Qəbələdə
Beynəlxalq Aeroport açılmışdır
Mərasimdə Prezident İlham Əliyev
iştirak etmişdir
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də
Qəbələ Beynəlxalq Aeroportunun açılış
mərasimində iştirak etmişdir.
Aeroportun
kollektivi və rayon ictimaiyyətinin nümayəndələri
dövlət başçısını hərarətlə
qarşıladılar.
Prezident
İlham ƏLİYEV mərasimdə
çıxış edərək dedi:
- Əziz
dostlar, mən sizin hamınızı ürəkdən
salamlayıram. Bu gözəl gündə sizi Qəbələ
Beynəlxalq Aeroportunun açılışı münasibətilə
ürəkdən təbrik edirəm.
Bu
gün çox gözəl və əlamətdar bir
gündür. 1990-cı il noyabrın 17-də ulu öndər
Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə
olaraq Azərbaycan Demokratik Respublikasının bayrağı
Naxçıvanda milli dövlət bayrağı kimi qəbul
edilmişdir, qaldırılmışdır. Bu hadisə bizim
müstəqilliyimizi yaxınlaşdıran hadisə idi. O vaxt
Sovet İttifaqının dağılmasına hələ bir
ildən çox vaxt qalırdı. Bu müdrik və cəsarətli
addımın atılması ulu öndərin öz xalqına
nə qədər bağlı olduğunu bir daha göstərmişdir.
O vaxt Naxçıvanın Ali Məclisində bayrağın
dövlət bayrağı kimi qəbul edilməsi ilə
yanaşı, Azərbaycan Ali Sovetinin qarşısında vəsatət
qaldırılmışdır ki, bu milli bayraq Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilsin.
Bu
gözəl tarixi gündə biz sizinlə
görüşürük. Qəbələ Beynəlxalq
Aeroportunun açılması da Azərbaycanda son illər ərzində
görülən işlərin məntiqi nəticəsidir. Bu
il biz müstəqilliyimizin bərpasının 20 illiyini qeyd
edirik. Bu 20 il ərzində ölkəmiz böyük
uğurlu və şərəfli yol keçmişdir.
İyirmi il ərzində Azərbaycan böyük dərəcədə
inkişaf etmişdir, güclənmişdir. 1993-cü ildən
başlayaraq ölkəmizdə həyata keçirilən
islahatlar Azərbaycanı böyük dərəcədə
irəliyə aparmışdır. Ölkədə həm
iqtisadi, həm sosial məsələlər uğurla həll
olunur. Azərbaycanın beynəlxalq arenadakı nüfuzu, təsir
imkanları genişlənir. Biz dünya birliyində
böyük hörmətə malik olan, layiq olan ölkəyik.
Ölkəmizdə hər bir sahə inkişaf etdiyi kimi, Azərbaycanda
nəqliyyat sektoruna da böyük diqqət göstərilir.
Bu sektorda inkişaf göz qabağındadır. Son illər ərzində
ölkəmizdə bir neçə beynəlxalq aeroport
tikilmişdir - Naxçıvanda, Gəncədə, Lənkəranda,
Zaqatalada. Nəhayət, Qəbələdə beynəlxalq
aeroport fəaliyyətə başlayır. Bu aeroport istənilən
hava gəmilərini qəbul etməyə qadirdir. Ən
ağır yük təyyarələri də bura gələ
bilər. Uçuş-enmə zolağı kifayət qədər
böyükdür və istənilən təyyarənin
ağırlığına davam gətirə bilər. Aeroport
bütün beynəlxalq standartlara cavab verir. Beləliklə, əminəm
ki, bu aeroportun gələcəyi də çox uğurlu
olacaqdır. Ümid edirəm ki, gələcəkdə bu
aeroportda beynəlxalq uçuşlar da təşkil ediləcəkdir.
Biz,
bütövlükdə hava nəqliyyatının
inkişafına çox böyük sərmayə qoyuruq.
Aeroportların tikintisi və o cümlədən Bakıda Heydər
Əliyev Beynəlxalq Aeroportunun yenidən tikilməsi, yeni
aerovağzal kompleksinin, yeni zolaqların inşası bizim siyasətimizi
açıq şəkildə göstərir. Azərbaycan
coğrafi vəziyyətindən səmərəli şəkildə
istifadə edir və nəqliyyat sektorunda aparılan islahatlar
bu reallıqları təmin edir. Biz nəinki aeroportları
yaradırıq, yeni müasir təyyarələri də
ölkəmizə gətiririk. Son illər ərzində ən
müasir, ən gözəl təyyarələr -
"Boeing"lər, "Airbus"lar, "ATR" təyyarələri
gətirilir. Demək olar ki, təyyarə parkı tam şəkildə
dəyişdirilmişdir və indi ən yüksək səviyyəyə
cavab verir.
Ölkəmizin
beynəlxalq aeroportları - həm Gəncə, həm
Naxçıvan, həm Lənkəran aeroportları beynəlxalq
uçuşları da təşkil edir. Bu, insanların
rahatlığını təmin edir, başqa ölkələrə
rahat getmələri üçün şərait yaradır.
Bu infrastruktur artıq Azərbaycanda yaradılıbdır. Qəbələ
Beynəlxalq Aeroportunun yaradılması, hesab edirəm ki, bu
proqramın ən axırıncı addımlarından biridir.
Bundan sonra da Azərbaycanda yeni aeroportların tikintisi ilə
bağlı fikir mübadiləsi aparılacaqdır. Əgər
belə zərurət yaranarsa, biz bu prosesi davam etdirəcəyik.
Ancaq Qəbələ aeroportunun öz funksiyaları vardır.
Bu aeroportun tikilməsinin məqsədi
bölgəyə, Qəbələyə və ətraf
bölgələrə turistlərin axınını gücləndirməkdir
və təmin etməkdir. Nəzərə alsaq ki, Qəbələdə
çox müasir və gözəl turizm infrastrukturu
yaradılmışdır və bu proses davam etdirilir, ümid
edirəm buraya gəlmək istəyənlər çox
olacaq, başqa şəhərlərdən Qəbələyə
birbaşa təyyarə uçuşları təşkil ediləcəkdir.
Bizim nəqliyyat sektoru inkişafdadır. Həm hava nəqliyyatı, həm də dəniz nəqliyyatı inkişaf edir, yeni tankerlər, bərələr, yük gəmiləri alınır. Bakıda standartlara cavab verəcək beynəlxalq yeni gəmiqayırma zavodu tikilir. Bakının yaxınlığında - Ələt qəsəbəsində Xəzər dənizində yeni ən böyük Beynəlxalq Dəniz Ticarət Limanı tikilir. Bu limanın yük ötürmə qabiliyyəti 10 milyon tondan 25 milyon tona qədər artırılacaqdır. Yəni, Xəzərdə ən böyük port Bakı portu olacaqdır. Dəmir yolları tikilir. Bakı-Tbilisi-Qars dəmir yolu tikilir və bu, Azərbaycanı etibarlı tranzit ölkə kimi dünyaya təqdim edəcək, qonşularımızla bizi birləşdirəcəkdir. Bu layihəni də Azərbaycan tərəfdaşları ilə birlikdə uğurla icra edir. Bu layihənin həyata keçirilməsində Azərbaycan təşəbbüskar kimi öz rolunu oynamışdır.
Avtomobil yollarımız əsaslı təmir edilir, yeni
yollar tikilir. O
cümlədən Qəbələ Beynəlxalq Aeroportuna gələn
yol əsaslı şəkildə tikilir. Bütün
magistral yollarda tikinti gedir. Bizim vətəndaşlar
indi Bakıdan Qəbələyə gələrkən
çox rahat, gözəl yoldan istifadə edirlər. Bu yol sərhədə - Balakənə qədər
davam edəcəkdir. Bütün başqa
istiqamətlər üzrə yollar tikilir. Yəni,
Azərbaycanda nəqliyyatla bağlı bütün məsələlər
uğurla, yüksək səviyyədə və peşəkarlıqla
həll olunur.
Bu bölgənin gələcək inkişafı ilə
bağlı konkret proqramlar və təkliflər vardır. Mən
bütün bölgələrə eyni dərəcədə
diqqət göstərirəm və hər bir bölgənin
öz xüsusiyyətləri vardır. Bu
şimal-qərb bölgəmizin xüsusiyyəti ondan ibarətdir
ki, burada turizm potensialı çox güclüdür. Ancaq bu potensial o zaman reallaşa bilər ki, turizm
infrastrukturu yaradılsın və biz bunu yaradırıq.
Bakıdan sərhədə qədər bütün rayonlarda
- Qobustan, İsmayıllı, Qəbələ, Oğuz, Şəki,
Qax, Zaqatala, Balakən rayonlarında müasir turizm obyektləri,
mehmanxanalar, kempinqlər, istirahət zonaları tikilməkdədir,
infrastruktur yenilənir.
Qəbələyə gəldikdə, son illər ərzində
Qəbələ beynəlxalq mərkəzə
çevrilmişdir. Burada ənənəvi keçirilən
musiqi festivalları artıq dünyada çox məşhur
olubdur və festivallarda iştirak edənlərin sayı ildən-ilə
artır, dünyanın aparıcı sənət adamları
bu festivalda iştirak edirlər. Bu gün Qəbələdə
yeni Olimpiya İdman Kompleksinin açılışında
iştirak etmişəm. Burada yeni mədəniyyət
sarayı tikilməkdədir və gələn il
istifadəyə veriləcəkdir. Əvvəlki
dövrdə Diaqnostika Mərkəzi tikilibdir və burada tibbi
xidmətin göstərilməsi üçün bütün
imkanlar vardır. Yeni emal müəssisələri
fəaliyyət göstərir. Onlar nəinki
Azərbaycanda, bütün bölgədə ən qabaqcıl
və ən böyük müəssisələrdir. Yeni
iş yerləri, yeni sənaye sahələri
açılır, evlər, mehmanxanalar tikilir. Burada
tikilən mehmanxanalar dünya miqyaslı və dünya
standartlarına cavab verən mehmanxanalardır. Bütün bunlar son illərin
reallıqlarıdır. Bütün
bunları biz əldə etmişik, bütün bu uğurlara
çatmışıq və artıq Qəbələ rayonu,
Qəbələ şəhəri xəritədə öz
tarixi yerini bərpa edib. Qəbələ qədim
yaşayış yurdudur, qədim şəhərdir. Qədim xəritələrdə Qəbələnin
adını görmək mümkündür. Bu gün Qəbələnin tarixi şöhrəti
özünə qaytarılıbdır. Bundan sonrakı
dövrdə rayonun inkişafı ilə bağlı əlavə
tədbirlər görüləcək, əlavə vəsait
ayrılacaq, bütün infrastruktur layihələri yaxın
iki il ərzində tam şəkildə
icra ediləcəkdir və bu rayon potensialını maksimum dərəcədə
işə salacaqdır.
Bu aeroportun tikintisi, bu gözəl tarixi gündə
aeroportun açılması rəmzi xarakter
daşıyır. Bu, 20 illik müstəqillik dövründə
əldə edilmiş uğurlardan biridir. Bu
uğurların sayı o qədərdir ki, onları saymaq,
hesablamaq mümkün deyildir. Ancaq bu
aeroport, bu gözəl bina, bu gözəl memarlıq əsəri
Azərbaycan xalqına, Azərbaycan dövlətinə bundan
sonra əbədi xidmət edəcəkdir. Bu, strateji obyektdir. Bunun strateji məqsədi
və mənası vardır. Əminəm
ki, bu aeroportun fəaliyyətə başlamasından sonra Qəbələyə
turist axını daha da güclü olacaqdır.
Mən Sizi bir daha bu gözəl hadisə münasibətilə
ürəkdən təbrik edirəm, bütün qəbələlilərə
cansağlığı və yeni uğurlar arzulayıram.
Sağ
olun.
* * *
Qəbələ
Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi ABDULLAYEV ölkəmizin
bütün bölgələri kimi Qəbələnin də
inkişafına göstərdiyi diqqət və qayğıya
görə Prezident İlham Əliyevə təşəkkür
edərək dedi:
- Möhtərəm
cənab Prezident, icazə verin Qəbələnin bütün
sakinləri adından Sizə ən səmimi
salamlarımızı çatdırım və "Xoş gəlmisiniz!"
deyim.
Yüksək
məsuliyyət hissi ilə bu gün Sizə hesabat verərək
bildirmək istəyirəm ki, təsdiq etdiyiniz regionların
sosial-iqtisadi inkişafı Dövlət Proqramında Qəbələ
rayonu üzrə nəzərdə tutulmuş bütün tədbirlər
uğurla yerinə yetirilir, rayona səfərləriniz
zamanı verdiyiniz tapşırıqlar göstərdiyiniz
qayğı və diqqət, birbaşa köməyiniz nəticəsində
öz həllini tapır. Sizin "Qəbələ
dünya miqyaslı turizm mərkəzlərindən birinə
çevrilməlidir" tapşırığınız əsasında
zəngin tarixi və təbii imkanları olan Qəbələnin
çox böyük turizm potensialı üzə
çıxarılaraq bu potensialdan səmərəli şəkildə
istifadə olunmağa başlanmışdır. Artıq
rayonda ilboyu fəaliyyət göstərən 830 yerlik
beşulduzlu üç otel, 700 yerlik üç və
dördulduzlu otellər, istirahət və sağlamlıq mərkəzləri
tikilərək istifadəyə verilmişdir. "Yengicə"
İstisu Sağlamlıq Mərkəzinin gələn ilin
birinci yarısında fəaliyyətə başlaması nəzərdə
tutulmuşdur. Sizin tapşırığınızla
turizmin inkişafı üçün vacib olan yol infrastrukturu
da tamamilə yenilənir. Bakı-Qəbələ
yolunun artıq böyük hissəsi tikilmiş, Qəbələ-Balakən
yolunun çəkilişi isə davam etdirilir.
Möhtərəm cənab Prezident, bu gün isə nəinki
bizim rayonun, bütün regionun həyatında çox
mühüm əhəmiyyət kəsb edən tarixi bir hadisə
baş verir. Tapşırığınız əsasında Qəbələ
Beynəlxalq hava limanı rekord müddətdə - doqquz ay ərzində
tikilərək istifadəyə verilir.
Bir vaxtlar magistral yollardan kənarda qalmış, bəzən
unudulmuş Qəbələyə indi ən ağır
"Boeing", "Airbus" tipli təyyarələr enəcəkdir. Yeni hava
limanı təkcə Qəbələnin deyil, bütün
regionun turizm potensialından səmərəli istifadəyə,
iqtisadiyyatın sürətli inkişafına imkan yaradacaq, əhalinin
paytaxta və xarici ölkələrə gediş-gəlişini
asanlaşdıracaqdır. Müasir
standartlara cavab verən aerovağzal binası saatda yüzlərlə
sərnişinə xidmət göstərə biləcəkdir.
Yeni hava limanı ölkəmizin bu dilbər guşəsini
yaxından tanımaq, onun tarixini, mədəniyyətini
öyrənmək, burada biznes əlaqələri yaratmaq istəyən
xarici turistlərə, mədəniyyət və incəsənət
ustalarına, iş adamlarına çox böyük töhfə
olacaqdır.
Möhtərəm
cənab Prezident, keçən il rayonumuza
səfəriniz zamanı dediyiniz "Azərbaycanın son illərdəki
inkişafı Qəbələ rayonunun timsalında çox əyani
şəkildə görünür" kəlamlarınız
məsuliyyətimizi daha da artırmışdır. İcazənizlə
məlumat verim ki, bilavasitə rəhbərliyiniz və
tapşırığınız əsasında
respublikamızda sahibkarlara yaradılmış münbit və
işgüzar şəraitin, əməli köməyin nəticəsində
artıq rayonda konserv, süd emalı, fındıq
zavodları, su və limonad istehsalı müəssisəsi,
beş tonluq soyuducu anbar və sair
sənaye müəssisələri istifadəyə
verilmişdir. Bu müəssisələrin işə
düşməsi, turizm sektorunun keyfiyyətli qida məhsulları
ilə təmin olunması ilə bərabər, rayonun
iqtisadiyyatında mühüm yer tutan kənd təsərrüfatının
daha sürətlə inkişafına, yeni iş yerlərinin
açılmasına xidmət göstərir. Qəbələ
mənşəli məhsulların xaricə ixracına da imkan
verir.
Artıq məhsullarımız dünyanın 20-dən
çox ölkəsinə ixrac olunur. Ən yüksək
standartlara cavab verən, dünya şöhrətli
"Beltmann" markalı pianoları istehsal edən fabrikin Qəbələdə
tikilməsi ölkəmizin qeyri-neft sektoruna, regionların
inkişafına xarici və yerli investorların böyük
marağının və inamının göstəricisidir.
Son bir
neçə ildə rayonda ümumi məhsul
buraxılışının həcmi 4 dəfə, qoyulan
investisiyaların həcmi 5,4 dəfə, o cümlədən
tikinti- quraşdırma işlərinin həcmi 18,6 dəfə
artmışdır. Nəticədə son illər rayonda 5542
sahibkarlıq subyekti fəaliyyətə başlamış, 10
minə yaxın iş yeri açılmış, Qəbələdə
işsizlik problemi, demək olar ki, aradan qalxmışdır.
Bütün bunlar regionlarda yaşayan insanların Sizin sayənizdə
yeni iş yerləri, münbit iş şəraiti,
yüksək gəlir, firavan yaşayışla təmin
olunmasının ən bariz göstəricisi, Azərbaycanın
sabahına, övladlarının gələcəyinə
inamı deməkdir.
Möhtərəm cənab Prezident, müdrik rəhbərliyiniz,
diqqət və qayğınız sayəsində ölkəmizin
bütün bölgələri kimi, Qəbələ rayonu da
kompleks şəkildə inkişaf edir, tikilir, böyük
quruculuq-abadlıq işləri aparılır.
Qəbələyə son səfəriniz zamanı
iştirakınızla "Laza" elektrik
yarımstansiyasının istifadəyə verilməsindən
sonra enerji təchizatı əsaslı şəkildə
yaxşılaşmışdır. Şəhərin
içməli su, kanalizasiya problemi icrası davam edən layihəyə
əsasən gələn ilin sonunadək tamamilə öz həllini
tapacaqdır. Rayonun yaşayış məntəqələrində
qazlaşdırma prosesi sürətlə gedir. Sosial obyektlər, mədəniyyət, səhiyyə,
təhsil ocaqları inşa olunur, yeni parklar, əyləncə
yerləri salınır, küçə və prospektlər,
meydanlar müasir memarlıq üslubunda qurulur.
Beynəlxalq hava limanını Qəbələ şəhəri
ilə birləşdirən 22 kilometr uzunluğu olan asfalt-beton
örtüklü magistral yol
tapşırığınıza əsasən dünya
standartlarına uyğun tikilməkdədir.
Cənab
Prezident, Sizin sayənizdə indi Qəbələ öz tarixi
görkəmini, Azərbaycan memarlıq üslubunu saxlamaqla,
artıq Avropanın kurort şəhərləri ilə
müqayisə oluna bilər. Qəbələ təkcə
yerli və xarici turistlərin sevimli istirahət mərkəzi
deyil, həm də beynəlxalq əhəmiyyətli
görüşlərin, mötəbər idman və mədəniyyət
tədbirlərinin keçirildiyi bir məkana çevrilməkdədir.
Son üç ildə Azərbaycanın birinci
xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
təşəbbüsü və dünya şöhrətli
musiqiçilərin iştirakı ilə ənənəvi
olaraq iyul-avqust aylarında keçirilən Beynəlxalq Musiqi
Festivalı dünyanın mötəbər mədəniyyət
tədbirləri sırasına daxil olmaqdadır. Təkcə bu il keçirilən üçüncü Beynəlxalq
Musiqi Festivalına dünyanın 25 ölkəsini təmsil edən
tanınmış musiqiçilər
qatılmışdılar. Fürsətdən istifadə edərək
Qəbələ Beynəlxalq Musiqi Festivalının təşkilatçısı,
bu tədbirin ərsəyə gəlməsi üçün
çox böyük zəhmət çəkən, milli
musiqi mədəniyyətimizin hamisi, Azərbaycanın birinci
xanımı, çox hörmətli
Mehriban Əliyevaya qəbələlilər adından dərin
minnətdarlığımızı çatdırmaq istəyərdik.
Möhtərəm cənab Prezident, Sizin rayonumuza
bugünkü tarixi səfəriniz qüvvəmizi qat-qat
artırır, bizi yeni uğurlara ruhlandırır. Rayonumuzun inkişafında əldə
olunan nailiyyətlər bütün ölkədə olduğu
kimi, Qəbələdə də Sizin
adınızla bağlıdır.
İcazə verin, Qəbələnin bütün əhalisi
adından Sizi bir daha əmin edim ki, qarşımıza
qoyduğunuz vəzifələrin öhdəsindən layiqincə
gələcək, böyük diqqət və
qayğınıza əməli işimizlə cavab verəcəyik.
Sağ
olun.
* * *
Daha sonra dövlət başçısı aeroportun rəmzi
açılışını bildirən lenti kəsdi.
"Azərbaycan
Hava Yolları" QSC-nin prezidenti Cahangir Əsgərov məlumat
verdi ki, aeroportun tikintisinə bu ilin
yanvarında başlanılmışdır. Bunun
üçün 360 hektar torpaq sahəsi
ayrılmışdır. Azərbaycan
Prezidentinin sərəncamına əsasən inşa olunan
aeroport dünyanın ən yüksək standartlarına cavab
verir. Burada məlumat bürosu, gözləmə
zalı, internet otağı vardır. Aeroportda
aviasiya təhlükəsizliyi, sərhəd və
gömrük xidmətlərinin əməkdaşlarının
rahat işləmələri üçün hərtərəfli
şərait yaradılmışdır. Terminalda
ən son təhlükəsizlik avadanlığı
quraşdırılmışdır. Sərnişin
qeydiyyatının rahat və vaxtında aparılması
üçün 6 məntəqə
yaradılmışdır. VİP sərnişin
qeydiyyatı və salonu da ən son avadanlıqla təchiz
olunmuşdur. Aeroportun ikinci mərtəbəsində
restoran fəaliyyət göstərəcəkdir.
Qeyd edildi ki, saatda 200 sərnişindaşıma
gücünə malik Qəbələ Beynəlxalq Aeroportu
"AZVIRT" MMC tərəfindən inşa olunmuşdur.
Prezident İlham Əliyevə
Qəbələ-Ağdaş yolunun yenidən
qurulmasının layihəsi təqdim olundu. Dövlət
başçısı layihə ilə bağlı
tapşırıqlarını verdi.
Sonra Azərbaycan
Prezidenti dispetçer məntəqəsi ilə də tanış oldu. Bildirildi ki,
uçuşların idarə olunması üçün
quraşdırılan avadanlıq dünya standartlarına cavab
verir.
Qeyd edildi
ki, aeroportun uçuş-enmə zolağının
uzunluğu 3,6 min metr, eni isə 60 metrdir. Yönəldici yolun sahəsi 26 min kvadratmetrdir.
Aeroport çəkisi 400 tona qədər olan təyyarələri
qəbul etmək imkanına malikdir. Perronun
sahəsi 100 min kvadratmetrdir. Burada həmçinin
təyyarələrin saxlanılması üçün 10
meydança yaradılmışdır ki, bunun da dördü
xüsusilə ağır çəkili təyyarələr
üçündür. İlkin mərhələdə
aeroportda 200 nəfər işlə təmin olunacaqdır.
Aeroportun ərazisində geniş
yaşıllaşdırma işləri də
aparılmışdır.
Prezident
İlham Əliyev Qəbələ Beynəlxalq Aeroportunda "Silk Way" şirkətinə
məxsus karqo təyyarəsinə yükün doldurulması
prosesini izlədi. Məlumat verildi ki,
"Boeing-747" tipli yük təyyarəsi dünyada ən
ağır təyyarələrdən hesab olunur. "Gilan Holdinq"in müəssisələrində
istehsal olunan 100 ton məhsulun yükləndiyi həmin təyyarə
ilk reyslə Qəbələdən Polşanın paytaxtı
Varşavaya yola düşdü.
AzərTAc
Azərbaycan.- 2011.- 19 noyabr.- S. 2.