Əfsanəvi «Qaya» kvartetinin 50 yaşı tamam olur

 

 Noyabrın 18-də Heydər Əliyev Sarayında əfsanəvi "Qaya" kvartetinin 50 illik yubileyinə həsr olunmuş tədbir və konsert keçiriləcəkdir.  Bu münasibətlə  noyabrın 17-də qrupun solistləri, xalq artistləri Rauf Babayev və Teymur Mirzəyev mətbuat konfransı keçirmişlər.

Tədbirdə "Qaya" kvartetinin keçdiyi sənət yolundan, musiqi mədəniyyəti tarixindəki yerindən və Azərbaycan estrada musiqisinin inkişafında rolundan  söz açılmışdır.

R.Babayev və T.Mirzəyev bildirmişlər ki, ötən əsrin 60-80-ci illərində Bakı estradasının ən məşhur qruplarından hesab olunan "Qaya" kvarteti Azərbaycan musiqisinin, mədəniyyətimizin ölkəmizdə və xaricdə təbliğində, tanıdılmasında mühüm rol oynamışdır. Arif Hacıyev, Teymur Mirzəyev, Lev Yelisavetski və Rauf Babayevdən ibarət  qrupun repertuarına Azərbaycan, rus, ingilis, ispan və digər dillərdə mahnılar daxil idi. Fikrət Əmirov, Tofiq Quliyev, Rauf Hacıyev, Vasif Adıgözəlov, Fərəc Qarayev və Tofiq Babayev kimi görkəmli bəstəkarlar məxsusi olaraq "Qaya" kvarteti üçün mahnılar yazmışlar. Xalq artistləri ölkəmizdə mədəniyyətə, musiqiçilərə, xüsusilə də, "Qaya"nın üzvlərinə dövlət qayğısından da bəhs etmişlər.

Qeyd olunmuşdur ki, əfsanəvi "Qaya" kvartetinin adını və ənənələrini yaşatmaq üçün 15 il əvvəl R.Babayevin rəhbərliyi ilə gənclərdən ibarət yeni  "Qaya"  qrupu yaradılmışdır. Həmin qrup hazırda öz fəaliyyətini uğurla davam etdirir. 

Hazırda ölkəmizdə bir çox musiqi müsabiqələrinin, festivalların təşkilini təqdir edən sənətkarlar "Eurovision-2012" beynəlxalq mahnı müsabiqəsinin Azərbaycanda keçirilməsini yüksək qiymətləndirmiş, bu tədbirin ölkəmiz üçün böyük əhəmiyyətini vurğulamışlar. Yubiley tədbirində kvartetin üzvləri ilə yanaşı, Azərbaycan, Rusiya və Gürcüstanın tanınmış musiqiçilərinin iştirak edəcəyi bildirilmişdir. Sonda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.

 

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 12