Müstəqilliyi təmin edən strategiyadan modernləşən və innovasiyalı milli strategiyaya doğru

 

"Biz gələcəyə baxmalıyıq, gələcəyi düşünməliyik: 20-50 ildən sonra Azərbaycan hansı yollarla inkişaf edəcəkdir?! Biz bu barədə düşünürük və görülən bütün işlər həm bugünkü problemlərin həllinə, eyni zamanda, gələcəyə yönəldilibdir. Biz gələcəyimizi aydın görməliyik. Bu gün dünya dəyişir. Qloballaşma, inteqrasiya prosesləri gedir. Gələcəyini qurmayan ölkə heç bir uğur qazana bilməz. Bizim böyük maddi resurslarımız ola bilər. Lakin bilikli və bacarıqlı insanlar və ən yüksək standartlara cavab verən gələcək nəsil olmasa, biz uzunmüddətli uğur qazana bilmərik".

 

İlham ƏLIYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 

Hər bir dövlət öz milli, özünəməxsus strategiyasına malikdir və təsadüfi deyil ki, əksər hallarda "milli inkişaf strategiyası" termini birlikdə işlədilir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev  müstəqillik dövründə məhz bu strategiyanı sıfırdan başlayaraq yaratmışdır. 20 illiyini qeyd etdiyimiz suveren Azərbaycan dövləti Heydər Əliyev strategiyasının davamlı və qətiyyətlə reallaşmasının nəticəsidir. Dünyada etiraf edilən həqiqət belədir ki, bu gün Azərbaycan öz tarixinin dönüş anını yaşayır.

Müasir dünyanın reallığı milli inkişaf strategiyasının  fundamental resurslarının zamanın tələblərinə uyğun  şaxələnməsini, taktiki hədəflərin dinamikaya uğramasını tələb edərək XXI əsrin intellektual məkanı uğrunda mübarizədə milli elitaları ön cərgələrə çıxmaq kimi çağırışla üz-üzə qoymuşdur. Bu çağırışa cavab kimi inkişafın yeni mərhələsi Azərbaycan dövlətinin elmi-intellektual potensialının  səfərbər edilməsi baxımından dövlət əhəmiyyətli qərarların qəbul edildiyi illər kimi tarixdə qalacaq. 

Azərbaycan Pespublikasının Prezidenti İlham Əliyevin ölkədə elmin və təhsilin, qeyri-neft sektorunun modernləşməsini milli inkişaf strategiyasının yeni hədəfləri kimi müəyyən etməsi, XXI əsrin yeni intellektual Azərbaycanı layihəsini  gerşəkləşdirmək yönündə 2003-cü ildən nümayiş etdirdiyi siyasi iradə və qətiyyəti konkret faktlarda əksini tapmışdır. Müstəqilliyin əldə edilməsindən sonra keçən  illərdə modernləşən müstəqilliyin və yeni zamanın liderlik keyfiyyətlərini  özündə əks etdirən dövlət başçısı  qazanılan  uğurlara  dayaqlanaraq,  yeni yüzildə  qabaqcıl ölkələrin səviyyəsinə çatmaq,  elmə və biliyə əsaslanan innovasiyalı cəmiyyət qurmaq vəzifəsini irəli sürmüşdür.

Ölkəmizdə həyata keçirilən miqyaslı islahatlar təbii olaraq belə bir sual doğururdu: bu islahatları həyata keçirən və davamlı olmasını təmin edən Azərbaycan vətəndaşı hansı təfəkkür tərzinə malik olmalıdır?

XXI əsri səciyyələndirən ən mühüm cəhət, heç şübhəsiz, onun "bilik" və ya "elm" çağı kimi xarakterizə olunması, elmi düşüncə səviyyəsinin və yaradıcı intellektin heç vaxt olmadığı qədər xalqların və dövlətlərin taleyində həlledici faktora çevrilməsi ilə əlamətdar olmasıdır. Yaşadığımız coğrafi məkanda əlverişli mövqelərə malik olan Azərbaycan daim elm, sənət və mədəniyyət mərkəzi kimi aparıcı yerlərdən birinə sahib olmuş, müsəlman Şərqində maarifçilik hərəkatının başlandığı, ilk demokratik respublikanın qurulduğu ölkə kimi dünya sivilizasiyasına mühüm töhfələr vermişdir.

Çağdaş sivilizasiyanın əsas aparıcı göstəricilərindən olan qloballaşma prosesinin sürətlə getməsi istənilən cəmiyyətin siyasi həyatında özünü büruzə verir. XXI yüzilliyin insanı daha bir paradoksal çağırışla üz-üzədir: fasiləsiz dəyişiklik və yeniləşmə prosesləri düşünməyi həyat tərzinə çevirir. Bu da öz növbəsində artıq baş verənlərin nəticələrini təhlil edən deyil, prosesləri önləyə bilən - preventiv, strateji düşüncə  fenomenini  şərtləndirir.

2007-ci il mayın 23-də dövlətçilik tarixində ilk dəfə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası təsdiqlənmişdir. Konsepsiyada "3.9.Peşəkar insan ehtiyatlarının çatışmazlığı" dövlətçiliyin varlığına təhlükə kimi; "4.3.3. Elm, təhsil, mədəniyyət və mənəviyyatın qorunması və inkişafı"  isə  milli təhlükəsizliyin başlıca istiqamətlərindən biri kimi  ifadə olunmuşdur.

 

Gələcəyə doğru dörd addım

 

 2007-ci ildə Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) - yeni intellektual infrastrukturun - "beyin mərkəzi"nin yaradılması dövlətçiliyin inkişafında yeni ənənənin və mərhələnin başlanğıcı oldu. Müasir dövlətin simasını formalaşdıran intellekt qlobal siyasətin mühüm aspekti, biliyə əsaslanan cəmiyyətin "mühərriki"dir. Dövlət başçısı qeyd edilən sərəncamı ilə  Azərbaycanda  belə bir cəmiyyətin yaranmasının  bünövrəsini qoydu.

Mərkəz dövlətçiliyimizin rifahı naminə  cəmiyyətin böyük dəyərə malik olan strateji təfəkkür və ideya potensialını bir yerə cəmləməyə, istənilən (fərdi və ya kollektiv təşəbbüs) formada onun inkişafını dəstəkləməyə və stimullaşdırmağa yönəlmiş dialoq məkanı kimi fəaliyyətə başladı. Mərkəzin yaradılmasını zəruri edən səbəblər sırasında dövlət başçısının fərmanında  vurğulandığı kimi,  ölkədə aparılan strateji araşdırmaların koordinasiyası və siyasi analitikanın bir elm kimi formalaşması yönündə fəaliyyətin həyata keçirilməsi ehtiyacı da mövcud idi. Azərbaycanın elmi-intellektual nüfuzunun yüksəlməsinə xidmət edən mərkəzin yaradılması  Prezident İlham Əliyevin dövlətin intellektual potensialının reallaşdırılması yönündə real təcəssümünü tapan yeni addımlarından sayılır. İntellektual potensial hər bir cəmiyyətdə konkret insanlara məxsus olan fərdi keyfiyyətdir və  bu gün onu "kollektiv intellektə" çevirməyi bacaran dövlətlər inkişafın liderləridir.  Müxtəlif təhdidlərə ani şəkildə müvafiq münasibət bildirməyə, eləcə də informasiya mübarizəsində preventiv tədbirlər təklif etməyə imkan verən kollektiv intellektin təşkilatlanmasının ən mükəmməl forması isə dünyada hələlik yalnız beyin mərkəzləri formatında əksini tapmışdır.

SAM-in 4 yaşı tamam oldu. Bu,  bir insan ömrü ilə müqayisədə  çox az müddətdir. Lakin elmi mərkəz üçün böyük sınaq və özünə inam illəridir. Dövlət başçısının düşünülmüş qərarı artıq öz bəhrələrini verir. Mərkəz qısa müddət keçməsinə baxmayaraq ölkədə və dünyada dinamik inkişaf edən elmi struktura çevrilir, nüfuzlu beyin mərkəzi kimi tanınır. Dünya beyin mərkəzləri məkanına inteqrasiya yönündə  olduqca vacib addımlar atılmışdır.

 

 Dinamik iqtisadi inkişafın intellektual təminatı

 

Azərbaycan dövlətinin böhran dövründəki  siyasəti bir daha sübut edir ki,  düşünülmüş milli inkişaf strategiyası  böhranları önləyə və uğurların rəhni ola bilər. Məhz bu xüsusiyyət XXI əsrdə müstəqil Azərbaycanın dövlət identikliyini və rəqabət üstünlüyünü təmin edən keyfiyyətə çevrilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizin iqtisadiyyatında keçid dövrünün artıq başa çatması ilə bağlı qənaəti elmi-intellektual elita qarşısında son dərəcə mürəkkəb və strateji əhəmiyyətli vəzifələr qoydu. Bunlardan birincisi ölkəmizdə  insanın   kreativ  potensialının artırılmasıdır. İnsan kapitalının ən ali forması-intellektual kapitaldır və o, yeniliklərin  mühərriki olaraq qalır. Dövlət başçısı həmçinin  qabaqcıl ölkələrin səviyyəsinə çatmağı strateji vəzifə kimi irəli sürmüşdür. Azərbaycanda biliyə əsaslanan cəmiyyət və milli innovasiya sisteminin yaradılması yönündə dövlət siyasəti konsepsiyasının layihəsinin hazırlanması diqqət mərkəzindədir. SAM tərəfindən  Azərbaycanın neft strategiyası, onun dünya iqtisadiyyatındakı rolu və mövqeyi, qeyri-neft sektorunun inkişafı  aparılan tədqiqatlar sırasında prioritet sahələrdən biri olaraq qalır. 

Transformasiyaların fövqəladə sürəti və qeyri-müəyyən gedişatı müvafiq önləyici cavabların verilməsini tələb edir.  Bu da öz növbəsində intellektual peşə sahiblərinin - analitiklərin fəaliyyətini zəruri edir.

 

Hücumçu diplomatiyaya "beyin həmləsi" ilə dəstək

 

 Beynəlxalq "Hay Tech Group" reytinq agentliyi "2030-cu ildə liderlik" adlı hesabatında dünyada baş verən meyilləri  təhlil etmişdir. Hesabatda qeyd edilmişdir ki, gələcəyin lideri uğur qazanmaq üçün  daha çevik, daha həssas olmalıdır. Növbəti nəslin  liderləri, sözün əsl mənasında, liderlik zirvəsinə qalxmaq üçün strateji təfəkkürə, intellektual üfüqə malik olmalıdırlar.

Azərbaycanın uğurlarını yalnız onun nadir geosiyasi mövqeyi, təbii resursları deyil, ilk növbədə, strateji  təşəbbüsə malik liderlik resursunun olması həll edir.          

Prezident İlham Əliyevin bəyan etdiyi hücumçu xarici siyasət strategiyası özünün   parametrlərinə görə Azərbaycanın mənafeyinin lobbiləşdirilməsini, Dağlıq Qarabağ münaqişəsinin həqiqətlərinin, dövlətin siyasi kursunun əsas vektorlarının dünya ictimaiyyətinə çatdırılmasını, regional və qlobal layihələrə fəal cəlb olunmağı, eləcə də intellektual cəbhədə geniş hücum strategiyasını təmin edir. Prezidentin ifadə etdiyi prioritet bir faktı aydın göstərir ki, bəzən ənənəvi diplomatiya lazımınca səmərəli olmadıqda fəal intellektual mübadilə, dövlətin və cəmiyyətin perspektivlərinə yeni elmi yanaşma qarşılıqlı münasibətlərin və qarşılıqlı tamamlamanın yeni formasına çevrilir.

Dəyişikliklərin hökm verdiyi reallıqda  planlaşdırma işə yaramır. Onu strateji təfəkkür əvəz  edir. Böhranlar və qeyri-müəyyən  durumlar qanunauyğunluğa çevrilir. Belə şəraitdə strateji təfəkkürə tələbat artır. Böhran əldə edilən uğurların itirilməsi təhlükəsini yaradır və eyni zamanda, strateji təfəkkürü sınaqdan çıxarır. Bu zaman  əldə edilənlərin  saxlanılmasına yönəlmiş müdafiə strategiyasından,  mövcud vəziyyətdən maksimum fayda, yaxud da minimum itki ilə  çıxaraq  artım və inkişafı davam etdirməyə yönəlmiş hücumçu strategiya arasında düzgün balansın tapılmasını tələb edir.

Müasir diplomatiya formalarının dəyişməsi milli ekspertlər birliyinin güclənməsi və fəallaşması zərurətini aktuallaşdırır. Dağlıq Qarabağın və 7 rayonun Ermənistan tərəfindən işğal edilməsi, Cənubi Qafqazda proseslərin intensiv şəkildə bir-birini əvəz etməsi, qlobal səviyyədə enerji təhlükəsizliyi probleminin daim müzakirə edilməsi şəraitində ekspertlər birliyinin rolu formalaşmaqda olan gündəliyin mühüm elementi kimi təzahür edir. Bəzən cari daxili və xarici siyasi konsepsiyanın bəzi məsələlərinin daha dəqiq müəyyən edilməsi ekspertlərlə zəruri və aktual diskussiyalardan asılı olur. İntellektual diskussiyaların prioriteti regional və qlobal miqyaslı transformasiyaların səbəb və nəticələrinin təhlilində cəmlənir.     

Ötən 4 il ərzində SAM tərəfindən 32 elmi tədqiqat, 14 beynəlxalq konfrans, 100-ə yaxın "dəyirmi masa", 10-dan artıq elmi kitab, 30-dək analitik şərh həyata kecirilmiş və dərc edilmişdir. Elmi tədqiqatlar sırasında Azərbaycanın daxili və xarici siyasəti - Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın enerji strategiyası, ölkənin siyasi-iqtisadi inkişafı, milli təhlükəsizlik məsələləri əsas yer almışdır.

SAM  tərəfindən Azərbaycanda ilk dəfə davamlı olaraq xarici KİV təmsilçilərinin və jurnalistlərin ölkəmizə  silsilə səfərləri təşkil edilmiş, onlara baş verən  inkişaf proseslərini bilavasitə müşahidə  və təhlil etmək imkanları yaradılmışdır. Bu, ictimai diplomatiya (public diplomacy) sahəsində ölkəmizdə atılan yeni, lakin perspektivli addımlardır.

Aydındır ki, yeni intellektual məkana doğru addımlarımızı intensivləşdirmək, ekspert qruplarını səfərbər etmək də "Beyin hücumu diplomatiyası" zərurətə çevirmişdir. Mərkəzdə dünya beyin mərkəzləri ilə birbaşa əlaqələrin yaradılmasına, elmi ünsiyyətin qurulmasına imkan verən miqyaslı qlobal şəbəkə yaranmışdır. Təkcə 2011-ci il ərzində Türkiyə, Rusiya və İtaliyanın qabaqcıl beyin mərkəzləri ilə əməkdaşlığa dair memorandum imzalanmış, yaxın ay ərzində Argentina, Yunanıstan və Polşanın müvafiq strukturları və bir sıra siyasi elmi institutlarla əməkdaşlığın rəsmiləşdirilməsi nəzərdə tutulmuşdur.

Elmi və intellektual mübadilə tədricən Azərbaycanın simasına çevrilməkdədir. Azərbaycanın başqaları ilə bölüşməyə və onlara nümayiş etdirməyə layiq dəyərləri və nailiyyətləri çoxdur.

 

Gələcək uğurların təminatı

 

 Bu gün Azərbaycan modernləşmə yolunda ən iddialı məqsədlər irəli sürməyə və onları həll etməyə qadirdir.  Şərq və Qərbin qovuşuğunda yerləşən Azərbaycan əhatəsindəki qeyri-sabitlik, böhran və münaqişə vəziyyəti inkişaf üçün  bilavasitə təhdid və problemlər yaradır. Qlobal və regional  proseslərin mürəkkəbləşməsi kompleks və yüksək peşəkarlıq tələb edən  təhlillərə ehtiyac yaradır.

İnkişafın Azərbaycan modelinin siyasi-tarixi təhlilini əks etdirən tədqiqatların aparılması, beynəlxalq tərəfdaşlarımız olan "beyin mərkəzləri" vasitəsi ilə yayılması və təbliğini, bu əsasda "dövlətin regional və qlobal proseslərə təsir resursu" indeksini dinamikada əks etdirilməsini təmin etmək önəmli vəzifələrdəndir. Bu baxımdan zamanla ayaqlaşaraq ən müasir texnologiyalardan istifadə etməklə real və virtual təşkilatçılığı bir arada  təşkil edə bilən Azərbaycan gənci  müasir inkişafın insana diktə etdiyi "fikir sürətli" həyat (Bill Geyts) ritminə və axarına qoşulmağa hazır olmalıdır. Konkret nəticələrə hesablanmış kreativlik xüsusiyyəti tədqiqatçılarımızı səciyyələndirən əsas xususiyyətə cevrilməlidir. Bütün bunlar hər bir şəxsin dövlətin modernləşmə və insan kapitalının reallaşması, inkişaf etmiş ölkələrin səviyyəsinə çatmaq strategiyasında fəal iştirakını və məsuliyyətini təsdiq edən amillərdir.

İKT əsrində elektron informasiya vasitələri nə qədər vacib olsa da, hazırda hər bir ciddi beyin mərkəzinin imicini həm də onun dövri nəşrləri müəyyən edir. Real və virtual məkanlarda  paralel olaraq fəaliyyətini həyata keçirən mərkəzdə artıq bir sıra  "ilklərə" imza atılmışdır.

SAM Azərbaycanın xaricdə dərc edilən ilk və hələlik yeganə beynəlxalq milli miqyaslı elmi-analitik nəşri olan, tərkibində beynəlxalq redaksiya şurasının iştirak etdiyi, qlobal ekspert cəmiyyətinin marağını cəlb edən, müasir dünyanın qaynar nöqtələrindən olan Cənubi Qafqazın geosiyasi, iqtisadi və s. məsələlərinə həsr edilən ilk nəşrin - Caucasus İnternational jurnalının çap edilməsinə və yayılmasına nail olmuşdur.

SAM ekspertlərinin təhlilləri həmçinin, yerli və xarici KİV-də çap olunur. Həmçinin SAM-in təşəbbüsü və dəstəyi ilə ölkədə və xaricdə 10-a yaxın kitab işıq üzü görmüşdür, 5-i isə nəşrə hazırlanır. "Azərbaycanda siyasi partiyalar", "Mayendorfdan Astanaya qədər: Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin prinsipial aspektləri", "Cənubi Qafqaz: Ərazi bütövlüyü, geosiyasi mübarizələr və enerji", "Dağlıq Qarabağ münaqişəsi, ədalətli sülh, yoxsa qaçılmaz müharibə: tarixi, geosiyasi və hüquqi baxış", "Millətlərin ağır sınaqları: Qafqazın geosiyasəti", "Rusiya-Azərbaycan münasibətləri 20 il ərzində: tarix və perspektivlər" və digər nəşrlər buraya daxildir.

Yeni media, sosial şəbəkələr və bu kimi mövzular cəmiyyətimiz və gənc nəsil ücün əhəmiyyət kəsb etdiyindən Azərbaycanda ilk dəfə canlı Twitter konfrans formatında keçirilmiş "Medianın transformasiyası: ənənəvi mediadan yeni mediaya keçid" mövzusunda "dəyirmi masa" da bu ilklərə misal gətirmək olar.

SAM-in yaradıldığı gündən keçən 4 il onun bundan sonrakı fəaliyyəti üçün əvəzsiz təcrübə  inam hissi vermişdir.

Dünyada strategiya elminin ən qədim nümunələrinin müəllifi Sun-Tszı yazmışdır: "Qələbəni təmin edən strategiyanı  davam etdirmək, ənənəyə çevirmək yalnız ocağın külünün saxlanması deyil, odun qorunaraq həmişə alovlanmasını təmin etmək" deməkdir.

Azərbaycan dövləti inkişafın avanqardında addımlayır və deməli, qələbəni təmin edən uğurlu strategiya davam edir.  Dövlətimizin bir keçid mərhələsini qət edərək, digər  modelə addımladığı, təkamül  inkişaf tipindən innovasiyalı inkişaf tipinə, biliyə əsaslanan cəmiyyət mərhələsinə keçid aldığı bir dövrdə, Prezident İlham Əliyev müstəqilliyin bərpasının iyirmi illiyində "Güclü dövlət, yüksək rifah!" strategiyasını qarşıdakı illər üçün başlıca məqsəd kimi irəli sürmüşdür.

Bu, indiyə qədərki səmərəli və özünü doğrultmuş siyasətin real uğurlarına əsaslanan, inkişaf etmiş dövlətlərin səviyyəsinə çatmağı hədəfə alan yeni strategiyamızdır.

 

 

Elnur Aslanov,

Azərbaycan Respublikası Prezidenti

Administrasiyasının Siyasi Təhlil və

İnformasiya Təminatı şöbəsinin müdiri,

siyasi elmlər namizədi

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S.  9.