Qəbələdə
daha bir beşulduzlu otel – «Qafqaz Sport Hotel»
açılmışdır
Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfəri çərçivəsində noyabrın 18-də "Qafqaz Sport Hotel"in açılışında iştirak etmişdir.
Dövlət başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi və turizm obyekti ilə yaxından tanış oldu.
Məlumat verildi ki, beşulduzlu otelin tikintisinə 2010-ci ilin martında başlanılmışdır. Avanqard və klassik arxitektura üslublarının sintezi əsasında inşa edilmiş binanın interyerinin tərtibatında xaricdə hazırlanan mebel və aksessuarlardan istifadə olunmuşdur. Yeddimərtəbəli əsas korpusdan və kotteclərdən ibarət olan oteldə 98 nömrə vardır.
Prezident İlham Əliyev otelin nömrələrində yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, nömrələrdə qonaqların yüksək səviyyədə istirahəti üçün hər cür şərait yaradılmışdır. Bütün otaqlar rəqəmli seyf, minibar, havalandırma sistemləri, peyk televiziya və beynəlxalq telefon xətləri, simsiz internetlə təchiz edilmişdir.
Məlumat verildi ki, otelin hər bir restoranına, barına və iclas zallarına qiymətli daşların adı qoyulmuşdur. Buradakı 300 nəfərlik "Lapis" iclas zalı bütün lazımi texniki avadanlıqla təchiz olunmuşdur. Zalda konfransların, iclasların, seminarların, təqdimat mərasimlərinin keçirilməsi nəzərdə tutulur. Otelin 134 yerlik "Mirvari" restoranında əsasən səhər yeməyi veriləcəkdir. Burada həmçinin sifarişlə işləyəcək 170 yerlik "Safir a la carte", eləcə də konfranslar, seminarlar və el şənliklərinin təşkil ediləcəyi 180 yerlik "Firuzə" restoranları da vardır. Restoranlarda qonaqlar Azərbaycan və dünya mətbəxinin ləziz təamlarını dada biləcəklər. Oteldə zəngin menyu təqdim edən bir neçə bar, eləcə də qapalı hovuz da fəaliyyət göstərəcəkdir.
Bildirildi ki, otelin idman mərkəzində təlim-məşqlərin keçirilməsi mümkündür. Azərbaycan Prezidenti burada gənc taekvondoçuların nümunəvi çıxışlarını izlədi, onlarla xatirə şəkli çəkdirdi.
Qeyd edildi ki, oteldə ayrıca SPA və sağlamlıq mərkəzi, fitnes zalı, sauna, türk hamamı, masaj otaqları, bərbərxana, gözəllik salonu və vitamin-bar da yaradılmışdır. Qonaqlar kompyuter, faks, avtodayanacaq, camaşırxana, iş mərkəzi, avtobus, tibbi yardım xidmətlərindən də istifadə edə biləcəklər.
Məlumat verildi ki, otelin ərazisində yüksək standartlara cavab verən, ailəvi istirahət üçün hər cür şəraitə malik 21 kottec inşa olunmuşdur. Burada həmçinin açıq havada hovuz, uşaq oyun meydançası da yaradılmışdır.
Dövlət başçısı oteldə yaradılmış şəraiti yüksək qiymətləndirdi, kollektivə uğurlar arzuladı.
AzərTAc
Azərbaycan.- 2011.- 19 noyabr.- S. 5.