AMEA-da İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemlərinə həsr olunmuş beynəlxalq konfrans

 

Noyabrın 18-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunda bu elm müəssisəsinin və "Şərq fəlsəfəsinin problemləri" beynəlxalq elmi-nəzəri jurnalının təşkilatçılığı, UNESCO üzrə  Azərbaycan Milli Komissiyasının dəstəyi ilə "Dünya fəlsəfəsi kontekstində İslam regionu fəlsəfə tarixinin tədrisi və tədqiqi problemləri" mövzusunda beynəlxalq elmi-praktiki  konfrans keçirilmişdir.

AzərTAc xəbər verir ki, Dünya Fəlsəfə Gününə həsr olunan konfransda institutun direktoru, professor İlham Məmmədzadə tədbirin məqsəd və əhəmiyyətindən, Azərbaycanda fəlsəfə sahəsində qazanılan nailiyyətlərdən, qabaqcıl elmi-fəlsəfi məktəblərin iş təcrübəsinin yayılması məqsədi ilə ölkəmizdə keçirilən beynəlxalq forumlardan, alimlərimizin xarici ölkələrdə tədbirlərdə iştirakından danışmışdır. Azərbaycan elmi-fəlsəfi fikrinin dünya elminə inteqrasiyasının qarşıda duran ən aktual vəzifələrdən biri olduğunu diqqətə çatdıran İ.Məmmədzadə alimlərimizin beynəlxalq elmi miqyasda fəaliyyəti və çağdaş fəlsəfi proseslərin ölkəmizdə işıqlandırılması məsələlərinə böyük önəm verildiyini vurğulamışdır.

UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi  Günay Əfəndiyeva təmsil etdiyi  qurumun baş direktoru İrina Bokovanın  Dünya Fəlsəfə Günü ilə bağlı müraciətini səsləndirmişdir.

İordaniyanın ölkəmizdəki səfiri Adel Mohammad Adaileh Bakının şərq və qərb arasında ortaq nöqtə və fəlsəfə haqqında çıxışlar üçün ən yaxşı mərkəz olduğunu bildirmişdir. Səfir qeyd etmişdir ki, fəlsəfə və ayrı-ayrı şəxslərin beyninin məhsulu olan fəlsəfi fikirlər bütövlükdə bütün bəşəriyyətə məxsusdur.

Mərakeşin ölkəmizdəki səfiri, professor Həsən Hami islam fəlsəfəsinin mahiyyətindən, onun dünya mədəniyyətinə verdiyi töhfələrdən,  islam fəlsəfəsinin tədrisi məsələlərindən bəhs etmişdir. Mərakeşli alimlərin bu sahədə fəaliyyətindən  danışan səfir iki ölkənin akademik institutları arasında əlaqələrin yaradılması vacibliyini vurğulamışdır.

Misir səfirliyinin mədəniyyət işləri üzrə attaşesi Mustafa Abdul Zeyd islam dünyası elmi-fəlsəfi fikrinin təbliği və inkişafına həsr olunan konfransın işini yüksək qiymətləndirmiş, onun nəticələrinin uğurlu olacağına əminliyini bildirmişdir.

Konfransda fəlsəfə elmləri doktoru Zümrüd Quluzadə "İslam bölgəsi fəlsəfə tarixinin tədqiqinin perspektivləri haqqında", fəlsəfə doktoru Lüsi Kampos (Fransa) "Fransada fəlsəfənin və Şərq sivilizasiyası problemlərinin təhlili",  fəlsəfə doktoru Leyla Xəlifə (İordaniya) "Əbu əl-Həsən ibn Yusuf əl-Əmir əl-amad ala əl-Abadın (X əsr) əsərində fəlsəfənin tədrisi haqqında" mövzularında məruzələrlə çıxış etmişlər.

Tədbirdə həmçinin  Azərbaycan, Türkiyə, Misir, İran İslam Respublikası, İordaniya, Mərakeş və Fransadan tanınmış  alim və mütəxəssislərin  "Müasir dövrdə modernləşmə problemləri", "Müsəlman sivilizasiyasında fəlsəfənin inkişafı və tənəzzülünə səbəb olan amillər, "XX əsrdə Türkiyədə fəlsəfə araşdırmaları" və s. mövzularda məruzələri dinlənilmişdir.

 

 

Azərbaycan.- 2011.- 19 noyabr.- S.7.