Əsl ziyalı xalqına, dövlətinə təmənnasız xidmət etməlidir

 

 Ziyalı xalqının, vətəninin təəssübünü çəkəndə, özünün yox, ölkəsinin milli maraqlarına xidmət göstərəndə daha hörmətli, sevilən və unudulmaz olur. Bu qəbildən olan ziyalılar xalqın iftixarqürur mənbəyidir. Tarixi araşdırmalardan məlumdur ki, XIV əsrin ortalarında fateh kimi tanınan Əmir Teymur (Teymurləng) işğal etdiyi ölkənin ziyalılarına dəymirdi, alimlərini, yazıçılarını, şairlərini, memarlarını, münəccimlərini, xəttatlarını, yüksək səviyyəli müxtəlif peşə və sənət adamlarını yığıb Səmərqəndə gətizdirər, yeri gələndə onlarla görüşər, fikir mübadiləsi aparardı...

Əsrlərdən bəri hər bir dövlətin, hər bir dövrün ziyalıya, onların sözünə və mövqeyinə böyük ehtiyacı olub, indi də belədir. Azərbaycan millətinin mentalitetində böyüyə, ağsaqqala, müəllimə, ziyalıya xüsusi münasibət, özəl ehtiram var. Azərbaycan ziyalılığının beşiyi başında Nizami, Füzuli, Mirzə Fətəli Axundzadə kimi dahilər, böyük əqidə və elm adamları durmuşlar. Nizaminin bütün yaradıcılığı kamil insan axtarışından ibarət olmuşdur. Məhəmməd Füzuli yalnız poeziyasının yüksəkliyi və ülviyyəti ilə deyil, həm də öz şəxsiyyəti ilə misilsiz bir örnək idi. Mirzə Fətəli Axundzadə şəxsiyyətinin mükəmməl və daim aktual olan dərsləri müasir dövr ziyalıları üçün dəyərli istinad mənbəyidir. Bu məğrur və dönməz insanin milli maraqların qorunması istiqamətindəki çətin və kəşməkəşli fəaliyyəti, maarifçiliyə əvəzsiz töhfəsi bu gün də qəlblərdə onun şanlı abidəsini ucaldır.

Belə misallar - xalqımızın tarixində və taleyində müstəsna xidmətlər göstərmiş, şərəfli izlər qoymuş ziyalıların layiqli fəaliyyəti barədə istənilən qədər faktlar söyləmək olar. Fəqət, ən mühüm məqam odur ki, bu şəxsiyyətlərin əsas məramı alqış, tərif, təltif umacağı, maddi mənafe deyildi. Onlar həyatlarının mənasını insanlara, xalqa xidmətin feyzində tapırdılar. Millətlərinin, mənsub olduqları cəmiyyətin mənəvi yüksəlişi naminə əzmlə çalışırdılar. Hər biri öz sahəsində qazandığı uğurları milli nailiyyətlər kimi bəşəriyyətə ərməğan edirdi. Onlar milli ziyalılığın meyarları, kamil örnəkləri idilər və bu günbiz ziyalı fəaliyyətinin təsnifatını verərkən məhz şanlı sələflərimizin xidmət örnəyini əsas götürməliyik.

Ulu öndər Heydər Əliyev də daim cəmiyyətdə ziyalı missiyasına böyük önəm verib, ziyalıları, xalqını və dövlətini sevənləri həmişə yüksək qiymətləndirərək onların fədakar əməyini dəyərləndirib. Yeri gələndə onlarla məsləhətləşmələr aparıb, təkliflərini dəstəkləyib, onlara inanıb və arxalanıb. Azərbaycan müstəqillik qazandıqdan sonra məhz Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində ötən əsrin əvvəllərində repressiyaya məruz qalmış, mühacir həyatı yaşamış neçə-neçə şəxsiyyətlər, alimlər, dövlət xadimləri, şair və yazıçılar, incəsənət adamları, ordu sərkərdələri, adı və xidmətləri unudulmaqda olan dəyərli ziyalılarımız yenidən xalqın mənəvi yaddaşına qaytarıldı. Bütün Azərbaycan bilir ki, bu əlçatmaz həqiqətlərin reallaşması məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan varlığını bütün dünyada təsbit etmək məramından irəli gəlirdi. Bu, həm də dünyanın ən böyük Azərbaycanlısı olan Heydər Əliyevin görkəmli dövlət xadimi olmaqla yanaşı, eyni zamanda, əsl ziyalılığından xəbər verirdi.

Azərbaycanın bir dövlət kimi tarix səhnəsindən silinmək ərəfəsində olanda böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə gələrək qurtuluş missiyasına başladı. Bu missiyanın əyani təzahürü əgər Azərbaycanın onilliklərlə davam edəcək sosial-iqtisadi, hüquqi-demokratik yüksəlişidirsə, digər göstəricisi də sırf mənəvi istiqamətdə təşəkkül tapan intibahdır. Ulu öndər Heydər Əliyevin azərbaycançılığı milli ideologiya kimi formalaşdırması, qloballaşma prosesində milli-mənəvi dəyərlərin toxunulmazlığını ali prinsip kimi elan etməsi, ziyalılara ictimai nüfuzlarını qaytarmağa şərait yaratması, xaricdə yaşayan azərbaycanlıları diaspor hərəkatında birləşdirməsi, adi təsərrüfat adamından tutmuş on minlərlə müəllimə, həkimə, mühəndisə, şairə, yazıçıya, jurnalistə, mədəniyyət və incəsənət xadiminə qayğı göstərməsi, onların sağlam mövqelərini müdafiə etməsi və dövlət mükafatlarına, fəxri adlara layiq görməsi... ümummilli liderimizin ali ziyalılığının bariz nümunəsi idi. Ulu öndərin ziyalılığa və dövlətçiliyə xidmət ənənəsi bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir.   

Azərbaycanın bütün dünyanı heyrətə gətirən iqtisadi-sosial sahədə ugurları, bütün sferaları əhatə edən inkişafı, paytaxtımızla yanaşı, bölgələrimizin, kəndlərimizin belə beynəlxalq standartlara uyğun şəkildə müasirləşməsi və abadlaşması günümüzün qürurverici gerçəkliyidir. Müstəqilliyin 20 ili ərzində ölkəmiz dünyamiqyaslı layihələr həyata keçirmiş, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi strateji kəmərlər çəkilib istifadəyə verilmiş, İpək yolunun bir qolu olan Bakı-Tbilisi-Qars dəmiryolunun tikintisi başa çatdırılmış və digər nəhəng işlərin müəllifi olmuşdur. Bu gün ölkəmiz Cənubi Qafqazın ən qüdrətli dövləti və söz sahibi, həmçinin Avropa məkanının əsas enerji təminatçılarındandır.

Son illər Azərbaycanın müxtəlif beynəlxalq tədbirlərə də ev sahibliyi etməsi adi hala çevrilib. Bu mənada, gələn il dünyanın ən mötəbər musiqi festivallarından birinin respublikamızda təşkil olunması buna ən yaxşı sübutdur. Tədbirin xalqımızın və dövlətimizin daha yaxından tanınması istiqamətində böyük bir addım olacağı şübhəsizdir. Azərbaycan eyni zamanda yaxın illərdə Olimpiya oyunlarına da ev sahibliyi etmək iddiasındadır. Hamıya yaxşı məlumdur ki, belə bir təklifin reallaşması üçün Azərbaycandakı qurğuların beynəlxalq standartlara cavab verməsi tələb edilir. Bu öhdəlik də artıq tam təmin olunub.

Ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasına üzv seçilməsi isə harada yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının qəlbini qürur hissi ilə doldurur. Dünyanın hər yerindən gələn rəylər, xoş sözlər bunu söyləməyə əsas verir. Çünki ölkəmizin Dağlıq Qarabağ kimi köklü bir probleminin həlli istiqamətində belə mötəbər bir təşkilata üzvlüyün kömək olacağını hamı yaxşı başa düşür. Azərbaycanın artan gücünə və nüfuzuna yalnız düşmənlər sevinməyə bilər. 

Azərbaycanda indi Vətəninin və xalqının problemləri, qayğısı və istəkləri uğrunda mübarizə aparmaq naminə səfərbər olan on minlərlə ziyalı var. Onlar respublikamızın mövcud durumunu obyektiv dəyərləndirir, ictimai-siyasi proseslərə qərəzsiz rəy bildirir, hər hansı bir çatışmazlıq, yaxud da nöqsan barədə şəxsi mülahizələrini söyləyirlər. Sevindirici haldır ki, onların fikirləri, sözləri cəmiyyətimizdə dinlənilir, iqtidar isə fəaliyyətində daim ziyalı mövqeyini əsas götürür.

Təəssüf ki, son günlər məlum mətbuat səhifələrində ziyalılar ətrafında çirkin manipulyasiyalar aparılır, onların adı ilə süni ajiotajın yaradılmasına cəhd edilir. Bir qrup insan "ziyalı" adı ətrafında siyasi spekulyasiyalar aparır, Azərbaycanın çoxminli ziyalılarının "sözçüsü" kimi çıxış etməyə səy göstərirlər. Qərəzli bəyanatlar səsləndirir, radikal müxalifətin təsiri altında, əslində, siyasi komfrantasiya yaratmağa çalışırlar. Bu kimi meyillər xalqının və dövlətinin maraqlarını bütün mənafelərdən üstün tutan ziyalıların haqlı narazılığı ilə qarşılanıb.

Heç kim ziyalı sözünü siyasi təsir vasitəsinə çevirə bilməz. Əsl ziyalı siyasi proseslərin fövqündə dayanmağı bacarmalıdır. Təəssüf ki, bu gün ölkəmizdə hətta erməni lobbisinin, antiazərbaycançı şəbəkənin də maraqlarının buyruqçusu olan  qüvvələr mövcuddur. Onlar öz təsirləri altına beş-altı diplomlu adamı da salaraq ictimaiyyətdə guya ki, "ziyalılar ölkədəki vəziyyətdən narazıdırlar" - yanlış təəssüratı yaratmağa çalışırlar. Amma bütün bu cəhdlər faydasızdır. Ziyalılar Azərbaycanın mövcud durumunu qənaətbəxş sayırlar, milli maraqlar ətrafında qüvvələrini sıx səfərbər ediblər, ölkəmizin hərtərəfli yüksəlişini təmin edən islahatlar kursunu birmənalı dəstəkləyirlər.

Əsassız tələblərdən biriprofessor Rafiq Əliyevin ADNA-nın kafedra müdirliyindən uzaqlaşdırılması barədə səslənən iddialardır. Onlara məgər aydın deyilmi ki, professor işdən çıxarılmayıb, sadəcə olaraq, kafedra müdirliyindən azad olunmaqla, çalışdığı ali məktəbdə müəllim və professor olaraq qalır, hətta mühüm bir proqram-layihədə rəhbərliyini davam etdirir. ADNA-da bu vəzifələrdə qalmaqla onun kafedra müdirliyindən azad olunmasını faciəyə çevirmək, xüsusilə özünü ziyalı adlandıran kəslər tərəfindən, tam mənasız və gülünc görünür. Hamı yaxşı bilir ki, bu vəzifədə çalışan insan kafedranın işini çox yüksək səviyyədə nizamlamalı, elmi-pedaqoji fəaliyyətini təmin etməlidir. Əks halda, kafedranın işi iflic vəziyyətinə düşə bilər.

Bu gün ölkədə təhsil sistemində aparılan köklü islahatlar, tədricən Bolonya sisteminə keçirilməsi də ali məktəblərdə tədris işinin yenidən qurulmasını, pedaqoji kadrlarda yüksək bilik və bacarıqla yanaşı, xüsusi nizam-intizamı da tələb edir. Belə prosesdə istisnalar olmur. Son müddətdə ali məktəblərdə kafedra müdirləri ilə bağlı bu istiqamətdə konkret addımlar atılmış, müəyyən yeniləşmə prosesi aparılmışdır. Bunlar isə artıq öz müsbət nəticələrini verməkdədir. Məlum məsələyə siyasi don geyindirmək niyyəti, sadəcə, "stəkanda fırtına yaratmağa" uğursuz cəhddən başqa bir şey deyil.

Ziyalılıq anlayışı xalqaüçün yaxındır? Çünki ziyalı xalqın ana dilində danışan səmimi həmdəmidir, qələmini, təfəkkürünü milli mənafelərə yönəldən şəxsdir, ən yüksək milli və bəşəri dəyərlərə sahib olan, dünyamızın sədaqət, həqiqət, mərifət xəzinəsinin açarlarını əlində saxlayan yaradıcı insandır. Xalq həmişə özünün belə müdrik övladlarının tutduğu mövqeyə, dediyi sözə boylanıb və həqiqəti onların fikirlərində axtarıb. Lakin öz həqiqi simasını ustalıqla gizlədən, mənəvi çəkisini cılızlaşdıran, doğma xalqına münasibətinin səmimiyyətini yox edən "ziyalılar" yanlış mövqeləri ilə yalnız öz miskinliklərini göstərmirlər, həm də əqidələri yenicə formalaşmağa başlayan gənclərdə təbəddülatlar yaradır, onlarda ali dəyərlərə inamı sarsıdırlar. Bu isə təhlükəli bir haldır. Çünki bununla bütöv bir xalqın və cəmiyyətin yüksək mənəvi prinsipləri gözdən düşə bilər. Ətrafda inamsızlıq, total şübhəçilik, ifrat laqeydlik ovqatları yayılmağa başlar. Ziyalı xalqın inamından aldığı etimadı öz obyektiv fəaliyyəti, təmənnasız xidməti ilə doğrultmalıdır. Ona görə, mənə belə gəlir ki, bir qrup adamın ziyalılar adına sahib çıxaraq yaratdıqları təşkilat həqiqətən də ziyalılıq missiyası yürütmək istəyirsə, onda bütün bu həqiqətləri nəzərə alıb şəxsi ambisiyalarından əl çəkməli, ilk növbədə, öz xalqının və dövlətinnin milli maraqlarına xidmət etməli, qarşıda duran yaradıcılıq və quruculuq işlərinə bir ziyalı kimi töhfələrini verməlidirlər.

Bu gün "inqilabdan" danışılır və bu avantüranın gerçəkləşməsi üçün ziyalıların fəal olması barədə əsassız iddialar səsləndirilir. Ölkəmizdə heç bir inqilaba ehtiyac yoxdur! Çünki ərəb ölkələrinin keçdiyi yolu Azərbaycan 1993-cü ildə tamamlayıb. Məhz həmin ildə Azərbaycan xalqı ziyalıların öndərliyində respublikamızda inqilab edərək dövləti parçalanmadan, xalqı tənəzzüldən xilas etdilər - ölkəmizə Heydər Əliyev dühasının timsalında Qurtuluş bəxş etdilər. Bəli, biz ziyalılar inqilabı 1993-cü ildə etmişikonun nəticələri bu gün Azərbaycanın yüksəlişində, inkişafında, qüdrətində öz əksini tapıb!

Əslində, indi Azərbaycanda yalnız bir inqilaba ehtiyac var. Fəqət, bu inqilab bəzilərinin şüurunda, təfəkküründə, vətəndaşlıq mənafeyində, vicdanında olmalıdır! Mən məlum həmkarlarımıza bir daha müraciət edərək bildirirəm ki, əsl ziyalılıq missiyasından uzaqlaşmaq, siyasi maraqların əsirinə çevrilmək böyük yanlışlıqdır. Biz ziyalıların bir yolu var: Mirzə Fətəli Axundzadənin, Əli bəy Hüseynzadənin, Mirzə Cəlilin, Üzeyir Hacıbəylinin... nəhayət, Heydər Əliyevin missiyası - xalqına, dövlətinə layiqli - əsl vətəndaş olmaq!

 

 

Nurlana ƏLİYEVA,

YAP Qadınlar Şurasının sədri,

filologiya elmləri doktoru,

professor

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 8.