Qaxda avtovağzal kompleksi istifadəyə verilmişdir

 

 Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 17-də "Qax-Avto" MMC-nin avtovağzal kompleksinin açılışında iştirak etmişdir.

Azərbaycan Prezidenti avtovağzalın rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlət başçısı köhnə və yeni avtovağzalın görüntülərini, eləcə də kompleksə daxil olan yardımçı binaları əks etdirən stendlərə baxdı.

Məlumat verildi ki, müasir memarlıq üslubunda inşa olunmuş avtovağzalın tikinti sahəsi 522 kvadratmetrdir. Ərazidə yaşıllıq salınmış və dekorativ ağaclar əkilmişdir. Binada sərnişinlərin istirahəti üçün lazımi şərait yaradılmış, müasir havalandırma sistemi quraşdırılmışdır.

Bildirildi ki, ərazisi bir hektara yaxın olan avtovağzal kompleksinin tikintisinə 2010-cu ilin əvvəlində başlanılmışdır. Həyətyanı sahədə 6 min kvadratmetr əraziyə asfalt-beton örtük salınmışdır. Burada, həmçinin sərnişinlərin hərtərəfli istirahəti üçün park da yaradılmışdır. Kompleksin ərazisinin 700 kvadratmetrdən çox hissəsində ağaclar, dekorativ kollar əkilmişdir. Kompleksin işıqlandırma sistemi də mükəmməlliyi ilə diqqəti cəlb edir.

Qeyd edildi ki, ikimərtəbəli avtovağzal kompleksinə avtomobillər üçün texniki müayinə, anbar-qazanxana və mağaza binaları daxildir. Binanın birinci mərtəbəsindəki gözləmə salonunda sərnişinlər üçün hər cür rahatlıq yaradılmışdır. Burada ana və uşaq otağı da vardır. Kompleksdə sərnişinlərin əşyalarının saxlanması üçün kameralar yaradılmışdır. Dispetçer otağı da yüksək səviyyədə xidmət üçün müvafiq şəraitə malikdir. Tibbi xidmətə ehtiyacı olanlar isə həkim otağına müraciət edə biləcəklər. Avtovağzalda restoran da fəaliyyət göstərəcəkdir. İnzibati otaqlar, iclas salonu, dörd qonaq otağı kompleksin ikinci mərtəbəsində yerləşir. Bir sözlə, yeni avtovağzal kompleksində sərnişinlərə yüksək səviyyədə xidmət göstəriləcəkdir.

Dövlət başçısı perronda müxtəlif istiqamətlərdə hərəkət edəcək avtobuslara baxdı.

Prezident İlham Əliyev görülmüş işlərdən razılığını bildirdi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S.  4.