Gənc ifaçı ikinci dərəcəli diploma layiq görülmüşdür

 

 İsveçin paytaxtı Stokholmda keçirilmiş İkinci Beynəlxalq "Rondo" musiqi festivalında G.Şaroyev adına Bakı 35 nömrəli onbirillik musiqi məktəbinin fortepiano şöbəsinin şagirdi, 12 yaşlı Nəriman Əmiraslanov da iştirak etmişdir.

Məktəbin direktoru, əməkdar müəllim Yusif Vəliyev AzərTAc-a bildirmişdir ki, iki turdan ibarət festivalda İsveç, Rusiya, Polşa, Almaniya, Türkiyə, Serbiya və Tatarıstandan gəlmiş gənc musiqiçilər fortepiano, simli-nəfəs alətləri və vokal ixtisasları  üzrə üç yaş qrupunda mübarizə aparmışlar. 12-15 yaş qrupunda iştirak edən Azərbaycan təmsilçisi N.Əmiraslanovun birinci turda ifa etdiyi əsərlər sırasında Q.Qarayevin iki pyesi, xüsusən də, "Unudulmuş vals" əsəri münsiflərin diqqətini cəlb etmişdir. Münsiflərin yekdil qərarı ilə Nəriman Əmiraslanov festivalın II dərəcəli diplomuna layiq görülərək,  "Qala" konsertdə Qara Qarayevin pyeslərini ifa etmişdir.

 Münsiflər heyətinin üzvü Natalya Kazimirovskayanın diqqətini cəlb etmiş gənc Azərbaycan ifaçısı onun tərəfindən xüsusi mükafata, İsveç Konservatoriyasının professorundan ustad dərslərini almağa və 2012-ci  ildə İsveçdə keçiriləcək növbəti müsabiqəyə dəvət olunmuşdur.

 Qeyd edək ki, cari ilin martında Nəriman Əmiraslanov Estoniyada keçirilən İ.Bax adına gənc pianoçuların IV Beynəlxalq müsabiqəsində I dərəcəli diploma layiq görülmüşdür.

 

 

Azərbaycan.- 2011.- 18 noyabr.- S. 12.