf edir.
Mən bir daha sizi ürəkdən salamlayıram, sizi alqışlayıram. Burada gördüyüm mənzərə əlbəttə ki, rayon rəhbərliyi tərəfindən icra edilir. Bu təşəbbüsü rəhbərlik irəli sürmüşdür, ancaq bilirəm ki, qaxlılar bu işlərdə böyük fəallıqla iştirak etmişlər. Mən əlbəttə əminəm ki, biz hamımız indi sevinirik, fəxr edirik ki, belə gözəl tarixi diyarda belə gözəl əsərlər yaradılıb.
Sizə yeni uğurlar arzulayıram.
* * *
Rayon sakini, 2 nömrəli orta məktəb-liseyin müəllimi Nazlı İSMAYILOVA Qaxa göstərilən diqqət və qayğıya görə qaxlılar adından dövlət başçısına minnətdarlıq edərək dedi:
- Möhtərəm cənab Prezident, Sizi, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısını, müstəqil Azərbaycan Respublikasının Prezidentini Vətənimizin ən gözəl, ən dilbər guşələrindən biri olan Qax rayonunda salamlayır, Sizə rayon sakinləri adından "Xoş gəlmisiniz!" deyirəm.
Cənab
Prezident, bu gün çox tarixi bir gündür. Düz 21 il bundan əvvəl ulu öndər sovetlər
birliyi dönəmində böyük cəsarət
nümayiş etdirərək üçrəngli
bayrağımızın dövlət atributu kimi qəbul
edilməsinə nail olmuşdur. Bu tarixi qərar
müstəqilliyimizin təməl daşı olmuşdur.
Əsası ümummilli lider Heydər Əliyev
tərəfindən qoyulmuş bu müstəqillik Sizin tərəfinizdən
daha da inkişaf etdirilmiş, möhkəmləndirilmiş,
dönməz və əbədi olmuşdur. Bu gün həm biz, həm də rayonun bütün
sakinləri, respublikanın əhalisi fəxr edir ki,
üçrəngli bayrağımız dünyada ən uca
zirvədə dalğalanmaqdadır.
Respublikamız bu gün sürətlə inkişaf edir,
abadlaşır, müasirləşir, əhalinin sosial rifah
halı yaxşılaşır. Buna əmin olmaq
üçün regionların, o cümlədən
Qaxımızın tərəqqisinə nəzər yetirmək
kifayətdir. Qısa müddət ərzində
Qaxda çoxlu təhsil, səhiyyə, idman, turizm kompleksləri
tikilmiş, parklar, xiyabanlar salınmış, yollar çəkilmiş,
istehsal müəssisələri yaradılmışdır.
Qədim İlisu kəndinin sel sularından qorunması
üçün çəkilmiş bənd, tikilmiş körpü rayonumuzun
sakinlərinə böyük töhfədir.
Cənab
Prezident, açılışını etdiyiniz mehmanxana
kompleksi, avtovağzal şəhərimizə yaraşıq
verməklə yanaşı, həm rayon sakinlərinə, həm
gələn qonaqlara yaxşı xidmət edəcək,
turizmin inkişafına yeni imkanlar açacaqdır. Biz bu gün bir daha şahidi olduq ki, Siz tarixi
yaddaşımızın, eyni zamanda, mədəni irsimizin
qorunması, gələcək nəsillərə
ötürülməsinə nə qədər böyük
diqqət və qayğı göstərirsiniz. Bütün bunlara görə həm Sizə, həm
də Sizin yaxın silahdaşınız olan,
xalqımızın sevimli qızı Mehriban xanım Əliyevaya
rayonumuzun sakinləri adından təşəkkür edirəm.
Cənab
Prezident, müstəqilliyimizin 20 illiyi ilə əlaqədar tədbirdə
qeyd etdiniz ki, əgər torpaqlarımız işğal
olunmasaydı, bizə qarşı etnik təmizləmə
siyasəti aparılmasaydı daha böyük uğurlar əldə
edə bilərdik. Bəli, cənab Prezident, hər
bir azərbaycanlı, o cümlədən biz qaxlılar da
görürük, bilirik ki, bu problemin həlli
üçün Siz nə qədər gərgin fəaliyyət
göstərirsiniz. Biz bütün
bunları yüksək qiymətləndiririk, "daim Sizinləyik"
deyirik. Sizin hər bir
çağırışınıza hazırıq!
Oktyabrın 24-də Azərbaycanın Birləşmiş
Millətlər Təşkilatının Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilməsi də hər
bir azərbaycanlı kimi, bütün qaxlıları da ürəkdən
sevindirdi. Bunu Sizin fəaliyyətinizin yeni bir uğuru kimi dəyərləndiririk.
Bütün bunlara görə Sizə həm
respublikamızın, həm də Qaxın əhalisi
adından ürəkdən təşəkkür edirik.
Azərbaycanın bütövlüyü,
inkişafı, müstəqilliyi uğrunda
apardığınız hər bir işə görə Sizə
minnətdarıq. Sizə uğurlar diləyirik, Allah
yardımçınız olsun!
* * *
Prezident İlham
ƏLİYEV: Çox sağ olun. Bu gün çox tarixi bir gündür. Hələ Sovet İttifaqı dönəmində
ulu öndər Azərbaycanın milli bayrağını
Naxçıvan Muxtar Respublikasının dövlət
bayrağı kimi elan etmişdir. O bayrağı dövlət
rəmzi kimi o vaxt Naxçıvanın Ali Məclisi qəbul
etmişdir və eyni zamanda, Azərbaycan Ali Sovetinin
qarşısında vəsatət
qaldırılmışdır ki, bu bayraq Azərbaycan dövlətinin
rəsmi bayrağı kimi elan edilsin. Ancaq, əfsuslar
olsun ki, bu təşəbbüsə dərhal reaksiya verilməmişdir.
Halbuki verilməli idi.
Bu addım və ondan sonrakı addımlar müstəqilliyimizi
yaxınlaşdırdı. Müstəqilliyimiz
labüd idi, yəni, bu qaçılmaz idi. Aydın idi ki, Sovet İttifaqı dağılmaq ərəfəsində
idi. Ancaq bu müstəqilliyi
yaxınlaşdırmaq və tezliklə əldə etmək
üçün hər halda Azərbaycanda ilk addımlar məhz
ulu öndər tərəfindən Naxçıvanda
atılmışdır. Həm milli
bayrağın dalğalanması, Yeni Azərbaycan
Partiyasının yaradılması, Sovet İttifaqının
saxlanılması haqqında referendumun Naxçıvanda
keçirilməməsi - bütün bu addımlar çox
böyük siyasi iradə və cəsarət tələb
edirdi. Çünki o zaman hələ Sovet
İttifaqının nə vaxt dağılması haqqında
qəti fikir yox idi və bugünkü Azərbaycan bax o
çətin anlarda atılmış addımların nəticəsində
həm formalaşmış, həm özünü qoruya
bilmişdir. Xüsusilə 1993-cü ildə
ölkəmiz üçün ən ağır vəziyyətdə
yenə Heydər Əliyev artıq respublika miqyasında
bütün məsuliyyəti öz üzərinə
götürərək Azərbaycanı böyük bəlalardan
xilas edə bilmişdir. Bu il biz
müstəqilliyimizin 20 illiyini böyük sevinclə,
böyük qürur hissilə, gözəl nəticələrlə
qeyd edirik. Ölkə daxilindəki nəticələr
göz qabağındadır.
Hara getsən, hansı bölgəyə səfər etsən
görərsən ki, hər yerdə inkişaf, hər yerdə
tərəqqi, hər yerdə nikbinlik ovqatı vardır. Bundan sonra daha
da yaxşı olacaqdır. Beynəlxalq səviyyədə,
qeyd etdiyiniz kimi, uğurlarımızın bariz nümunəsi
dünya birliyinin bizimlə olması nəticəsində
özünü göstərmişdir. Bu,
böyük tarixi qələbədir, gördüyümüz
işlərin nəticəsidir. Bu hadisə
Azərbaycanın dünyadakı imicinin nə qədər
yüksək səviyyədə olmasını göstərir.
Mən tam əminəm ki, ölkə
qarşısında duran bütün vəzifələr icra
ediləcəkdir. Daxili və xarici siyasətlə
bağlı artıq bunu tam qətiyyətlə demək
mümkündür. Daxili siyasət,
iqtisadi inkişaf Azərbaycanda ən yüksək səviyyədədir.
Bütün mötəbər beynəlxalq təşkilatlar
da bunu qeyd edirlər. Azərbaycanda son illər
ərzində yaşanan inkişaf tarixdə heç bir
ölkədə olmamışdır, bəlkə də
olmayacaqdır. Xarici siyasətlə
bağlı dostlarımızın sayı artır, dünya
birliyi Azərbaycanın yanındadır və bizə
inanır. Bizim ən ağır problemimiz
torpaqlarımızın hələ də işğal
altında qalmasıdır. Biz
çalışırıq ki, bu problemi danışıqlar
yolu ilə həll edək. Ancaq hələ
ki, bu, mümkün deyildir. Danışıqları
aparmaqla yanaşı, biz əlbəttə ki, ölkəmizi
gücləndiririk. Ölkənin
gücü təkcə maliyyə və iqtisadi meyarlarla
ölçülmür. Hər bir bölgənin
gücü, hər bir rayonun potensialının
artırılması bizi gücləndirir. Gücümüz ondadır ki, bizdə iqtidarla xalq
arasında birlik, inam, həmrəylik və əlbəttə
ki, güclü ordumuz var. Biz ordumuzu böyük dərəcədə
gücləndirə bilmişik və bu gün bizim ordu istənilən
anda torpaqları hərbi yolla azad edə bilər. Biz bunu bilirik, düşmənlərimiz də və
bu məsələ ilə məşğul olan vasitəçilər
də bunu bilirlər. Çünki
müasir dünyada nəyi isə gizlətmək
mümkün deyildir. Biz heç
qarşıya belə məqsəd də qoymamışıq
ki, nəyi isə gizlədək.
Əksinə, biz Azərbaycanda keçirilən hərbi
paradda ordu quruculuğunda əldə edilmiş nailiyyətləri
xalqa nümayiş etdirdik. Bu, həm
nümayiş, eyni zamanda, xalq qarşısında hərbi sahədə
görülmüş işlərlə bağlı hesabat
idi. İndi Ermənistanla Azərbaycan
arasında fərq elədir ki, bu, böyük bir
uçurumdur və getdikcə daha da genişlənəcəkdir.
Vasitəçilər də bunu bilirlər.
Son zamanlar vasitəçilər fəallaşmışlar
və əlbəttə ki, biz bunu alqışlayırıq.
Beynəlxalq təşkilatların rəhbərləri
ilə apardığım danışıqlar bunu bir daha
göstərir ki, beynəlxalq vasitəçilər çox
çalışırlar ki, məsələ tezliklə
öz həllini tapsın, müharibə, münaqişə
olmasın. Çünki hamı
yaxşı başa düşür ki, bu dırnaqarası
dondurulmuş vəziyyət çox çəkə bilməz.
Həm Azərbaycanın iqtisadi gücü, həm
Azərbaycan xalqının səbrinin tükənməsi, həm
bizim hərbi potensialımız, demoqrafik
üstünlüyümüz, hara baxsan, hansı sahəyə
baxsan, hər yerdə Azərbaycan bir neçə pillə
üstündür. Gələcəkdə
bu fərq yalnız artacaqdır, azalmayacaqdır. Çünki biz bilirik ki, gələcəyimiz necə
olacaqdır. İqtisadiyyatımız
güclüdür, bizim təbii resurslarımız, insan
potensialımız var, Azərbaycan xalqı gənc xalqdır.
Bu da çox vacibdir. İndi
bəzi ölkələrdə, xüsusilə Avropa ölkələrində
xalqların yaşlanması ilə bağlı çox
böyük müzakirələr aparılır, narahatlıq
ifadə edilir. Azərbaycanın çox
böyük insan resursları vardır. Ölkəmizdə
təhsilə, elmə göstərilən diqqət Azərbaycan
gənclərinin peşəkarlığını
artırır. Gənclərimiz peşəkar,
bilikli, vətənpərvər olmalıdırlar. Peşəkar, bilikli olmaq üçün dövlət
şərait yaratmalıdır, vətənpərvər olmaq
üçün əlbəttə ki, dövlət təbliğatı
aparılmalıdır. Ancaq ölkədə
elə vəziyyət yaradılmalıdır ki, hər bir vətəndaş
qürur hissilə deyə bilsin ki, o, bu ölkənin vətəndaşıdır.
Bu gün biz bunu görürük. Vətəndaşlarımız,
gənclərimiz fəxr edirlər ki, Azərbaycan vətəndaşıdırlar.
Hər bir xarici qonaq Bakıya və bölgələrə
gələndə əgər qərəzsizdirsə
görür və etiraf edir ki, Azərbaycan dünya
miqyasında ən yüksək səviyyədədir, Bakı
şəhəri dünya miqyasında ən gözəl şəhərlərdən
biridir, vaxt gələcək ən gözəl şəhər
olacaqdır. Yəqin siz bilirsiniz ki, Bakı ilə bağlı
böyük planlarımız vardır. Planlarımız
təkcə Bakı ilə bağlı deyildir. Çünki bizim işimiz nəyi isə kiməsə
göstərməkdən ibarət deyildir. Yəni, bir vitrin yaratmaq deyildir. Biz
ən ucqar bölgələrdə, ən ucqar kəndlərdə
müasir infrastruktur yaradırıq, yollar çəkirik,
abadlıq işlərini aparırıq ki, hər bir yerdə
yaşayan vətəndaş özünü yaxşı,
rahat hiss etsin və fəxr etsin ki, Azərbaycan vətəndaşıdır.
Mən əminəm ki, qaxlılar və bütün
başqa bölgələrdə yaşayan insanlar fəxr edirlər
ki, Azərbaycan vətəndaşlarıdırlar. Biz, hər
birimiz ölkəmizi öz işimizlə, öz
addımlarımızla, ümumi işə verdiyimiz töhfələrlə
gücləndirməliyik.
Sizi bir daha salamlayıram, sizə
cansağlığı, xoşbəxtlik arzulayıram. Hələ
görüşlərimiz çox olacaqdır. Çünki Qaxda gələcəkdə
açılışlar çox olacaqdır. Yeni binaların, yeni obyektlərin tikintisi nəzərdə
tutulur. Ona görə də
açılışlar çox olacaq və biz sizinlə
görüşəcəyik. Sağ olun.
* * *
Sonra xatirə şəkli çəkdirildi.
* * *
Daha sonra dövlət başçısı qaxlı
musiqiçilərin ifasını dinlədi.
* * *
Komplekslə
tanış olan Prezident İlham Əliyev
burada həyata keçirilən işləri yüksək qiymətləndirmişdir.
Dövlət başçısı Qax rayonunun
tanınmış həkimlərindən olan Cəlal Məmmədovun
çalışdığı əczaxanaya da baxdı. Qeyd edildi ki, Cəlal
Məmmədov 1918-1920-ci illərdə Milli Ordunun əlahiddə
korpusunun həkimi kimi fəaliyyət göstərmişdir.
Prezident İlham Əliyev tarixi irsimizin və maddi mədəniyyət
abidələrimizin qorunması üçün bundan sonra da
dövlətin dəstəyini əsirgəməyəcəyini
vurğuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 3, 4.