CNN telekanalının hazırladığı proqramın növbəti verilişində Azərbaycanın qızlardan ibarət futbol yığmasından bəhs olunmuşdur

 

CNN telekanalının respublikamız haqqında hazırladığı "Eye on Azerbaijan" ("Azərbaycana nəzər") adlı beşgünlük proqramının növbəti verilişində Azərbaycanın qızlardan ibarət futbol yığmasından bəhs olunmuşdur.

AzərTAc xəbər verir ki, CNN kanalının tanınmış jurnalisti Cim Klensinin təqdimatı ilə noyabrın 18-də yayımlanan verilişdə 17 yaşadək qızlardan ibarət futbol üzrə Azərbaycan yığmasının təlim-məşq prosesindən və əldə etdikləri uğurlardan söhbət açılır.

Bunun bütün müsəlman dünyasında futbolu sevən gənc qızlar üçün bəlkə də bir xəyal olduğunu deyən Cim Klensi Azərbaycanın qızlardan ibarət futbol yığmasının "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"yə ciddi hazırlaşdığını bildirir. Yığmamızın üzvü Şəfəq Nəsirova ilə həmsöhbət olan CNN-in jurnalisti onların ölkəmizdə keçiriləcək bu çempionata necə hazırlaşdıqları ilə maraqlanmışdır. Yığmamızın üzvü dünya kubokunu əldə etmək üçün hər gün əzmlə məşq etdiklərini və ölkəmizin adını uca tutacaqlarına əminlik ifadə etmişdir.

Jurnalist FİFA-nın yarışların keçirilməsi departamentinin stadionlarinfrastruktur üzrə mütəxəssislərinin "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"yə hazırlıq işləri ilə tanış olmaq, stadionlar, otellər və ümumilikdə infrastrukturla bağlı məlumat toplamaq üçün ölkəmizdə səfərdə olduqlarını bildirir. Verilişdə FİFA rəsmisi Oliver Vokf Azərbaycanda idmanın bu növünün inkişafından danışmışdır. FİFA rəsmisi ölkəmizdə gənclərin idmana böyük həvəs göstərdiklərini, qarşıdakı çempionata yüksək səviyyədə hazırlıq işlərinin aparıldığını və FİFA-nın Azərbaycanla əməkdaşlıqdan məmnun olduğunu bildirmişdir.

CNN müxbirinə müsahibəsində AFFA-nın baş katibi Elxan Məmmədov isə hazırda Bakıda fəaliyyət göstərən, eləcə də inşası davam edən stadionların gələcəkdə ölkəmizdə futbolun daha da inkişafına ciddi töhfələr verəcəyini qeyd etmişdir.

Verilişdə Cim Klensi bildirmişdir ki, FİFA 2012-ci ildə islam ölkəsi olan Azərbaycanda keçiriləcək bu çempionata xüsusi önəm verir. Məhz bu baxımdan Azərbaycanın müxtəlif regionlarından gəlmiş gənc futbolçu qızlar üzərlərinə düşən məsuliyyəti çox yaxşı dərk edirlər. Yığmamızın digər üzvü Əminə Heydərova da qarşıdakı çempionatda yüksək nəticə əldə etməklə qızların idmanın bu növünə maraqlarının artırıla biləcəyini demişdir. Jurnalist 18 komandanın qatılacağı və milyonlarla dünya tamaşaçısının televiziya ekranlarından izləyəcəyi "FİFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012"də yığmamıza uğurlar arzulamışdır.

Verilişdə son illərdə Azərbaycan iqtisadiyyatının dinamik inkişafından da danışan Cim Klensi, bunun təkcə neftqaz sənayesi deyil, digər sahələri, xüsusilə də qeyri-neft sektorunu da əhatə etdiyini bildirmişdir.

Canlı yayımlanan verilişdə "Golden Pay" şirkətinin təsisçisi və direktoru Fərid İsmayılzadə elektron şəbəkələşmə mövzusu ilə yanaşı, "elektron hökumət" konsepsiyası sahəsində də ölkəmizdə ciddi islahatların aparıldığını bildirmişdir.

Verilişin sonunda Cim Klensi Azərbaycanda böyük şahmat ənənəsinin və bütün dünyada məşhur şahmatçılarımızın olduğunu da bildirmişdir. O, bu sahədə dövlətin gənc şahmatçılara daim dəstək olduğunu bildirmiş, bu yaxınlarda Bakıda möhtəşəm şahmat sarayının inşa ediləcəyini də diqqətə çatdırmışdır.

Qeyd edək ki, gün ərzində CNN kanalında Azərbaycanla bağlı reklam çarxları da nümayiş olunur.

 

 

Azərbaycan.- 2011.-  19 noyabr.- S.6.