Bakıda «Baku» jurnalının ingilis dilində ilk nəşrinin təqdimatı keçirilmişdir

 

 Noyabrın 17-də Müasir İncəsənət Muzeyində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın redaktoru olduğu "Baku" jurnalının ingilis dilində ilk nəşrinin təqdimat mərasimi keçirilmişdir. Mərasimdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, tanınmış mədəniyyət xadimləri, xarici ölkələrin səfirləri iştirak etmişlər. Tədbiri giriş sözü ilə açan "Baku" jurnalının baş redaktoru Leyla Əliyeva demişdir: "Baku" artıq 4 ildir rus dilində nəşr olunur. Jurnalın rus dilində hazırlanmış ilk sayı 2007-ci ilin dekabrında Moskvada təqdim olunmuşdur. Bu qısa müddət ərzində "Baku" jurnalı böyük nüfuz qazanmış və geniş maraq oyatmışdır. Jurnalda Azərbaycanın tarixi, mədəniyyəti, dünəni və bu günü haqqında maraqlı materiallar təqdim olunur".  Baş redaktor qeyd etmişdir ki, jurnalın ingilis dilində nəşrinin məqsədi Azərbaycanı dünyaya daha geniş coğrafiyada tanıtmaqdır.

Leyla Əliyeva jurnalın ingilis dilində nəşrinin hazırlanmasında iştirak edən redaksiya heyətinə minnətdarlığını bildirmişdir. Jurnalın çap olunduğu Böyük Britaniyanın "Conde Nast" nəşriyyatının məsul redaktoru Darius Sanai demişdir ki, ingilis dilində çıxan nəşr Azərbaycanı maddi və mənəvi sərvətləri ilə dünyaya tanıdır. O, jurnalın hazırlanmasında Leyla Əliyevanın dəyərli, innovativ ideyalarla çıxış etdiyini vurğulamışdır. D.Sanai qeyd etmişdir ki, ingilis dilində çıxan nömrədə Azərbaycanın zəngin incəsənəti, mədəniyyəti haqqında maraqlı materiallar verilmişdir. Sonra qonaqlar Azərbaycan haqqında Heydər Əliyev Fondu tərəfindən hazırlanmış videoçarxa baxmışlar. Təqdimat mərasimində "Baku" jurnalının ingilis dilində nömrəsində yer alan fotoşəkillərdən ibarət sərgi təşkil edilmişdir. Jurnalın Paris, Roma, Berlin və Nyu-Yorkda da təqdimatının keçirilməsi planlaşdırılır. Bundan əvvəl jurnalın London və Moskva şəhərlərində təqdimatı keçirilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S.  7.