Sayca 32-ci Olimpiya İdman Kompleksi Qəbələdə
açılmışdır
Noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ Olimpiya İdman Kompleksinin açılışında iştirak etmişdir.
Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsdi.
Gənclər və idman naziri Azad Rəhimov Azərbaycan Prezidentinin diqqətinə çatdırdı ki, şəhərin mərkəzində yerləşən kompleksin tikintisinə 2007-ci ildə başlanılmışdır. Bu nəhəng idman qurğusunun inşası üçün 4,3 hektar torpaq sahəsi ayrılmışdır. Yüksək səviyyədə aparılmış tikinti işləri bu ilin oktyabrında başa çatdırılmışdır. İkimərtəbəli kompleksdə idman zalı, üzgüçülük hovuzu, trenajor zalları, yeməkxana, məşq zalları və kotteclər yaradılmışdır. Kompleks Qəbələdə idmanın müxtəlif sahələrinin müasir standartlar səviyyəsində inkişaf etdirilməsi üçün lazımi avadanlıqla təchiz olunmuşdur.
Prezident İlham Əliyev voleybol zalında məşq prosesini izlədikdən sonra idman qurğularının eskiz layihələri ilə tanış oldu.
Qeyd edildi ki, kompleksdə mini kafe də fəaliyyət göstərəcəkdir. Burada idmançıların asudə vaxtlarını səmərəli keçirmələri üçün hər cür şərait vardır. Bunun üçün kompleksin ikinci mərtəbəsində bilyard və tennis masaları quraşdırılmışdır.
Diqqətə çatdırıldı ki, Qəbələ Olimpiya İdman Kompleksi ölkəmizdə istifadəyə verilən sayca 32-ci belə idman qurğusudur. Əsas binanın tikinti sahəsi 9 min kvadratmetrdir. Kompleksin birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin respublikamızda bədən tərbiyəsinin və idmanın inkişafına göstərdikləri diqqət və qayğını, həmçinin idmançılarımızın müxtəlif beynəlxalq yarışlarda uğurlarını əks etdirən fotostendlər quraşdırılmışdır.
Dövlət başçısı idman zalı ilə tanış oldu. İdmanın mini futbol, basketbol, voleybol, gimnastika, boks, güləş növləri üzrə beynəlxalq səviyyəli turnirlərin keçiriləcəyi zalda yarışları izləyəcək tamaşaçılar üçün 720 oturacaq quraşdırılmışdır. Burada qadın və kişilər üçün ayrı-ayrılıqda trenajor zalları yaradılmışdır. Zallar müasir avadanlıqla təchiz olunmuşdur.
Prezident İlham Əliyev üzgüçülük hovuzuna baxdı. Hovuzda xüsusi nəmalma qurğusu quraşdırılmışdır. Buradakı yarışları 80 nəfər izləyə biləcəkdir.
Açıq havada
yaradılan idman qurğuları ilə
tanış olan dövlət
başçısının diqqətinə
çatdırıldı ki, buradakı süni örtüklü
açıq stadion 1540 tamaşaçı
tutumuna malikdir. Bundan başqa, burada mini futbol, tennis kortu, basketbol və voleybol meydançaları
vardır.
Prezident İlham Əliyev stadionda gənc futbolçuların məşq
prosesini izlədi, onlarla söhbət etdi.
Azərbaycan Prezidenti gənc futbolçularla və onların məşqçiləri
ilə xatirə şəkli çəkdirdi,
onlara uğurlar arzuladı.
Bildirildi ki, kompleksdə hər cür şəraiti olan üç kottec də inşa olunmuşdur. Burada həm idmançılar,
həm də qonaqlar istirahət edə biləcəklər.
Qəbələ Olimpiya İdman
Kompleksində yaradılmış
şəraiti yüksək
qiymətləndirən dövlət
başçısı tapşırıq
və tövsiyələrini
verdi.
AzərTAc
Azərbaycan.- 2011.- 19 noyabr.- S. 1.