Dünya geosiyasəti: Azərbaycandan
baxış
Geosiyasəti dövlətin "coğrafi zəkası" adlandırırlar. Müxtəlif dövlətlərin və dövlətlərarası birliklərin nüfuz dairələrinin bölünməsi və yenidən bölünməsi qanunauyğunluqlarını öyrənən bu fənlərarası bilik sahəsi XXI əsrdə xüsusi diqqət obyektinə çevrilmişdir. Bu da təsadüfi deyildir: axı, bizim gözlərimiz önündə baş verən qızğın proseslər dünya nizamında ciddi dəyişikliklərlə müşayiət olunur, bəzi dövlətlər öz əvvəlki qüdrətini itirir, yeni güc mərkəzləri yaranır, onların təsiri çox böyük məkanlara yayılır, "rəngli inqilablar", "ərəb baharı", çoxsaylı lokal münaqişələr dünyanın geosiyasi xəritəsinin dəyişməsinə gətirib çıxarır.
Bu mənada "Azərbaycan" nəşriyyatında "Geosiyasətə giriş" adlı ikicildliyin çapdan çıxması mühüm hadisədir. Əsərin müəllifi Azərbaycan Prezidenti Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri, professor Novruz Məmmədovdur. Bu kitab Azərbaycan dilində geosiyasətin bir bilik sahəsi kimi, habelə onun tədqiqat obyektinin - dünyanın geosiyasi strukturunun hərtərəfli öyrənilməsinə həsr edilmiş ilk nəşrlərdən biridir.
Müəllif öz əsərini xalqımızın dahi oğlu, müasir Azərbaycan dövlətinin banisi, böyük siyasi və dahi dövlət xadimi Heydər Əliyevin nurlu xatirəsinə həsr etmişdir. Bizim regionda yeni geosiyasi vəziyyətin yaranmasında, Azərbaycanın bütün Qafqazda güc mərkəzinə çevrilməsində xalqımızın ümummilli liderinin oynadığı böyük rolu, keçən əsrin axırları - bu əsrin əvvəlində dünyada baş verən proseslərə onun təsirini nəzərə alsaq, bu, tamamilə təbiidir.
Professor N.Məmmədov ikicildliyə müəllif müqəddiməsində yazır: "Cəmiyyətdə inqilabi dəyişikliklər və dünyanın geosiyasi strukturunun radikal transformasiyası geosiyasətin "yenidən kəşf olunması"nı tələb edir". Onun sözlərinə görə, geosiyasət müasir beynəlxalq münasibətlərdə mühüm yer tutur. Müəllif yazır: "Geosiyasi proqnozlar olmasa, ölkənin gələcəyini təsəvvür etmək mümkün deyil. Açıq və qapalı cəmiyyətlər və iqtisadiyyatlarla səciyyəvi olan çoxqütblü dünyada dövlət xadimi geosiyasi təfəkkürə malik olmalıdır. Lakin geosiyasətin təkcə siyasətçilər üçün vacib olmasını vurğulamaq kifayət deyil, çünki o, həmçinin ümumtəhsil mədəniyyətinin tərkib hissəsinə çevrilməkdədir. Geosiyasət haqqında təsəvvürlər cəmiyyətdə fəal mövqe tutmağa çalışan hər bir insan üçün faydalıdır". Nəşrin məqsədi də buradan irəli gəlir. N.Məmmədovun sözlərinə görə, məqsəd geosiyasi informasiya, ziddiyyətli qloballaşma və regionallaşma prosesləri şəraitində səmərəli siyasət yeritməyə kömək edən analitik təfəkkür formalaşdırmaqdır. İkicildliyin əsas vəzifəsi isə "dövlətin beynəlxalq səhnədə davranışını müəyyən edən bazis amillərinin toplusunun genişləndirilməsi hesabına geosiyasətin coğrafi və iqtisadi detertinizmin ənənəvi məhdudluğunu aradan qaldırmaqdan" ibarətdir.
Oxucu bu kitabda geosiyasət elminin dramatik taleyi ilə tanış olacaq, biləcəkdir ki, XX əsrdə bir sıra ölkələrdə ona mənfi münasibət göstərilməsinə baxmayaraq, bizim zəmanədə dirçələ bilmişdir. "Geosiyasətin nəzəri əsasları" adlanan birinci cilddə geosiyasətin bir elm sahəsi kimi yaranmasının, onun əsas anlayışlarının formalaşmasının və inkişafının tarixi izlənilir. Burada geosiyasətin nəzəri qaynaqları, qanunauyğunluqları, kateqoriyaları, metodoloji paradiqmaları, tədqiqat metodları, funksiyaları və aktorları nəzərdən keçirilir. Bu cildin ayrıca bir fəsli geosiyasət elminin banilərinə, o cümlədən "geosiyasət" terminini elmi dövriyyəyə daxil etmiş isveçli politoloq və dövlətşünas Rudolf Çellen, hələ 1987-ci ildə "siyasi coğrafiya" adlı kitab nəşr etdirmiş alman coğrafiyaşünası Fridrix Ratsel, britaniyalı coğrafiyaşünas Helford Makinder, habelə Karl Hausxofer, Karl Şmitt, Nikolas Spaykmen və başqalarına həsr edilmişdir.
Birinci cilddə müasir geosiyasi nəzəriyyə və məktəblər, o cümlədən müasir atlantizm, mondializm, yeni avrasiyaçılıq ətraflı təhlil edilir, postmodernizm dövrünün geosiyasi təlimlərindən bəhs olunur.
İkinci cild müasir geosiyasi proseslərə həsr edilmişdir. Burada ABŞ, Avropa, Rusiya, Çin, Hindistan, Yaponiya və müsəlman dövlətlərinin
geosiyasətinə xüsusi
diqqət yetirilir.
Kitabda müasir dünya nizamı, beynəlxalq aləmdə baş verən əsas geosiyasi hadisələr təhlil edilir, planetin geosiyasi xarakteristikası verilir, geosiyasi güc mərkəzləri
və onların arasında münasibətlər,
qloballaşmaqda olan dünyada geosiyasi məsələlərə yeni
baxışlar, dövlətlərin
öz milli mənafeləri uğrunda
mübarizəsi, inkişafın
indiki mərhələsində
beynəlxalq təşkilatların
və maliyyə təsisatlarının artan
rolu, mövcud təhlükələr və
bəşəriyyətə təhdidlər, iqtisadi, siyasi və enerji təhlükəsizliyi
məsələləri ətraflı
nəzərdən keçirilir.
Müasir regional geosiyasi kontekstdə təqdim edilmiş Azərbaycana həsr olunmuş fəsil xüsusi maraq doğurur. Burada ölkəmizin müstəqillik
illərində keçdiyi
yol sistemli şəkildə təhlil
edilir, XX əsrin sonu - XXI əsrin əvvəlində dünyada
baş verən geosiyasi dəyişikliklər
şəraitində Azərbaycan
dövlətçiliyinin təşəkkülü
və inkişafının
əsas meyilləri göstərilir, müəllifin
yazdığı kimi,
"ilk növbədə ölkənin
milli maraqlarının
formalaşması və
təmin edilməsi ilə əlaqədar olan" əsas inkişaf prioritetlərindən
bəhs edilir.
Şübhə yoxdur ki, kitabın
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
geosiyasi aspektlərinə
həsr edilmiş bölməsi də oxucular üçün maraqlı olacaqdır. Bu bölmədə
Azərbaycanın təhlükəsizliyinə
ən böyük təhdid mənbəyi olan bu münaqişənin
tarixi, onun tənzimlənməsi prosesi
barədə ətraflı
söhbət açılır,
Azərbaycanın iqtisadi
və hərbi qüdrətinin artması,
bütün sahələrdə
güclənməsi və
Ermənistan rəhbərliyinin
həyata keçirdiyi
siyasətin girovuna çevrilən bu ölkənin getdikcə zəifləməsi ilə
səciyyəvi olan yeni geosiyasi şərait təhlil edilir.
Kitabda mövzular
üzrə xəritələr
yerləşdirilmişdir. "Geosiyasətə giriş"
ikicildliyinə terminlər
lüğəti, adlar
göstəricisi, Azərbaycan,
türk, ingilis, fransız, alman və rus dillərində
istifadə edilmiş və tövsiyə olunan ədəbiyyat siyahısı da daxildir.
Tarix elmləri doktoru, professor, ikicildliyin elmi redaktoru Pərvin Darabadinin kitaba yazdığı ön sözdə deyilir: "Novruz Məmmədovun
fundamental tədqiqatı, bütövlükdə
Azərbaycan siyasətşünaslıq
elminə böyük
töhfədir və sözsüz ki, beynəlxalq siyasət mütəxəssislərinin, həmçinin
oxucu kütləsinin marağına səbəb
olacaqdır".
Məşhur amerikalı siyasətçi
və politoloq Zbiqnev Bjezinski yazırdı ki, geosiyasət "dünya şahmat taxtası üzərində mövqe
oyunu" nəzəriyyəsidir. Fikrimizcə, Novruz Məmmədovun əsəri bu "mövqe oyunu"nun sirlərinə yiyələnmək
istəyənlər üçün
yaxşı mənbə
olacaqdır.
AzərTAc
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 7.