CNN
telekanalının hazırladığı proqramının üçüncü verilişində Azərbaycanın
«Eurovision-2011»də tarixi qələbəsindən,
eləcə də ölkəmizin gələn il
ev sahibliyi edəcəyi
bu beynəlxalq mahnı müsabiqəsinə
hazırlıq işlərindən bəhs olunmuşdur
Dünyanın 200-dən çox dövlətində izlənilən CNN telekanalının respublikamız haqqında hazırladığı "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlı beşgünlük proqramının üçüncü verilişində Azərbaycanın "Eurovision-2011"də tarixi qələbəsindən, eləcə də ölkəmizin gələn il ev sahibliyi edəcəyi bu beynəlxalq mahnı müsabiqəsinə hazırlıq işlərindən bəhs olunmuşdur.
AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 16-da yayımlanan üçüncü verilişdə əvvəlcə bu ilin mayında Azərbaycanın istedadlı gənc təmsilçiləri Eldar Qasımovun və Nigar Camalın "Running Scared" mahnısı ilə "Eurovision-2011" beynəlxalq müsabiqəsindəki tarixi qələbəsindən söhbət açılır. E.Qasımov ilə həmsöhbət olan C.Klensi müsabiqədə qazandıqları möhtəşəm qələbə ilə bağlı müğənninin təəssüratlarını bölüşür. Gənc müğənni qələbə ilə əlaqədar özünü çox xoşbəxt hiss etdiyini vurğulamış və hər kəsi gələn il Azərbaycanın ev sahibliyi ilə keçiriləcək "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsini izləmək üçün Bakıya dəvət etmişdir.
Jurnalist paytaxt sakinlərinin Azərbaycanın bu möhtəşəm qələbəsini Bakı küçələrində böyük sevinclə qeyd etdiklərini bildirmişdir. C.Klensi 24 min tamaşaçının canlı, 125 milyon tamaşaçının isə televiziya vasitəsilə izlədiyi bu müsabiqədəki qalibiyyəti Azərbaycanın beynəlxalq aləmdə tanınması baxımından son illər ölkəmizin əldə etdiyi möhtəşəm uğurlardan biri kimi səciyyələndirmişdir.
Tanınmış jurnalist Azərbaycanın gələn il ev sahibliyi edəcəyi "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinə hazırlıqla bağlı ölkəmizdə ciddi işlərin aparıldığını qeyd etmişdir. Bildirmişdir ki, Azərbaycanın paytaxtında "Eurovision-2012" mahnı müsabiqəsinin keçiriləcəyi və təxminən 25 min tamaşaçı tutumuna malik olacaq möhtəşəm "Baku Crystal Hall" kompleksi tikilir.
C.Klensi "Eurovision-2012" mahnı müsabiqəsində Azərbaycanın hansı mahnı ilə təmsil olunacağı ilə bağlı E.Qasımovun fikirlərini soruşmuşdur. Gənc müğənni bu mahnının Azərbaycanın zəngin ənənələrini tərənnüm edəcəyini demişdir. Daha sonra tanınmış jurnalist bildirmişdir ki, o, ilk dəfə Bakıya 1991-ci ilin sentyabrında gəlmişdir. Son 20 ildə Azərbaycan, xüsusilə paytaxt Bakı inanılmaz dərəcədə dəyişmişdir.
Keçmişə nəzər salan C.Klensi kommunistlərin o zaman seçkiyə hazırlaşdığı bir məqamda xalqımızın Sovet İttifaqından ayrılaraq öz müstəqilliyini elan etdiyini, Moskvanın təzyiqlərinə baxmayaraq, qərarlarımızda qətiyyətlə irəli getdiyimizi vurğulamışdır. Telejurnalist o zaman baş verən hadisələri canlı olaraq müşahidə etmiş, 100-dən çox ölkədə olmuş, nüfuzlu "National Geographic" "Tayms", "News Week" və digər nəşrlərin fotojurnalisti Rəza ilə 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən hadisələrdən danışmışdır. Fotojurnalist sovet ordusunun Bakıya girdiyini, tankların insanların üzərindən keçdiyini və yüzlərlə vətəndaşın həlak olduğunu qeyd etmişdir. Vurğulanmışdır ki, Bakı Sovet İttifaqına qarşı etiraz nümayişlərinin keçirildiyi ilk şəhərlərdəndir. Bu hadisələrdən sonra erməni qoşunları sovet ordusunun köməyi ilə Dağlıq Qarabağı işğal etməyə başlamış və 1992-ci ildə Xocalıda dəhşətli soyqırımı həyata keçirmişdir. Ermənilər havadarlarının köməyi ilə Dağlıq Qarabağ da daxil olmaqla Azərbaycanın 20 faiz ərazisini işğal etmişlər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür.
O vaxtdan keçən
müddət ərzində Bakı çox
dəyişmişdir. Verilişdə Azərbaycanın
möhtəşəm landşaftı, milli
mətbəximizin ləziz nümunələri və zəngin
mədəniyyətimiz haqqında da məlumat
verilmişdir.
Azərbaycan.- 2011.- 18 noyabr.- S. 10.