Şəkidə
yeni mərkəzi xəstəxana istifadəyə
verilmişdir
Açılış mərasimində
Prezident İlham Əliyev iştirak etmişdir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Şəkiyə səfəri çərçivəsində mərkəzi xəstəxananın açılışında iştirak etmişdir.
Dövlət başçısı xəstəxananın rəmzi açılışını bildirən lenti kəsdi.
Səhiyyə naziri Oqtay Şirəliyev məlumat verdi ki, 100 çarpayılıq xəstəxananın inşası müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. Xəstəxananın təməli 2008-ci ilin sentyabrında Azərbaycan Prezidentinin iştirakı ilə qoyulmuşdur.
Əsas bina altı korpusdan ibarətdir. Birinci və
ikinci korpuslar üçmərtəbəli,
üçüncü və dördüncü korpuslar ikimərtəbəli,
digər iki korpus isə birmərtəbəlidir. Burada təcili tibbi yardım, reanimasiya, iki cərrahiyyə,
onkoloji xəstəliklər, göz xəstəlikləri,
diaqnostika, laboratoriya, dializ və poliklinika şöbələri
fəaliyyət göstərir.
Təcili tibbi yardım şöbəsi ilə
tanışlıq zamanı dövlət
başçısına məlumat verildi ki, burada reanimasiya və
kiçik əməliyyat bloku vardır.
Qeyd olundu ki, bu şəfa ocağında 300-dək tibbi
heyət əhalinin sağlamlığının keşiyində
duracaqdır.
Şöbələrdə
quraşdırılan avadanlıq tibb elminin ən son nailiyyətlərinə
əsaslanır. Burada ultrasəslə
müayinə, hemodializ, anesteziya avadanlığı,
rentgenoqrafiya, kompyuter-tomoqrafiya, laboratoriya, süni nəfəs
aparatları quraşdırılmışdır. Xəstəxanada, həmçinin müasir 4D ultrasəslə
müayinə aparatı qoyulmuşdur. Buradakı
avadanlıq dünyanın aparıcı ölkələrinin
istehsalıdır.
Bildirildi ki, tibb ocağında cərrahiyyə
blokları ən son tibbi avadanlıqla təmin edilmişdir. Bloklarda ilk dəfə
olaraq Azərbaycan dilində xüsusi sensorlu monitorlar
quraşdırılmışdır. Bu
monitorlar vasitəsilə cərrahiyyə bloklarında
işıqlandırma və havalandırma rejiminə vahid mərkəzdən
nəzarət edilir. Bundan başqa,
blokların divarları da xüsusi istilik sistemi ilə təchiz
olunmuşdur ki, bu da dünyanın ən aparıcı ölkələrinin
tibb ocaqlarında istifadə edilir. Xəstəxanada
hər cür şəraitlə təchiz edilmiş konfrans
zalı da fəaliyyət göstərir.
Prezidentin Ehtiyat Fondundan ayrılmış vəsait
hesabına inşa olunan xəstəxananın dörd
hektarlıq həyətyanı sahəsində avtodayanacaqlar,
su hovuzları, içməli və çirkab su anbarları,
nasosxana, transformator yarımstansiyası, qazanxana tikilmişdir.
Xəstəxananın həyətində
geniş abadlıq işləri aparılmış,
yaşıllıq zolaqları salınmışdır.
Tibb ocağı ilə tanışlıqdan sonra Prezident
İlham Əliyev xəstəxananın kollektivi və Şəki
ictimaiyyətinin nümayəndələri ilə
görüşdü.
Yeni xəstəxana
binasının istifadəyə verilməsi münasibətilə
tibb işçilərini və ictimaiyyətin nümayəndələrini
təbrik edən Prezident İlham
ƏLİYEV dedi:
- Sizi təbrik
edirəm. Xatırlayıram ki, üç il
bundan əvvəl bu gözəl xəstəxananın təməl
daşını biz bərabər qoyduq. Üç il ərzində gözəl, müasir xəstəxana
tikilibdir və bu gün biz bu xəstəxananın
açılışında bərabər iştirak edirik. Bu, gözəl, əlamətdar hadisədir. İndi bu, deyə bilərəm ki, bölgənin bəlkə
də ən böyük xəstəxanasıdır. Çox geniş, gözəl, yaraşıqlı
binadır. Bütün müasir
avadanlıq, bütün şərait vardır, palatalar da
genişdir, həkimlər üçün də yaxşı
şərait yaradılıbdır. Bu,
çox sevindirici haldır, bu, gözəl hadisədir, onu
göstərir ki, bütün qərarlarımız icra edilir.
Qəbul edilmiş qərarlar vaxtında və
keyfiyyətlə icra edilir və xüsusilə sosial sahədə
belə gözəl obyektlərin yaradılması çox
böyük və əlamətdar hadisədir.
Bütövlükdə Azərbaycanda indi bütün
bölgələrdə yeni xəstəxanalar
açılır. Demək olar ki, mən hər ay yeni xəstəxananın
açılışında iştirak edirəm, bəzi
hallarda ayda iki dəfə. Bu, onu göstərir ki, bu
proses bu gün bölgədə geniş vüsət
almışdır. Bütün bu zonada demək
olar ki, müasir xəstəxanalar tikilmişdir, tibbi mərkəzlər
yaradılmışdır. Şəkidə
yaradılmış bu mərkəz əlbəttə ki, ən
müasir mərkəzdir. Bakıda bu sahədə
işlər görülür, yeni xəstəxanalar tikilir, təmir
edilir. Ağdaşda, Ucarda, Xaçmazda buna bənzər
gözəl xəstəxanalar tikilmiş və bu yaxınlarda
istifadəyə verilmişdir. Mən təkcə
son bir ayın hadisələrini yada salıram.
Bu xəstəxananın tikintisində işləri Səhiyyə
Nazirliyimiz Dünya Bankı ilə birlikdə
görmüşlər. Mən çox şadam ki, Dünya
Bankı Azərbaycanın sosial sahəsinə də diqqət
göstərir. Dünya Bankı ilə əməkdaşlığımız
böyük tarixə malikdir. Azərbaycanda
bir sıra infrastruktur layihələrinin icrası ilə
bağlı birgə fəaliyyət göstərmişik.
Bütövlükdə beynəlxalq maliyyə
qurumları Azərbaycanda iqtisadi və sosial sahələrdə
gedən proseslərə çox müsbət qiymət verirlər.
Regionların inkişafı Proqramının icrası ilə
bağlı əvvəlki dövrdə
başladığımız işlər bu gün artıq
reallaşır və özünü büruzə verir. Regionlarda
bütövlükdə işlər yaxşı gedir. Mən bu bölgədə dəfələrlə
olmuşam, o cümlədən Şəkidə də dəfələrlə
olmuşam. Əminəm ki, bütün bu
zona, Qobustan rayonundan tutmuş Balakənə qədər
gözəl müasir turizm zonası kimi özünü
göstərəcək. Bunu etmək
üçün indi bütün infrastruktur layihələri
icra edilir, yollar çəkilir. Şəki-Qax
avtomobil yolu çəkilir. Yəqin ki,
yaxın zamanlarda açılacaqdır. Bu,
məsafəni daha da qısaldacaqdır. İnfrastruktur
layihələri icra edilir, yeni binalar, qazlaşdırma, suvarma,
içməli su layihəsi, o cümlədən Şəki
şəhərinin içməli su problemlərinin həlli
üçün layihə icra edilir. Onun
birinci mərhələsi başa çatmışdır.
Yaxın zamanlarda Şəkinin bütün su və
kanalizasiya problemləri öz həllini tapmalıdır.
Qazlaşdırma ilə bağlı indi işlər daha
da sürətlə gedir. Əlbəttə ki,
biz bu bölgəni, xüsusilə Şəkini bölgənin
mərkəzi, müasir və qədim turizm şəhəri
kimi gərək daha da gözəlləşdirək. Bu məqsədlə müvafiq qərarlar
verilmişdir. Əvvəlki dövrdə də
sərəncamlar verilmişdir və vəsait
ayrılmışdır. Bu yaxınlarda isə
Şəkinin inkişafı ilə bağlı xüsusi sərəncam
verilmişdir. Bu sərəncamın
çox böyük mənası vardır. Təkcə
ona görə yox ki, bu sərəncam əsasında Şəkinin
abadlaşmasına və tarixi binaların bərpasına beş milyon manat vəsait
ayrılmışdır. Əvvəlki dövrdə
də vəsait ayrılmışdır, bundan sonra da
ayrılacaqdır. Bu sərəncamın əsas
mahiyyəti ondan ibarətdir ki, biz öz tarixi
keçmişimizə, tarixi şəhərlərimizə
daha da böyük diqqətlə yanaşmalıyıq. Bu, həm gələcəyə yönəlmiş
bir addımdır, gələcək fəaliyyətimiz
üçün bir istiqamətdir, eyni zamanda,
keçmişimizə də olan münasibətdir.
Azərbaycanın hər bir şəhəri, hər bir
kəndi bizim üçün əzizdir, doğmadır. Elə bir
rayon yoxdur ki, mən orada olmayım. Dəfələrlə
olmuşam və bundan sonra da olacağam. Hər
bir rayon üzrə proqramlar var, vəsait ayrılır. Ancaq elə tarixi şəhərlər var ki,
onların Azərbaycan tarixində, Azərbaycan xalqının
formalaşmasında, Azərbaycanda dövlətçilik əsaslarının
yaradılmasında xüsusi rolu vardır. Şəki o şəhərlərdəndir.
Deyə bilərəm ki, belə sərəncamların
verilməsi Şəkidən başlamışdır. Ondan sonra
Şamaxı şəhərinin, Quba şəhərinin
inkişafı ilə bağlı oxşar sərəncamlar
verilmişdir. Bundan sonra da Azərbaycanın
tarixi şəhərlərinin abadlaşması və mədəni
irsimizin qorunması üçün əlavə sərəncamlar
veriləcək və digər şəhərlər də bu
proqramla əhatə olunacaqdır.
Şəki indi yeni inkişaf mərhələsindədir. Bütün
dövrlərdə bu şəhər Azərbaycan tarixində
xüsusi yerə malik olub. İndi bölgələrin
inkişafı ilə bağlı konkret proqramlar icra olunur və
ətraf rayonlar da sürətlə inkişaf edir. Məni əvvəlki dövrdə narahat edən məsələlərdən
biri də o idi ki, Şəki inkişafda bir qədər ləngiyir,
ətraf rayonlar daha sürətlə inkişaf edirdi,
abadlıq-quruculuq işləri daha sürətlə gedirdi.
Bu məqsədlə bir neçə ciddi
addım atılmışdır. İlk
növbədə, rayon rəhbərliyinin gücləndirilməsi
üçün tədbirlər görülmüşdür.
Rayon ictimaiyyəti ilə və deputatlarla birgə
məsələlər müzakirə edilmişdir. Şəkinin inkişafı ilə bağlı əsas
istiqamətlər müəyyən edilmişdir. Rayonun yeni rəhbərliyinə ciddi
tapşırıq verilmişdir ki, həm infrastruktur layihələrinin
icrası, həm xüsusilə Şəkinin tarixi
simasının bərpası ilə bağlı konkret tədbirlər
görülsün. Qısa müddət ərzində
böyük layihələrin master-planı
hazırlanmışdır və mənə təqdim
edilmişdir. İndi o planın icrası
başlanmışdır.
Biz ilk növbədə, rayon sakinlərini narahat edən
bütün problemləri qısa müddət ərzində həll
etməliyik. 2013-cü ilin sonuna qədər qazlaşdırma,
elektrik enerjisi, içməli su, kanalizasiya, yollar -
bütün bu məsələlər öz həllini yüksək
səviyyədə tapacaq. İçməli
su layihəsi əhalinin artımı nəzərə
alınmaqla 2035-ci ilə qədər hesablanıb. Ona görə bu məsələ ilə
bağlı heç bir problem olmayacaqdır.
Tarixi binaların bərpası və qorunması
üçün vəsait ayrılmışdır. Bu da Şəki
üçün çox vacib istiqamətdir. Çünki burada kifayət qədər tarixi abidələr
vardır. Şəkini müasir beynəlxalq
turizm mərkəzinə çevirmək üçün
konkret tapşırıqlar verilmişdir. Onsuz
da turistlər həm ölkə daxilindən, həm xaricdən
gəlirlər və gələcəklər bu tarixi, bu
gözəlliyi görmək üçün. Ancaq biz daha da yaxşı şərait yaratmalıyıq.
Müasir otellər, turizm kompleksləri, əyləncə
yerləri, istirahət parkları, bütün bunlar da
yaradılmalıdır. Bu gün vaxtilə
tikilmiş və indi yenidən qurulmuş Olimpiya İdman
Kompleksinin açılışını qeyd etmişik.
Bu da bir növ turizm mərkəzidir.
Bu gün yeni mehmanxananın açılışı
da nəzərdə tutulur. Qədim Karvansara bərpa
edilir. Yeni planlar vardır. Yəni, mən istəyirəm və əminəm
ki, siz də bu təşəbbüsləri ürəkdən
dəstəkləyirsiniz, Şəki daha da gözəl olsun,
daha da cazibədar olsun, daha da gənc olsun. Amma öz tarixi simasını saxlamaqla. Bu işlərdə əlbəttə ki, ictimaiyyətin
də çox böyük rolu var və olmalıdır.
Bütün bu məsələlər ictimaiyyətlə
razılaşdırılmalıdır. Yerli
icra orqanlarına göstəriş verilmişdir ki, bu məsələdə
geniş ictimai müzakirələr aparılsın. Çünki biz istəyirik ki, görüləcək
işlər həm zövqlə, həm keyfiyyətlə, həm
də ki, tarixi həqiqətləri nəzərə almaq
şərtilə icra edilsin.
Bu gün Şəkinin gələcək inkişafı
ilə bağlı konkret proqramlarımız vardır. Bu proqramlar əvvəlki
dövrdə də olmuşdur. Regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramının
icrası nəticəsində böyük işlər
görülmüşdür. Növbəti
mərhələ daha da ciddi, təsirli olmalıdır. Nəticələr də daha da gözəl
olmalıdır.
Mən bir daha sizi bu gözəl hadisə münasibətilə
təbrik edirəm. Bütün həkimləri təbrik edirəm.
Həkimlər üçün gözəl
şərait yaradılmışdır. O şərait
ki, dünyanın inkişaf etmiş ölkələrinin
aparıcı paytaxtlarında da bu şərait, bəlkə də
bundan bir qədər aşağı səviyyədə var.
Amma bu şərait elədir ki, biz indi bu sahədə Azərbaycan
standartlarını tətbiq edirik. Həm
memarlıq, həm şərait, həm avadanlıq. Bircə qalır ki, biz tibbi xidməti də dünya
standartları səviyyəsinə qaldıraq. Mən əminəm ki, biz bu günü də
görəcəyik. Əminəm ki, həkimlər
burada yaxşı işləyəcəklər, xəstələrə
yaxşı xidmət göstərəcəklər. Sizi bir daha təbrik edirəm.
* * *
Şəki
ictimaiyyətinin və xəstəxananın kollektivi
adından çıxış edən həkim İmran ƏLİYEV dövlət
başçısına minnətdarlığını bildirərək
dedi:
- Möhtərəm
cənab Prezident, icazə verin rayonumuzun sakinləri adından
Sizi salamlayım və qədim Şəki torpağına
"Xoş gəlmisiniz!" deyim. Mən rayonumuzun ictimaiyyəti
adından bir daha təşəkkürümü bildirmək
istəyirəm ki, təməlini iki il
bundan əvvəl özünüzün iştirakınız
ilə qoyduğunuz bu möhtəşəm xəstəxana
kompleksinin açılışını da məhz bu gün
Siz özünüz edirsiniz və bunun qapılarını
bizim üçün açdınız. Bu
gözəl gün, eyni zamanda, bizim Milli Dirçəliş
Günümüzə təsadüf edir.
Cənab
Prezident, bizim mərkəzi xəstəxana köhnə,
darısqal, uyğunlaşdırılmış bir binada yerləşirdi.
Orada xəstələrin müalicəsi,
müayinəsi üçün, demək olar ki, şəraitimiz
çox zəif idi. Bu gün bu gözəl
binanı, gözəl şəraiti olan binanı Siz bizə hədiyyə
etmisiniz. Bura
ən müasir avadanlıqla təchiz olunmuş bir xəstəxanadır.
Eyni zamanda, bu xəstəxana xarici ölkələrdə
hazırlıq kurslarını keçmiş tibb
işçiləri ilə təmin edilmişdir. Burada səkkiz hemodializ korpusu vardır. Yaxın zamanlara qədər xəstələrimiz və
onların yaxınları hemodializ əməliyyatı
üçün ya Bakıya gedirdilər və yaxud da ki,
yaxın rayonlarda Sizin tapşırığınıza əsasən
tikilmiş gözəl müalicə diaqnostika mərkəzlərinə
getməli olurdular. Artıq xəstələrimiz
üçün burada bütün şərait vardır.
Cənab
Prezident, Siz həmişə deyirsiniz ki, insanların həyatı,
onların sağlamlığı bizim üçün hər
şeydən qiymətlidir, hər şeydən əzizdir. Bu Sizin apardığınız siyasətdə
özünü bir daha büruzə verir. Son zamanlarda
Sizin fövqəladə dərəcədə məşğul
olmağınıza, işlərinizin həddən çox
olmasına baxmayaraq, qısa bir müddət ərzində əvvəl
Ağdaşda mərkəzi rayon xəstəxanası, sonra
Bakıda Respublika Klinik Uşaq Xəstəxanası, bu gün
isə bizim xəstəxananın
açılışını edirsiniz. Bu
gözəl binanı bizə hədiyyə etmisiniz. Bu dövlət başçısının
insanların sağlamlığına, vətəndaşlarımıza
diqqət və qayğısının, sonsuz məhəbbətinin
ifadəsidir.
Siz insanların sağlamlığını şərtləndirən
digər sahələrin də inkişafına xüsusi diqqət
yetirirsiniz. Yəni
ekoloji şəraitin yaxşılaşdırılması,
eyni zamanda, ölkənin hər yerində içməli su təminatını
yaxşılaşdırmaq üçün layihələr
icra olunur. İdmanın, təhsilin inkişafı
üçün mühüm işlər
görürsünüz. Bu işlərdə
əlbəttə ki, Sizin ən yaxın köməkçiniz,
Sizinlə çiyin-çiyinə çalışan Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
xüsusi xidmətləri vardır. Biz ona
da təşəkkürümüzü bildiririk.
Şəki çiçəklənən, inkişaf edən
Azərbaycanın bir parçasıdır. Şəki
füsunkar təbiəti və tarixi abidələri, eləcə
də nikbin, qonaqpərvər insanları ilə həmişə
buraya gələn qonaqları heyran edir. Son
illərdə Şəkidə Olimpiya İdman Kompleksi, səhiyyə-sağlamlıq
ocaqları, təhsil, mədəniyyət müəssisələri
açılmış, yeni su-kanalizasiya sisteminin layihəsinin
birinci hissəsinin icrası artıq başa
çatdırılmışdır. Eyni
zamanda, bizim magistral Şəki-Qax yolunda böyük tikinti
işləri aparılmışdır. Bunun
üçün biz Sizə bir daha təşəkkürümüzü
bildiririk.
Cənab
Prezident, Şəkinin tarixi-mədəni irsinin bərpası,
mühafizəsi, eləcə də şəhərimizin milli
memarlıq ənənələrinə uyğun olaraq
inkişaf etdirilməsi sahəsində Sizin
bu yaxınlarda imzaladığınız sərəncamın
çox böyük tarixi əhəmiyyəti vardır. Bunun üçün mən də əhalimizin,
bütün insanlarımızın, eləcə də tibb
işçilərinin hamısının Sizə böyük
təşəkkürünü, minnətdarlığını
çatdırıram.
Tarixi şəhərlərimizin, o cümlədən
Şəkinin daha yüksək səviyyədə inkişaf
etdirilməsi üçün qəbul etdiyiniz qərar bu
diyara, onun keçmişinə, gələcəyinə diqqətin,
qayğının ən yüksək, ən parlaq nümunəsidir.
Möhtərəm cənab Prezident, biz Sizə və
Mehriban xanıma uzun ömür, cansağlığı arzu
edirik. Azərbaycanın çiçəklənməsi
naminə yorulmaz fəaliyyətinizdə
Sizə daha yeni uğurlar, daha yeni zirvələr arzu edirik.
Allah sizi qorusun!
* * *
Prezident
İlham ƏLİYEV: İnsanların
sağlamlığı bizim üçün prioritet məsələdir.
Siz qeyd etdiniz və bu, doğrudan da həqiqətdir
ki, biz gərək bütün amilləri nəzərə
alaq. Təkcə gözəl xəstəxananın
tikilməsi ilə işimiz bitmir. Ekologiya
- Allaha şükür ki, burada ekoloji vəziyyət çox
yaxşıdır, təmiz hava, indi su layihəsi icra ediləcəkdir.
Həkimlər hamıdan yaxşı bilir ki,
insanın sağlamlığı üçün içməli
su, təmiz qida birinci yerdədir. Yəni,
bu məsələlərə də nəzarət gücləndirilir.
Tibbi xidmət, profilaktika, diaqnostika - mən demək
olar, hər bir yeni xəstəxananın
açılışında xüsusilə qeyd edirəm, təkrar
edirəm, bəlkə də bunu yüz dəfə də təkrar
etmək lazımdır ki, hər bir vətəndaş ildə
bir dəfə müayinədən keçməlidir. İndi belə şərait hər bir yerdə
vardır. Siz qeyd etdiniz, dializ aparatları,
indi soruşdum, nazir mənə deyir ki, dializə ehtiyacı
olan 34 xəstə vardır. İndi siz
deyirsiniz əvvəllər gedirdilər başqa yerlərə,
o yerlərə ki, biz bu yaxınlarda tikdirmişik. Əvvəlki dövrdə, ümumiyyətlə, belə
xəstələr əfsuslar olsun ki, həyatdan gedirdilər,
yaşamırdılar. Bakıda bəlkə
də cəmi bir, ya iki dializ aparatı var idi ki, orada növbə
çatmırdı. İndi biz,
bütün bölgələrdə, ilk növbədə,
diaqnostika mərkəzlərində dializ mərkəzləri
yaratdıq və bunun coğrafiyasını elə qurduq ki, gəlib-getmək
üçün məsafə məqbul olsun. Hər bir rayonda yeni xəstəxanalar tikilərkən
dializ məsələləri nəzərə alınır və
indi 28 dializ mərkəzi vardır. Mən
buraya gələrkən fikirləşirəm ki, 2008-ci ildə
təməli qoyulanda deyirdim bura böyük xəstəxana
olacaq, ətraf rayonlardan da gələcəklər. İndi ətraf rayonlarda da yeni xəstəxanalar
açılır. Balakəndə
böyük xəstəxana, Zaqatalada, Qəbələdə
böyük diaqnostika-müalicə mərkəzləri,
Oğuzda rayon xəstəxanası tikilmişdir, Qaxda rayon xəstəxanası
təmir edilmişdir. İndi Şəkidə
xəstəxana açılır. Yəqin
ki, bu imkandan daha çox Şəki sakinləri istifadə edəcəklər.
Belə də olmalıdır.
Biz bütün işləri planlı şəkildə
həyata keçiririk. Birinci mərhələdə hər bir
bölgədə müasir tibb mərkəzi yaradılmalı
idi. Sonrakı mərhələdə hər
bir rayon mərkəzində və ondan sonrakı mərhələdə,
indi nazir də eşidir, həm iri xəstəxanalar, həm
ambulatoriyalar, kəndlərdə tibb məntəqələri
- bütün bunları etməliyik. Eyni
zamanda, bu da birbaşa bu məsələyə aiddir - kənd
yollarının tikintisi. Çünki kənd
yolu yaxşı olsa, onda bəlkə o kənddə heç
tibb məntəqəsinə ehtiyac da qalmayacaqdır, rahat gələ
bilərlər rayon mərkəzinə. Ona görə kənd
yollarının tikintisi ilə bağlı bu il
çox ciddi proqram icra edilməyə
başlanmışdır. Növbəti illərdə
daha da çox vəsait ayrılacaq, o cümlədən Şəki
rayonunun kənd yollarına vəsait ayrılacaqdır. Biz elə etməliyik ki, Azərbaycanda hər bir sahədə
ən yüksək standartlar olsun. Buna nail
olacağıq. Bir daha Sizi təbrik edirəm.
* * *
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 5.